Elşad Abdullayev haqda şok faktlar

Elşad Abdullayev haqda şok faktlar
Bütün Xəbərlər
12:54 25.09.2012
2965
12 il əvvəl rektorla kabinetində görüşən jurnalistin ilginc açıqlamaları…
Hazırda özünü Avropaya siyasi mühacir, təqib olunan şəxs kimi sıramaq istəyən Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev yenə öz ampluasındadır. Yəqin ki, bu yazıdan sonra sabiq rektorun bizə də reaksiyası ənənəvi olacaq və bu məqalənin kimlərinsə sifarişi ilə yazıldığına işarə edəcək. Mən Elşad Abdullayevi şəxsən tanıyıram.
Heç olmasa, onunla bir stəkan da olsa çay içmişəm. Ancaq onun ittiham etdiyi insanlarla ümumiyyətlə münasibətim belə yoxdur. Bu baxımdan da kiməsə vəkillik etmək fikrindən tamam uzağam. Sadəcə, son bir neçə ayda Elşad Abdullayevin açıqlamalarını yaxından izləyən jurnalist kimi onun səsləndirdiyi bəzi fikirlər diqqətimi cəlb etdiyindən, reaksiya vermək qərarına gəldim.
Lisenziyası ləğv edilən Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransanın Strasburq şəhərində yaşayan Elşad Abdullayev Azərbaycan KİV-lərinə göndərdiyi bəyanatında qardaşı Mahir Abdullayevin itkin düşməsindən danışır. Elşad Abdullayev kimlərəsə rüşvət verdiyini və bunu videoya çəkdiyini bildirir.
Əslində, gizli çəkiliş aparmaq Elşad Abdullayevin köhnə hobbisi olub və bu “fəaliyyətə” onu həvəsləndirən amilin nədən ibarət olması mənə çoxdan məlumdur. Elşad Abdullayevin, savaddan başqa, bir sıra qəbul ediləsi üstün keyfiyyətləri olub. İstənilən vasitə ilə pul qazanmağı o özü üçün həyat kredosu seçib və insafən desək, elmdə olmasa da, pul qazanmaqla bağlı həyatda ciddi nailiyyətlərə imza atıb. Onun elmi işinin plagiat olmasını yazan ilk jurnalistlərdən biri də mən olmuşam. Bunun tarixçəsi 12 il bundan əvvələ, Elşad Abdullayevin qılıncının dalının və qabağının yaxşı kəsdiyi vaxtına təsadüf edir. Həmin vaxt bu informasiyanın yayılmasından ciddi narahat olan Elşad Abdullayev mənə müxtəlif üsullarla təzyiq etdirdi və səylərinin nəticəsizliyini görüb yerində oturdu. Üstündən bir müddət keçəndən sonra rektor şəxsən mənə zəng edib dedi: “Sən mənim savadsız olduğumu yazırsan. Gəl, mənimlə bir üzbəüz söhbət et, gör, mən həqiqətənmi savadsızam?” Onun dəvətini qəbul etdim və Elşad Abdullayevin universitetdə olan təmtəraqlı kabinetində görüşdük. O, barəsində yazılanların həqiqət olmadığını, özünün Azərbaycanda sayılıb-seçilən hüquqşünaslardan biri olduğunu bildirdi və bunu sübut etmək üçün mənə çəkilən bir neçə video görüntü göstərdi. Həmin çəkilişlərin dala-qabağa fırladılmasından mənə bəlli oldu ki, Elşad Abdullayev hətta yaxın dostları, rəfiqələri, doğma qohumları ilə aralarında olan söhbətləri lentə alırmış. Mənə yalnız bir neçə jurnalistlə kabinetində olan söhbətin görüntüsünü nümayiş etdirdi. Həmin vaxt gördüm ki, əksəriyyəti reket qəzetlərin jurnalistləri olan şəxslərlə söhbət əsnasında sabiq rektor onlara açıq rüşvət verir. Sən demə, jurnalistlər tərəfindən rüşvətin (Mən buna dilənçi payı deyərdim-M.Q) necə götürülməsinə işarə edən Elşad müəllim bununla mənə peşəkar hüquqşünas olmasını sübut etmək istəyirmiş. Çünki “fövqəladə” qabiliyyətini mənə nümayiş etdirəndən sonra Elşad müəllim dedi: “Daha mənim savadlı hüquqşünas olmağıma şübhə ilə yanaşmazsınız, gördünüz, necə faktlar göstərdim?” Sən demə, Elşad müəllim apardığı çəkilişləri peşəkar hüquqşünasın çətin əldə edə biləcəyi mötəbər sübut kimi qiymətləndirirmiş. Həmin vaxt Elşad müəllimə dedim: “Sizin bu əməllərinizdə cinayət tərkibi var. Əvvəla, rüşvət verməyin özü də cinayətdir və nümayiş etdirdiyiniz görüntülərdə bu açıq-aydın görünür”. Mən Elşad müəllimə öz kabinetində özünün nümayiş etdirdiyi görüntülərlə sübut etdim ki, onun hüquq elmindən xəbəri yoxdur.
Elşad Abdullayev bu gün yenə sübut növü olan video görüntülərdən danışır. Birincisi, ondan soruşmaq lazımdır ki, bu çəkilişləri aparan bir hüquqşünas kimi belə ciddi faktlarla bağlı niyə indiyə qədər hüquq-mühafizə orqanlarına məlumat verməyib? Bu, Elşad müəllimin bir məsuliyyəti. İkincisi, Elşad müəllim müxtəlif işlər üçün tərəfindən verilən 3 milyon, 2 milyon məbləğində rüşvətdən danışır. Lap fərz edək ki, dedikləri həqiqətdir. Bir ziyalı kimi bu qədər pul onda hardandır?
Elşad Abdullayevi yaxından tanıyan adamların hamısı onun mahir fırıldaqçı olduğunu təsdiq edir. Buna heç bir şübhəm yoxdur. Onun yaratdığı və şah əsəri sayıla biləcək ABU adlı maliyyə piramidası vasitəsilə qazandığı uğurlar buna əyani sübutdur. Elşad Abdullayevin Azərbaycana vurduğu ziyan ölçüyəgəlməzdir. Söhbət onun Azərbaycan vətəndaşlarına vurduğu yalnız maddi ziyandan getmir. Bu fırıldaqçı öz şəxsi mənafeyinə görə Azərbaycanın genofonduna mənfi təsir edən əməlin yiyəsidir. O, 15 ilə yaxın bir müddətdə, həmin dövrün reallıqlarından yararlanaraq istənilən adamı, hətta savadı olmayanı belə, pul müqabilində öz universitetinə qəbul etdirirdi. Universitetdə ümumiyyətlə təhsil almayan adamlara 4 min manata hazır diplom təklif olunurdu. Hələ tədris zamanı ABU-da qurulan rüşvət mexanizmindən danışmırıq.
Sonra bütün qəbulların TQDK tərəfindən aparıldığını görən E.Abdullayev buna da əncam çəkdi. Universitetin Dağıstan filialına qəbul adı ilə valideynlərdən pul alırdı. Guya gənc həmin filiala qəbul edilirdi, sonra asanlıqla ABU-ya köçürülürdü. Bu işlərə birbaşa Elşad Abdullayevin özü rəhbərlik edirdi. Bu gün, demək olar ki, hər ailədə Elşad Abdullayevin əməllərindən zərər çəkən var.
Onun son bəyanatına cavab verən millət vəkili Çingiz Qənizadə bildirdi ki, sabiq rektorun əməlindən onun qardaşı oğlu da zərər çəkib: “Mənim qardaşım oğlu Elvin Qənizadə TQDK xətti ilə imtahan verərək qanuni yolla ABU-nun hüquq fakültəsinə daxil olmuşdu. Dövlət imtahanında TQDK xətti ilə qəbul olunduğu üçün ondan hörmət əlaməti olaraq 1500 manat deyil, 1000 manat tələb edirdiniz. Dəfələrlə sizi aradım, məndən, telefondan qaçdınız. Nəhayət Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərova müraciət etdim. Yalnız bundan sonra pul almaqdan qorxdunuz”.
Bir faktı da mən deyim ki, xalam oğlu Məmmədov Mübariz Cavanşir oğlu sizin universiteti bitirsə də, bu gün də diplom ala bilmir. Kasıb müəllim ailəsi kimi onlar illik təhsil haqqını vaxtlı-vaxtında ödəyib, ancaq Təhsil Nazirliyindən bildirirlər ki, həmin qəbullar saxta yolla aparılıb. Bu da sizin əməlinizin məhsuludur.
Öz korporativ maraqlarına görə sensasiya yaratmaq istəyən bu “rektoru” yerinə oturtmaq lazımdır. Demək olar ki, Azərbaycanda olan hər bir nəslə ziyanı dəyən bu adamın yeri Strasburq yox, məhkəmə zalı olmalıdır.
Məcburçuluqdan bəzi yerlərdə bu adamın adını rektor kimi qeyd etdim. Gərək Yusif Məmmədəliyev, Şəfaət Mehdiyev kimi rektor olmuş ziyalıların ruhu bizi bağışlasın ki, bəzən həyatın acı reallıqları bizi buna vadar edir.
Elşad Abdullayevin fəaliyyətini yaxından izləyən bir adam kimi deyə bilərəm ki, onun bu cür açıqlamaları verməkdə bir niyyəti var, yerini Avropada bərkitmək və ucuz sensasiya ilə Azərbaycanda gündəmdə qalmaq.
Görəsən, özünü zərərçəkən kimi qələmə verən Elşad Abdullayev zərər vurduğu Azərbaycan ailələrini heç düşünürmü? Hazırda onun harada olduğundan xəbərsiz olan minlərlə savadsız valideyn var. Elşad müəllim, sizin utanmazlığınız məni məcbur edir ki, həmin valideynlərə sizin ünvanınızı göstərim. Yəqin ki, onlar tərəfindən Fransa hökumətinə ediləcək kütləvi müraciətə diqqətlə yanaşılar. Ən azından, Avropanın inkişaf etmiş ölkəsinin növbəti maliyyə piramidasına düçar olmaması baxımından. Çünki sizin kimi pul qazanmağa alışan bir adam orda da dinc duran deyil.
Məhəmmədəli QƏRİBLİ
OXŞAR XƏBƏRLƏR