Tanınmış vəkil Qurban Məmmədov qapadılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin 2003-cü il oktyabrın 13-də itkin düşən qardaşı Mahir Abdullayevin taleyinə aydınlıq gətirmək üçün oğru aləminin nüfuzlu simaları ilə görüş keçirib.
Bu haqda redaksiyamıza daxil olan məlumatı təsdiqləyən Q.Məmmədov bunları deyib: “Mahir Abdullayev itəndən bir il sonra Elşad Abdullayevin yaxınlarından biri cinayətkar aləmdə dostlarımın, yaxınlarımın olduğunu öyrənib yanıma gəlmişdi.
Həmin şəxsin adını çəkməyəcəyəm, o xahiş etdi ki, cinayətkar aləmdən Mahir haqda soruşum. Bu xahişdən sonra mən Moskvada ”Sabirabadlı Hikmət"lə görüşdüm. Bu görüş 2004-cü ilin dekabrında oldu. “Sabirabadlı Hikmət” dedi ki, “vor”ların Mahir Abdullayevin işinə aidiyyətləri yoxdur".
Qeyd edək ki, Mahir Abdullayev 2003-cü il, oktyabrın 13-də yoxa çıxıb. E.Abdullayev qardaşı itən gün onun mobil telefonuna əsasən hərəkət trayektoriyasını aydınlaşdırıb. E.Abdullayev bildirir ki, həmin gün qardaşının istifadə etdiyi mobil nömrəyə 7 zəng daxil olub. Bu zənglər müğənni Mətanət İsgəndərlinin, Teymur adlı sürücüsünün, oğlu Kərimin, mühafizəçiləri İlqar, Eldar, Sənan adlı şəxslərin telefonundan edilib. E.Abdullayev qardaşının M.İsgəndərlinin evinə çağırıldığını və oradan ilk olaraq Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə, sonradan isə MTN-ə aparıldığını söyləyir. Fakt odur ki, M.Abdullayevin yoxa çıxmasından ötən 10 ilə yaxın müddətdə onun harada olması müəyyən edilməyib. /Yeni Müsavat/