"Çelsi"nin yeni transferi Hakim Ziyeç xarici mediaya açıqlama verib
AzxeberSport xəbər verir ki, 26 yaşlı futbolçu Hakim Ziyeç həyatında baş verənləri, futbola necə gəldiyini danışıb. Atası mərakeşli, anası niderlandlı olan Hakim, əslində çox çətin yetkinlik dövrü keçirib. O, doqquz qardaşın ən kiçiyidir. Həyatındakı ən çətin dövr isə onun atasını itirdiyi dövrə təsadüf edib.
"Bütün bunlar mənim 10 yaşım olanda baş verdi. Atam ağır xəstəlikdən əziyyət çəkirdi. Artıq yeyə, danışa və gəzə bilmirdi. Daha öncə infarkt da keçirmişdi. 2003-cü ilin dekabrı idi, atamın yanında oturarkən yuxuya getmişdim. Gecə yarısı oyandım və otağıma getdim. Bir neçə saatdan sonra qonaq otağında ailəmin ağladığını eşitdim. Düşdüm və atamın öldüyünü gördüm” - deyə, Ziyeç bildirib.
Məhz bu hadisədən sonra Ziyeç depressiyaya düşüb. O, nəinki məktəbə, hətta sevimli idman növü olan futbola da getməməyə qərar verib. İçki, siqaret və narkotik kimi pis vərdişlərə qurşanıb. Hakimi yenidən həyata qaytaran isə onun özünə müəllim, məşqçi və ata hesab etdiyi Aziz Doufikar olub.
Mərakeş yığmasında da oynamış keçmiş futbolçu, Ziyeçin həmin günləri ilə bağlı bunları danışır: "Hakim yoldan çıxdı. İçdi, siqaret çəkdi, narkotik qəbul etməyə başladı. Amma ona kömək etdim. Futbol oynamaqdan qorxurdu və mən onu buna məcbur etdim. Xoşbəxtlikdən, sonda bunu bacardı”.