“Prezident mükafatının təsis edilməsini planlaşdırırıq”.
“Adını qeyd etdiyimiz oyunlar hazırda gənclər arasında ənənə halını alıb”.
““Buna görə Mahir nişançılar”ı hər il maliyyələşdiririk”.
“Burada həm Mübarizi tanıtmaq, həm vətənpərvərliyi aşılamaq, həm də teatrı, incəsənəti təbliğ etmək qarşıda duran məqsədlər idi””.
Gənclər və İdman nazirliyinin və Mədəniyyət və Turizm nazirliyinin birgə layihəsi olan Gənclərin I Ümumrespublika Teatr Festivalı final mərhələsinə çatıb. AZXEBER.COM-un məlumatına görə, noyabrın 25 – də Gənclərin I Ümumrespublika Teatr Festivalı çərçivəsində Gənclər və İdman nazirliyinin Şüvələndakı düşərgəsində 100-dən artıq gəncin iştirakı ilə Azərbaycanda ilk dəfə Art Kapm keçiriləcək.
Məlumat üçün qeyd edək ki, festivalda iştirak edən 12 tamaşa 28,29,30 noyabr tarixlərində Gənc Tamaşaçılar teatrında nümaiş olunacaq. Festival dekabrın 1-i başa çatacaq.
AZXEBER.COM portalı festivalın ərsəyə gəlməsində yaxından iştirak edən və Art Kamapa ev sahibliyi edən Gənclər və İdman nazirliyinin sektor müdiri Elşən Hüseynovun müsahibəsini olduğu kimi təqdim edir...
“Prezident mükafatının təsis edilməsini planlaşdırırıq”.
- Gənclər və İdman Nazirliyinin ən son gənclərlə bağlı gördüyü layihələr hansılardır?
- Gənclər və İdman Nazirliyi yarandığı dövrdən bu günə kimi gənclərin bütün təbəqələrini əhatə etməyə bacarıb. Nazirlik 1994-cü ildən bu yana bir sıra uğurlu layihələrə imza atıb. Bunlar içərisində ən vaciblərindən biri “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanunda gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin sağlamlığının qorunması və fiziki inkişafı, gənclərin məşğulluğunun təmin edilməsi, gənc ailələrə dövlət yadımı, gənclər təşkilatlarına dövlət yardımı kimi məsələlər ön plana çəkilib. Bundan əvvəl isə cənab prezident İlham Əliyev tərəfindən “Azərbaycan Gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər) imzalanmışdı. Bu proqram çərçivəsində gənclərin bir çox problemlərini həll etməyə nail olduq. Ümumilikdə, proqram çərçivəsində 600-dən çox tədbir keçirilmişdir. Proqram özlüyündə gənc nəslin Vətənə məhəbbəti, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunmasına, onların hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, hərbi xidmətə hazırlanmasına, sosial müdafiəyə ehtiyacı olan gənclərin, o cümlədən gənc ailələrin problemlərinin həllinə köməklik göstərilməsinə şərait yaratdı. Ən sonuncu isə cənab prezident İlham Əliyevin gənclərlə bağlı imzaladığı “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”dır. Bu proqram çərçivəsində də biz bir sıra işlərin həll olunmasını nəzərdə tutmuşuq. Bizim üçün hazıda gənclər siyasətində ən əsas prioritetlərdən biri məhz gənclərin sosial təminatının yaxşılaşdırılması və onların gənclər siyasətində fəal iştirakına şərait yaratmaqdır. Buna görə biz Milli Məclisdə “Dövlət gənclər siyasəti”nə bir sıra müddəaların əlavə edilməsi üçün müraciətlər etmişik. Gələcək üçün isə biz gənclər üçün prezident mükafatının təsis edilməsini planlaşdırırıq. Bununla yanaşı, gənclər mərkəzinin yaradılması ən əsas məqsədlərimizdən biridir. Ən əsas məsələ gənclər mərkəzinin həm paytaxtda, həm də bölgələrdə tikilməsidir. Burada isə məqsəd gənclərin asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaqdır.
- -Gənclər evinin yaradılması nə zamana planlaşdırılır və bu gənclər evi hansı bölgələrdə olacaq?
- Biz bu layihəni 2011-2015-ci illər arasında gerçəkləşdirməyi planlaşdırmışıq və həmin gənclər evi konkret olaraq Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan, Qazax, Quba və Şamaxı şəhərlərində olacaq. Adını çəkdiyim şəhərlər həm respublikamızın ən əsas şəhərləridir, həm də burada gənclər təşkilatlarının fəaliyyəti getdikcə artmağa başlayıb.
- Gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün xüsusi ilə də gənc ailələrin ipoteka kreditləri əldə etməsi üçün hansı dəyişikliklərin edilməsi gözlənilir?
- Bu işlə bağlı müvafiq dövlət strukturları ilə işlər aparılır. Təbii ki, bu işlərin ən əsas məqsədi gənc ailələrin sadələşdirilmiş və onlara sərf edən şərtlərlə problemi həll etməkdir. Bu məsələ hər zaman nazirliyin diqqətində olub.
“Adını qeyd etdiyimiz oyunlar hazırda gənclər arasında ənənə halını alıb”.
- Nazirlik bu günə kimi gənclərə vətənpərvərlik ruhunun aşılanması istiqamətində hansı işləri görüb?
- 1996-cı ildə biz nazirliyin xətti ilə “Şahin” idman oyunlarının keçirilməsinə başladıq. Aradan 1-2- il keçdikdən sonra “Cəsurlar” hərbi oyununun keçirilməsinə nail olduq. Çox maraqlıdır ki, adını qeyd etdiyimiz oyunlar hazırda gənclər arasında ənənə halını alıb. Biz “Şahin” İdman oyunlarını Cəmşid Naxçıvanski adına hərbi litseydə keçiririk. Bu oyunların keçirilməsi zamanı biz maraqlı hadisələrlə qarşılaşırıq. Belə ki, litseyin uşaqlarından bir neçəsi oyunlarda iştirak edən uşaqlara yaxınlaşaraq, özlərinin də bir vaxtlar “Şahin” idman oyunlarına qoşulduqlarını və daha sonra hərbçi olmağa qərar verdiklərini söyləyirdilər.
- Yəni bu oyunların keçirilməsi gənclərin hərbiyə olan marağını artırır?
- Təbii ki, ilkin məqsədimiz məhz gənclərin hərbi xidmətə olan marağını artırmaqdır. Deyirlər ki, ən yaxşı müdafiə hücumdur. Bu müdafiə üçün də biz ilk növbədə gənclərimizi vətənpərvərlik ruhunda yetişdirməliyik.
““Mahir nişançılar”ı hər il maliyələşdiririk”.
- Ümumilikd,ə gənclər arasında tarixi faciələrimizlə bağlı hansı tədbirlər keçirilir?
- Biz hər il Xocalı faciəsinin ildönümü ərəfəsində “Mahir nişançılar” hərbi idman oyunları keçiririk. Biz rəhbərliyə bu layihəni təklif etdik və layihə çox keçmədən təsdiqini tapdı. Ali məktəb tələbələri və könüllülər arasında keçirilən “Mahir nişançı”lar hər il ənənəvi şəkildə keçirilir və bu yarışma gənclər arasında çox böyük rəğbətlə qarşılanır. Buna görə də, biz bu layihələrin davamlı olmasına çalışırıq və buna görə “Mahir nişançılar”ı hər il maliyyələşdiririk. Bununla yanaşı, tarixi günlərimizin unudulmaması üçün biz gənclər arasında intellektual yarışmalar keçiririk. “Mən Azərbaycanlıyam” layihəsi bu cür intellektual yarışmalardan biridir. Bununla yanaşı, biz yaxın gələcəkdə “Virtual Qarabağ” layihəsini hazırlamağı planlaşdırırıq.
- “Virtual Qarabağ” layihəsinin məqsədi nə olacaq?
- Bu layihə ilk növbədə informasiya kommunikasiya texnologiyalarının istifadəsinə imkan yaradacaq. Bu layihədə Qarabağla bağlı həqiqətlər virtual həyatda daha çox yayımlanacaq və bu da dolayısı yolla informasiya müharibəsində Azərbaycanın mövqeyini gücləndirməyə xidmət edəcək.
- Milli Qəhrəmanların gənclərə tanıdılması ilə bağlı hansısa işlər görülürmü?
- Biz bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşırıq. ATGTİ - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə bizim “Milli qəhrəmanlarımızı tanıyaq və tanıdaq” layihəmiz var. Bu layihədə ən əsas məsələ milli qəhrəmanların tanıdılması və onlar haqqında gənclərə geniş məlumatların verilməsidir.
“Burada həm Mübarizi tanıtmaq, həm vətənpərvərliyi aşılamaq, həm də teatrı, incəsənəti təbliğ etmək qarşıda duran məqsdələr idi”.
- I Ümumrespublika teatr festivalının keçirilməsi ideyası sizcə gənclər arasında necə qarşılandı?
- Təbii ki, nazirliyimizin gördüyü işlər arasında məhz Mübariz İbrahimovun xatirəsinə həsr olunan festival gənclər arasında yüksək maraqla qarşılandı. Bu layihədə bir sıra məqsəd var idi. Burada həm Mübarizi tanıtmaq, həm vətənpərvərliyi aşılamaq, həm də teatrı, incəsənəti təbliğ etmək qarşıda duran məqsdələr idi. Və bu layihə gənclər arasında istənilən effekti göstərdi.
- Festival çərçivəsində Gənclər və İdman nazirliyinin Şüvəlandakı düşərgəsində Art Kamp keçiriləcək. Azərbaycan teatr tarixində ilk dəfə keçirilməsi planlaşdırılan Art Kamp haqqında nə düşünürsünüz?
- Bizim nazirliyin yaradıcı düşərgələrlə bağlı təcrübəsi kifayət qədər var. Ancaq bizdə mədəniyyət sahəsində, xüsusilə də, teatr sahəsində ilk dəfə bu cür düşərgə keçiriləcək. Təbii ki, fikirlərim müsbətdir və ümidvaram ki, bu düşərgədə iştirak edən gənclərin yaddaşında buradan ayrıldıqdan sonra çox maraqlı anlar qalacaq.
Əfsələddin AĞALAROV