Elşən Musayev: 'Onların da Azərbaycanın mövcud hakimiyyətinə qarşı mövqeyi hər kəsə bəllidir' - MÜSAHİBƏ
Bütün Xəbərlər
11:52 13.12.2012
1109
AZXEBER.COM Gün.Az-ın politoloq Elşən Musayevlə müsahibəsini təqdim edir: - Elşən müəllim, ilk sualım daxili siyasətdəki ümumi mənzərə ilə bağlıdır: Sizcə öncəki illərdən fərqli olaraq dəyişən bir şey varmı və ya seçki ilinin bir addımlığında ikən proseslərdə xüsusi bir aktivlik müşahidə olunurmu? - Əvvəla qeyd edim ki, Azərbaycan siyasətinin hər iki qütbü, yəni müxalifət və iqtidar adlanan məlum siyasiləşmiş təbəqə bütün fəaliyyətləri boyu, eyni zamanda bütün parametrlərinə görə bir-birindən hər zaman kəskin şəkildə fərqlənib. Həm o vurğuladığınız aktivlik, həm maraq dairəsi, həm də üslub baxımından. Odur ki, “dəyişən bir şey varmı?”, ya da “aktivlik hiss olunurmu?” sualına cavab vermək üçün mütləqdir ki, fərqli nöqteyi-nəzərləri, rakursları təhlil edəsən. Diqqət edin, Azərbaycan müxalifəti üçün aktivlik meyarı nədir? - Mitinq, aksiya, yürüş... Başqa? - Başqa heç nə. Vəssalam. Bununla da iş bitir. Ara-sıra beynəlxalq təşkilatlara, dövlət başçılarına ünvanlanan gileylər, məktublar, ya da ildə bir-iki dəfə xarici səfər adı ilə reallaşan ekskursiyalar, turistik gəzintilər isə bunların siyasi dərgahında, kuluarlarında “xarici siyasət” adlanır. Bütün bu sadalananlar mükəmməl bir siyasi fəaliyyəti özündə əsla əxz edə bilməz. Çünki, siyasi fəaliyyətin ciddi bir koordinasiyası, istiqaməti olmalıdır. Siyasi fəaliyyət məntiqli bir platformaya söykənməlidir. Sadə bir misal deyim. Elə bu yaxınlarda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə bağlı müxalif düşərgədən olan opponentlərimizlə müxtəlif media qurumlarında ciddi polemikalarımız oldu. Və polemikanın gedişində mən belə anladım ki, qarşı tərəf nəinki müzakirə olunan sənədin mahiyyəti, heç ümumiyyətlə bircə səhifəsi ilə də tanış deyil. Amma xəbərləri olmayan mövzunu elə “ustalıqla” təftiş edirdilər ki... Ən böyük iradları da bilirsinizmi nə idi? Hamısı bir ağızdan deyirdi ki, bu konsepsiya deyil, platformadır. Tam səmimi deyirəm: Bu cür məntiq yiyələrini görəndən sonra bilmirəm siyasi mübarizəmi aparım, yoxsa onların halınamı acıyım. Adama qayıdıb deyərlər ki, ölkə naminə nəzərdə tutulan və reallaşan bütün konsepsiyalar elə özü-özlüyündə platforma deyilmi? Platformanın məgər buynuzu-filanımı olur? Sadəcə seçkidən-seçkiyəmi ortalıqda dövr edir? Ümumiyyətlə bu nə məntiqdir? Ya da guya öz aləmlərində nəsə kəşf etmiş kimi növbəti suala keçirlər: “2020 haqqında indidən danışmaq tez deyilmi?Bununla nə demək istəyirsiniz? Hakimiyyətin o qədər uzun ömürlü olacağı ismarışınımı verirsiniz?” Beləsinə nə deyəsən? 2020-ci il haqqında 2022-ci ildəmi düşünmək lazımdır? 2020-ci il üçün istiqamətləri müəyyən etmək, ciddi bir planlama siyasəti yürütmək məgər hakimiyyətdə qalmaq hədəflərinimi göstərir? Xeyr, bu ismarış “hakimiyyətdə qalacayıq” anlamını deyil, “hakimiyyətdə qalacağımız təqdirdə bu işləri həyata keçirməyi planlayırıq” anlamını özündə ehtiva edir. Bir insan öz övladının gələcək taleyi haqqında, o doğulduğu gündən necə düşünüb, planlar qurursa dövlət siyasəti və o siyasətin qurucuları da öz ölkəsi ilə bağlı istiqamətləri, perspektivləri, inkişaf dinamikasını öncədən müəyyənləşdirirlər. Ən azından bu prosesi qeyri-müəyyənlik zolağından çıxarmağa çalışırlar ki, növbəti addımlarda rabitə olsun. İnanın ki bu misalları ard-arda digər məsələlərlə də bağlı çəkə bilərəm. Fəqət məntiq dəyişməyəcək. Sözümünsə əsas qayəsi budur ki, biz və mənim də təmsil olunduğum iqtidar cəbhəsi rəqiblərimizdən fərqli olaraq öz aktivliyimizi bir tək seçki ərəfəsi və ya sonrası deyil, bütün dövrlərdə qoruyub saxlayırıq. Radikal siyasi müxalifətinsə proseslərə baxış bucağının dəyişməsinin zamanıdır. Və, dəyişmək deyərkən, mütləq hər kəsin bizim kimi düşünmək məcburiyyəti daşıdığını deyil, ümumən Azərbaycanın maraqlarına, mənafeyinə uyğun olan düşüncə tərzinin formalaşması zərurətini nəzərdə tuturam. Mitinqlə-filanla, populist çıxışlarla uğur qazanmaq, irəli getmək, müxalifətçilik etmək olmaz.- Mitinqdən söz düşmüşkən, “İctimai Palata” adlanan qurumun təşkil etdiyi sonuncu icazəsiz aksiya ilə bağlı nə deyə bilərsiniz? - Məncə, hansısa özfəaliyyət dərnəyinin bir-iki üzvünün solo-çıxışını aksiya kimi qələmə vermək, onu aksiya adlandırmaq öncəliklə “aksiya” sözünün özünə hörmətsizlikdir. Meydandakı 3-5 nəfər zavallı isə sözün gerçək anlamında siyasi kamikadzelərdir. O insanlar ki, kimin uğruna, nəyin uğruna vuruşduqlarını – təbii əgər buna vuruşmaq demək olarsa – anlamırlar. Ya da anlayacaq gücdə deyillər. Əslində özünü birləşmiş müxalifət adlandıran bu qurum hələ mitinq estafetinə başlayarkən biz öz proqnozumuzu vermişdik. Bu insanların siyasət və millət adına etdikləri, edə biləcəkləri bütün bleflərin fiaskoya uğrayacağını əminliklə söyləmişdik. Amma tam səmimiyyətlə deyim ki, uğursuzluğun, biabırçılığın, özünü ifşanın bu həddini gözləmirdik. Və sonuncu mitinq bir daha sübut etdi ki, Azərbaycanın siyasi arenasında mövcud iqtidara qarşı radikal xətt götürən qanad tamamən tükənib. Ələxsus da özünü lider adlandıran səriştəsiz, faydasız simaların yenilənməsinə gerçəkdən ehtiyac var. Qohum-əqrəba ilə mitinq etmək, millət adına danışmaq, narazı elektoratı təmsil etməz olmaz. Beynəlxalq qəyyumlardan, fondlardan, təşkilatlardan yaxşı-yaxşı pullar, qrantlar qoparmaq olar, amma bundan daha ötəsini əldə etmək - Əsla!. 5 nəfərlə aksiyamı olur? Danışanda ağızlarına “çullu dovşan sığmır”, birləşmiş müxalifəti təmsil etdiklərini söyləyirlər. Hanı bəs? Hardadılar bəs? İndiki zəmanədə camaat 5 nəfərlə heç qonaqlıq eləmir, o ki qala aksiya. Müsahibələrimin birində də söyləmişdim ki, bu gün cəmiyyət içində azacıq hörmət-nüfuz sahibi olan birisi öz övladına toy edərkən rahatca min nəfər toplaya bilir. Bunlar isə 20 illik müxalifətçilik təcrübələri ilə aksiyalarına 30-40 nəfər cəlb edə bilmirlər. İcazəsiz aksiyalara meyilli olmağın isə tək səbəbi – icazəli aksiyalarda daha böyük biabırçılıqla üzləşmək qorxusudur. Necə ki, “Eurovision” öncəsi üzləşdilər. Qısaca, sözün əsl mənasında fiaskodur. Məsələnin ən qəribə və heyrətedici tərəfi isə radikal müxalifətin sanki həmin biabırçılığın davamlılığında israrlı kimi görünmələridir.- Bəs, həmin pərakəndə müxalifətin 2013 – Prezident seçkilərində vahid namizəd məsələsi ilə bağlı ümumi razılığa gəlmə ehtimalı necə, varmı sizcə?- Əvvəla qeyd edim ki, bu gün müxalifətin özündə qeyri-adi monopoliya, senzor mühit mövcuddur. Yəni Əli Kərimli və İsa Qəmbərin fikrincə onlardan başqa kimsə müxalifət adından danışa bilməz və əgər diqqət yetirmisinizsə elə vahid namizəd məsələsi ilə bağlı müzakirələrdə də yalnız bu iki şəxsin adı hallanır. Hansı ki, bu da həmin şəxslərin özlərinin yaratdığı və ictimai rəyə sırımaq istədikləri bir fondur. Müsavat başqanı ilə AXCP sədri arasındakı səmimi ittifaqa və ya hər hansı bir ideya birliyinə inanmaq üçünsə ya gərək sadəlövhlüyün zirvəsində olasan, ya da siyasət haqqında ən kiçik təsəvvürlərin belə olmasın. Çünki bu iki insanın bütün fəaliyyətləri boyu bir-birinə olan patoloji nifrəti danılmaz həqiqətdir və həmin nifrət adı çəkilən təşkilatların ən sıravi üzləri arasındakı münasibətlərə qədər siraət etmiş durumdadır. Elə radikal müxalifətin bu gün yaşadığı tənəzzülün də əsas səbəblərindən biri məhz bu cəbhənin ən üst qatında, normal, işgüzar və ən nəhayət güvəniləcək bir düzənin olmamasıdır. 2000-ci il Parlament seçkiləri öncəsi vəziyyəti xatırlayın: İsa Qəmbər əlindəki bıçağı ilk fürsətdəcə Əli Kərimlinin börünə “ustalıqla” sancmağı bacardı. Onu hətta elə bir duruma saldı ki, AXCP sədri öz siyasi varlığını qorumaq üçün Etibar Məmmədova sığınıb, onun diktə elədiyi bütün qeyri-rəsmi şərtləri, oyun qaydalarını qəbul etmək məcburiyyətində qaldı. Həmin ərəfədə İsa Qəmbərin müxalifət mediasına verdiyi müsahibədə söyləmiş olduğu bir fikir hələ də xatirimdədir: “Mən Əli Kərimli adda siyasətçi tanımıram”. Amma adamın başının üstündə Allah var, Kərimli də cavabı çox gözlətməmişdi: “Tanış olarıq”! İndi bunlarmı danışır səmimi birlikdən? Bu həddə qədər konflikt yaşamış biriləri utanmadan, yaxın keçmişi yaddaşlardan silərək cəmiyyəti, siyasi elektoratı özlərinin hansı həqiqətlərinə inandırmağa çalışırlar görəsən? Məncə az-çox siyasi təfəkkürü formalaşmış birinə artıq gün kimi aydındır ki, radikal müxalifətin liderləri hakimiyyət sevdasından çoxdan əl çəkiblər. Sadəcə nəfslərindən əl çəkə bilmirlər. Pula-paraya sevgisindən, insanları zaman-zaman istifadə etmənin verdiyi zövqdən əl çəkə bilmirlər. Bu səbəbdən bütün güclərini o istiqamətdə səfərbər ediblər ki, müxalifəti monopoliyada saxlaya bilsinlər. Elə “Müsavat”da başqan seçkisini nəzərdə tutan qurultayın gecikdirilməsi, Əli Kərimlinin bütün iddialı müavinlərini bir anın içində partiyadan çıxdaş edib yerlərinə bir işə yaramayan, tamamən istedadsız birilərini gətirməsi də bu planın tərkib hissəsi və dediklərimin bariz sübutdur. O ki qala, son günlər bu iki şəxs arasında olan açıq qarşıdurmaya, bildirmək istəyirəm ki, hələ seçki dövrü yaxınlaşdıqca bu cür tamaşaları, şouları intensiv şəkildə izləmək imkanımız olacaq. Hətta hal-hazırda gizlin xarakter alıb, heç bir oyun qaydalarına sığmayan gedişlər, söz atışmaları çox yaxın zamanlarda qarşılıqlı ittiham və iftiralarla əvəzlənəcək. Necə deyərlər, bu gün gördüyümüz, seyr etdiyimiz hələ əlifbadır.- Bu yaxınlarda gündəmin əsas mövzularından birinə çevrilməyi bacaran və simvolik olaraq “Milyarderlər ittifaqı” adlanan qurum barədə fikirlərinizi bilmək də maraqlı olardı... - Tam ciddi deyirəm, bu barədə fikir söyləmək mənim üçün çətindir. O mənada çətindir ki, həmin qurum sadəcə yarandığını bəyan edib. Məram, məqsəd, fəaliyyət planı, görəcəkləri işlər haqqında dolğun bir məlumat, təfsilatsa yoxdur. Və bu kontekstdə sadəcə Rüstəm İbrahimbəyovla, Söyün Sadıqovun açıqlamaları istisnadır. Onların da Azərbaycanın mövcud hakimiyyətinə qarşı mövqeyi hər kəsə bəllidir. Ümumiləşmiş fikrimsə bundan ibarətdir ki, məqsədi, məramı bəlli olmayan təşkilat Azərbaycan mənafeyinə, Azərbaycan maraqlarına xidmət edə bilməz. Ayrıca, o insanlar ya bilərəkdən, ya da bilməyərəkdən ümumi diaspora işinin ziddinə gedirlər, bəzi gərəksiz açıqlamalarla süni ziddiyyətlər yaradırlar. Hər halda buna ehtiyac yoxdur. Ən azından indiki dönəmdə ehtiyac yoxdur.