Elşən Musayev: 'Belələri dərhal 'siyasi məhbus' elan edilir və onların müdafiəsi təşkil olunur'

Elşən Musayev:
Bütün Xəbərlər
23:12 24.01.2012
1443
“Bu hesabatda Azərbaycanla bağlı iddialar qərəzli, müxtəlif yerli təşkilatların yalan informasiyalarına əsaslanan subyektiv mülahizələrdir”. AZXEBER.COM-un məlumatına görə, bu sözləri “Human Rights Watch” təşkilatının hesabatına münasibət bildirərkən Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri Elşən Musayev deyib. O bildirib ki, təəssüf ki, “Human Rights Watch”, “Freedom House” kimi təşkilatların iddiaları araşdırılmır, belə sərt tənqidlərin arxasında duran səbəblər ictimailəşdirilmir: “Əgər hər hansı xarici təşkilat hesabat hazırlayarkən öz mütəxəssisləri vasitəsilə araşdırma aparmırsa, Azərbaycanın radikal müxalifət mətbuatına və bir neçə müxalifyönlü QHT-nin donoslarına əsaslanırsa, burda əlavə mülahizəyə ehtiyac yoxdur. Diqqət edin, son hesabatda Azərbaycanda “ABŞ Milli Demokratiya İnstitutunun fəaliyyətinin dayandırıldığı” iddia olunur. Halbuki, MDİ fəaliyyətini tam gücü ilə davam etdirir. Bundan başqa, 2 aprel mitinqi ilə əlaqədar həbs edilən insanların siyasi mənsubiyyətinin önə çəkilməsi fonunda, onların hansı şəraitdə həbs olunması və hansı ittihamlara əsasən məhkum edilməsi məsələsinə toxunulmaması suallar doğurmaya bilməz. Hesabatda Cabbar Savalanlının həbs olunduğu bildirilir, lakin onun əfv olunduğu barədə bir kəlmə belə deyilmir. Bəxtiyar Haciyev fərrarilik edib, orduda xidmətdən boyun qaçırıb və buna görə də məhkum edilib. Bunun siyasi fəaliyyətə nə aidiyyəti var? Məgər parlament seçkilərində namizədliyini irəli sürmək və hakimiyyəti tənqid etmək orduda xidmətdən yayınmağa əsas yaradır? Ümumiyyətlə, son zamanlar cinayət törədib sonrada özünü bloqqer, jurnalist, siyasətçi kimi qələmə verməklə məsuliyyətdən yaxa qurtarmaq dəbə düşüb və çox təəssüf ki, bəzi xarici təşkilatlar da artıq bu oyunun iştirakçısına çevriliblər. Belələri dərhal “siyasi məhbus” elan edilir və onların müdafiəsi təşkil olunur”. E.Musayevin fikrincə, “Human Rights Watch”, “Freedom House” bu qədər ədalət tərəfdarıdırlarsa, Avropanın mərkəzində, ABŞ-da insan haqlarının kobud və kütləvi şəkildə pozulmasına niyə göz yumurlar? “Uoll-striti işğal et” şüarı ilə Nyu-Yorkda, Vaşinqtonda və ABŞ-ın digər şəhərlərində keçirilən aksiyaların iştirakçıları ilə polisin amansız davranışı, aksiya fəallarının həbsi niyə hesabatda tənqid olunmur? Böyük Britaniyada etirazlar zamanı minlərlə insanın iğtişaşçı kimi həbs edilməsi, bloqqerlərin məhkum olunması, internetin qapadılmasıdamı demokratiyanın təzahürləridir? Bu qədər ədalətlidirlərsə, bir dəfə də Azərbaycanınla bağlı icra olunmayan BMT qətnamələrinin yerinə yetirilməsini beynəlxalq aləmdən tələb etsinlər, Xocalı faciəsi məsələsini qaldırsınlar". 
OXŞAR XƏBƏRLƏR