Elnurun işıqlı nuru

SOSİAL
20:00 27.10.2021
476

Tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini və bu qurumun Mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğlu 1974-cü ildə Zəngilan rayonunda ziyalı ailəsində anadan olub. Atası Əşrəf müəllim Şükürov uzun illər Zəngilan rayon İcra Hakimiyyətində məsul vəzifələrdə çalışıb. Anası Zöhrə Hüseynova İngilis dili müəlliməsidir. Elnur ailənin ilk övladı idi

Bu kiçik yazıda məqsədim duyduğum bəzi məqamlar üzərindən onun jurnalist obrazını paylaşmaqdır.

Deyirlər, insanın həyatında üç böyük hadisə var: doğulmaq, yaşamaq və ölmək. O necə doğulduğunu hiss etmir. Amma insan kimi yaşamağı hiss edə bilir.

Elnurla bağlı xatirlər məni uşaqlıq illərinə, Zəngilana aparır. Eyni həyətdə böyüyürdük, Şükürovların bir nümayəndəsi kimi.  O, uşaqlıqdan fərqli , bizim hamımızın sevimlisi idi. Səmimiyyət, qayğıkeşlik, mərdlik, prinsipiallıq onun təbiətinin ayrılmaz əlamətlərindəndir.

Elnurun uşaq vaxtı  öz futbol komandası var idi. Oyunları həmişə seçilirdi. Hamını öz ətrafına toplamağı bacarırdı. Tez-tez yıxılardı, qolu sınardı. Amma oyunlarından dönməzdi.

Elnur orta təhsilini Zəngilan  rayonunda alıb. E. Şükürov 1992-ci Zəngilan rayon 1 nömrəli tam orta məktəbi qızıl medalla bitirib. Həmin ili Bakı Dövlət Universitetinin Beynəlxalq Junalistika fakültəsinə qəbul olub.

Hz.Əli buyurub: "İnsanlar ailələrindən çox, cəmiyyətin övladlarıdır”. Elnur da bir ailənin, nəslin, Zəngilanın sevilən, seçilən övladı idi.

Elnur Əşrəfoğlu  idman jurnalistikasında tamaşaçıya  cəsarətli yenilikçi obrazını tanıtdı.  Onun yaradıcılığındakı bütün uğurları futbola olan sevgisindən qaynaqlanırdı.

"525-ci qəzet”, "7 gün " , "Azərbaycan” kimi mötəbər qəzetlərdə fəaliyyət göstərən Elnur Əşrəfoğlu Azərbaycan Televiziyasında 16 il (1993-2009) ərzində müxbirlikdən İdman proqramları redaksiyasının baş redaktoru vəzifəsinə kimi yüksələ bilib. Uzun illər televiziyada fəaliyyət göstərən dəyərli telejurnalist bir çox yeni layihələrin müəllifi kimi tanınıb. Onun müəllifi və aparıcısı olduğu "Sport daycest” əyləncəli idman televiziya proqramı milyonların rəğbətini qazanıb. Elnur Əşrəfoğlu müstəqil Azərbaycanın xarici ölkədən ilk futbol reportajını aparan şərhçi kimi televiziya tarixinə düşüb (İsrail-Azərbaycan.1995-ci il).

Elnurun yaradıcılığını araşdırdıqda müəyyən etmək olur ki, müstəqillik illərində idman jurnalistikası  bir neçə istiqamətdə reallaşır. Elnur Əşrəfoğlunun yenillikçiyi nədə idi?. O, idman jurnalistikasına müstəqillik abu- havasını gətirmişdi. İllərlə futbol oyunlarını tamaşaçılar onun səsilə dinləmişdi.

Elnur həm də gözəl diksiyaya malik idi. O öz fikirlərini aramla, yüksək və mərhəmətli səs tonu, aydın tələffüzü ilə, təmkinlə ifadə edir, auditoriyanı ələ ala bilidir. Nə qədər idman jurnalistikası yaşayır, Elnur Əşrəfoğlu da yaşayacaq. Elnur hər kəsin gözündə gənc, şərhçilik peşəsinə emosionallıq gətirən aparıcı  kimi xatırlanacaq

Elnur Şükürov elə ziyalılardandır ki, onun əməksevərliyi nəsillərə örnəkdir.

O, 1996-cı ildən başlayaraq bütün Yay Olimpiya oyunlarında idman jurnalisti kimi vəzifəsinin öhdəsindən layiqincə gəlib. Bununla yanaşı, jurnalist Qış Olimpiadasını canlı izləməyə də imkan tapıb. Azərbaycan Televiziyasının qızıl fonduna daxil olan "Zirvəyə doğru: Sidney-2000”, "Afina-2004”, "Pekin zəfərləri”, "Milli Olimpiya Komitəsi-10 il”, "Professor”, "9 nömrəli oyunçu”, "Böyük hokkey”, ”Sehrbaz” və daha bir neçə sənədli filmlərin ərsəyə gəlməsində əməyi olub. Bir çox beynəlxalq idman yarışlarından reportaj hazırlayan və 1994-cü ildən başlayaraq bütün futbol üzrə dünya və Avropa çempionatlarının final mərhələsində Azərbaycandan yeganə akkreditə olunan jurnalist Elnur Əşrəfoğlu daim dünyanın tanınmış idman adamları - Məhəmməd Əli, Pele, Maradona, Kobi Braynt, Messi, Del Pyero, Samaranç, Jak Roqq, Zepp Blatter, Mişel Platini, Keti Friman, Mariya Şarapova, Frans Bekkenbauer, Covanni Trappatoni, Dunqa, Ronaldinyo, Maykl Felps, Ueyn Qretski, Rafael Nadal, Roje Federer, Useyn Bolt və digərləri ilə ünsiyyətə nail olub.

Elnur Əşrəfoğlu "Neftçi” futbol klubunun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəisi kimi iki dəfə ardıcıl olaraq Azərbaycan çempionluğu sevincini yaşayaraq, Premyer Liqanın qızıl medallarına sahib olub.

Tanınmış jurnalist  yeddi dəfə Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak edib: Atlanta, Sidney, Afina, Pekin, London, Rio və Tokio. Sonuncu beynəlxalq görüşü 2021-ci ilin iyul ayında Tokio Olimpiya Oyunları oldu.

 O, ömrünün sonunadək idman jurnalistikasının zirvəsində idi.

Bunları xatırladıqca Elnurun ciddi və nurani siması gözlərimin önündə canlanır.

Bütün bunlar 47 illik ömrün hesabatı idi. Sanki Elnur harasa tələsirdi... On iki il öncə ağır xəstəlik səbəbindən bir böyrəyini itirən Elnur o vaxt ümidləri üzmədi, sağaldı, möhkəm iradəyə sahib olduğunu göstərdi.  Amma bu ilin sentyabr ayında koronavirusa yoluxan Elnurun gücü, xəstəliklə mübarizəsi 50 gün davam edə bildi.

Elnur Əşrəfoğlu doğma elə-obaya, əslinə kökünə qırılmaz tellərə bağlı insan idi. Boya başa çatdığı Zəngilan adını elə gözəl xatırlayıdı ki, sanki oranı 28 ildir tərk etməmişdi.

2020-ci il oktyabrın 20-də Zəngilan azad olunduqda Elnur televiziya efirlərində Vətənin azadlığı uğrunda canlarından keçən şəhidləri xatırlayır, onların ailələrinə başsağlığı verir, səbir diləyirdi.

Həmin günü efirlərdə Elnur dostlarını Zəngilana qonaq kimi dəvət etmək üçün bir söz də vermişdi. Amma tale, zaman Elnura imkan vermədi. Bu il 20 oktyabrda koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist  Elnur Əşrəfoğlu Saray qəsəbəsindəki qəbiristanlıqda torpağa tapışırldı. Zəngilanın azad olunduğu günün bir ilin tamamında  Elnur torpağa  qovuşdu. O gün matəm yaşları yolumuzu kəsdi. Arzular ağlayan misralara çevrildi. Elnurun nuru, işığı onu sevənləri tərk etdi.

         Şərq müdriklərindən biri demişdir: "Böyük şəxsiyyətlər dünyaya gəlir, lakin dünyadan getmir”. Elnur şərəfli ömür yaşadı. Adını xalqın tarixinə yazdı.

İnsan ölər, insanlıq qalar bu dünyada.Sən əşrəf insandın, Elnur Əşrəfoğlu. Hamıya nümunə idin, qəlblərə işıq saçan, Elnur.

         Elnur Əşrəfoğlu  mənən bizimlədir. Haqqın, ədalətin, insanlığın, xeyirxahlığın yanındadır. O yenidən doğulmaq üçün gəldi bu dünyaya. Onun şəxsiyyətinin bənzərsiz atributu bizə yadigar qaldı.

 Allah rəhmət eləsin.

 

 Təranə Çərkəz qızı Şükürlü

Filologiya üzrə fəlsəfə doktoru , dosent

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Mətbuat xidmətinin rəhbəri

OXŞAR XƏBƏRLƏR