Qonaq Azərbaycan jurnalistikasının bugünki durumu haqda danışıb. Baimov onlayn media ilə ənənəvi medianı müqayisə edərkən deyib: “Mən həmişə demişəm ki, ənənəvi jurnalistika artıq tarixdir. Jurnalistikanın bu günü və sabahı onlayn mediaya aiddir. Qəzet və klassik jurnalistika ilə artıq sağollaşa bilərsiniz”. Qonaq bundan başqa qəzet jurnalistləri haqda da maraqlı fikirlər söyləyib: “Əgər siz qəzet jurnalistləri ilə xəbər portallarında işləyən jurnalistləri müqayisə etsəz görərsiniz ki, qəzet jurnalisti tənbəldir, saat 3-də işə gəlir, agentliklərin nə yazdığına baxır, kiçik bir yazı yazır və gedir oturur çayxanada. Xəbər saytında işləyən jurnalist isə daha dinamik, daha çevik,daha operativ işləyir. Mən buradan qəzetlərə səslənirəm ki, ya qəzetlərin veb-saytlarını yaradıb, onlayn fəaliyyət göstərsinlər ya da bu sahədən çıxsınlar”.
Elnur Baimov baş redaktoru olduğu news.az informasiya agentliyi haqda da danışıb: “Hazırda news.az Azərbaycan ən çox ziyarət olunan ingilis-dilli xəbər saytıdır. Bir şeyi qeyd edim ki, bizim saytda şou-biznes xəbərləri yoxdur. Çünki ingilisə, almana maraqlı deyil ki, bizim şou-biznesdə nə baş verir. Amma bu yaxınlarda Bakıda muğam festivalı oldu. Biz onu tam işıqlandırdıq, həm xəbər, həm də fotosessiya şəklində. Portalmızda yayımlanan siyasi, iqtisadi və idman xəbərləri əcnəbilər tərəfindən maraqla qarşılanır. Saytımızın 95% auditoriyası əcnəbidir. Biz xəbərlərimizdə Azərbaycanın mövqeyini hər şeydən üstün tuturuq. Bizim üçün ən önəmlisi budur.
Baimov həmçinin ölkə televiziyalarından yalnız ANS-in xəbərlərinə baxdığını deyib. Sonda qonaq "İrəli" Radioya arzularını söyləyib: “Mən bu verilişdən çox müsbət enerji aldım. Heyif ki, verilişiniz 1 saat idi, inşAllah başqa mövzularda da sizinlə söhbətlərim olar. Sizin çalışdığınız sahə gələcəyin sahəsidir. Bir müddətdən sonra hamı internet radio dinləyəcək. Sizin radioya da uğurlar arzulayıram.
Qeyd edək ki, Hacıbəy Heydərli və Nərmin Kazımovanın təqdimatında “İrəlidə” verilişi hər həftənin cümə günü saat 16.00-da İRADİO.AZ-ın canlı efirində yayımlanır.
Hacıbəy Heydərli