Elvin Aslanov: "Azərbaycanı Ermənistanla müqayisə etməyin əleyhinəyəm" (MÜSAHİBƏ)

GƏNCLİK
12:39 11.05.2011
2568

-İlk olaraq iştirak etdiyiniz Avropa Tələbələr Birliyinin İdarə Heyətinin görüşü barədə məlumat verərdiz? 

- Bilirsiz ki, Azərbaycan Tələbələr Birliyi öz ətrafında 11 milyon tələbəni birləşdirən və 38 ölkədən 45 milli tələbələr birliyinin üzv olduğu Avropa Tələbələr Birliyinin tam hüquqlu üzvüdür. Biz Azərbaycandan ilk dəfə olaraq tələbələrimizi belə bir mötəbər qurumda təmsil etmək hüququ qazanmışıq. Avropa Tələbələr Birliyi hər il 4 böyük tədbir təşkil edir. Bunlardan 2-si Avropa Tələbələr Konvensiyası, digərləri isə Birliyin İdarə Heyətinin görüşü olur. Artıq bu cari il ərzində keçirilən 2-ci tədbir idi. İlk tədbir mən və Birliyimiz sosial məsələlər üzrə katibi Nurlan Əhmədovun iştirak etdiyi və Budapeştdə təşkil olunan 21-ci Avropa Tələbələr Konvensiyası idi. İkincisi isə bu günlərdə keçirilən 60-cı İdarə Heyətinin görüşü idi. Görüş Estoniyanın paytaxtı Tallinn şəhərində Estoniya Tələbə Birlikləri Federasiyasının təşkilatçılığı ilə keçirilirdi. İdarə Heyətinin görüşündə hər bir üzv təşkilatın nümayəndələri iştirak edir.
Qeyd edim ki, İdarə Heyətinin görüşləri çox qızğın müzakirələrlə şəraitində və maraqlı keçir. Sonuncu görüşdə Avropa Tələbələr Birliyinin daxili və beynəlxalq əlaqələri ilə bağlı 60-dan çox sənəd qəbul edildi, 4 ölkədən (Serbiya, Ukrayna, Ermənistan, Kürdistan) tələbə birliklərinin üzvlük məsələsinə baxıldı və Birliyin müxtəlif postlarına 9 nəfər seçildi. Bunlar mənim xüsusi qeyd etmək istədiyim fəaliyyətlər idi. Bunlardan başqa çoxlu məsələlərlə bağlı müzakirələr edildi və qərarlar verildi.

- İclasda qəbul edilmiş qərarlar, müzakirələr hansı istiqamətdə gedirdi? Bunların Azərbaycan ali təhsilinə, Azərbaycan Tələbələr Birliyinə hər hansı təsiri varmı?

- Avropa Tələbələr Birliyi Avropada ali təhsil siyasətinə dəstək verən əsas qurumlardan biridir. Birliyin əsas tərəfdaşları Avropa Birliyi, Avropa Şurası, Bolonya İnkişaf Qrupu, UNESCO və s. təşkilatlardır. Birlik birbaşa olaraq və ya üzvləri vasitəsilə qeyd etdiyim qurumlarla işləyir. Təbiidir ki, Avropanın bir hissəsi olaraq və Avropada həyata keçirilən layihələr, proqramlar, strategiyaları nəzərə alaraq qeyd etdiyim fəaliyyətlər bizim üçün də mühümdür. Biz əsas olaraq Bolonya prosesinin Azərbaycanda tətbiqi, yaranan problemlər, Avropa 2020 strategiyasında təhsil istiqaməti üzrə Azərbaycanı gözləyən yeniliklər, tələbələrin təhsil haqqları üzrə müxtəlif ölkələrin siyasətləri, bundan başqa tələbələrin sosial rifah halları və s. önəmlı məsələlər kimi hesab edirik.
İdarə Heyəti görüşü zamanı və qeyri-rəsmi görüşlərdə ən çox müzakirə etdiyim məsələlər daha güclü tələbə hərəkatlarının yaranması, formalaşdırılması, yerli tələbə təşkilatlarına dəstəyin verilməsi, mübadilə proqramları, Azərbaycanda yaşadığımız problemlərin Avropadakı həlli yolları və onların Azərbaycana tətbiqi çərçivəsində olmuşdur. Tam əminliklə deyə bilərəm ki, görüşlər çox effektiv olmuşdur və Azərbaycan Tələbələr Birliyinin fəaliyyətinə, beləliklə də tələbələrimizin akademik və sosial həyatlarına çox böyük təsir edəcəkdir.


- Hansı xüsusi hadisələri və qeydləri diqqətimizə çatdırmaq istərdiz? 

- Mənim üçün və inanıram ki, digər tələbələr və sadə vətəndaşlar üçün ən önəmli məsələ Ermənistanın Avropa Tələbələr Birliyində təmsil edilib-edilməsidir. Yuxarıda qeyd etdiyim kimi sonuncu İdarə Heyəti görüşündə Ermənistan üzv olmaq üçün müraciət etmişdi. Ermənistanı görüşdə Ermənistan Milli Tələbələr Assosasiyasından olan nümayəndələr təmsil edirdi. Onların üzvlük məsələsinə keçməzdən öncə bir şeyi xüsusilə qeyd etmək istəyirəm. Mən hər zaman Azərbaycanın Ermənistanla müqayisə etməyin əleyhinə olmuşam. İdarə Heyəti görüşü zamanı bir daha əmin oldum ki, Ermənistanda olan resurslar, ölkənin daxili gücü, düşünən beyinlər Azərbaycandakılarla müqayisə edilə bilməz. Azərbaycanın Ermənistanla hər bir sahədə müqayisə edilməsi, müzakirə mövzusuna çevrilməsi, inanın ki, bizi çata biləcəyimiz böyük məqsədləri görməyə qoymur. Mən tam əminliklə deyə bilərəm ki, Azərbaycan indi Şərqi Avropa, hətta bəzi Qərbi Avropa ölkələri ilə müqayisə edilə bilər. Təbiidir ki, mən tələbə hərəkatları baxımından ölkəmizi Polşa, Macarıstan, Sloveniya, Estoniya, Serbiya, Bolqarıstan, Luksemburq, İtaliya və s. kimi ölkələrlə müqayisə etməyə və onlarla sözün yaxşı mənasında yarışa girməyə hazır hesab edirəm. Təbiidir ki, bizim problemlərimiz çoxdur. Amma, bu problemləri də həll etmək mümkündür. Sadəcə dövlət, QHT-lər və sadə vətəndaşlar bir məqsədə qulluq etməli, ölkənin problemlərinin həllinə çalışmalıdır.
Ermənistan Milli Tələbələr Assosasiyasının Avropa Tələbələr Birliyinə üzvlük məsələsi məni İdarə Heyətinin görüşü zamanı çox düşündürdü. Ona görə yox ki, mən Ermənistana qarşı sadəcə düşmən ölkə kimi yanaşıram, ona görə ki, Ermənistandan olan nümayəndə heyəti heç bir standartlara və milli tələbə birliyi öhdəliklərinə cavab vermədiyi halda bütün avropalı nümayəndələri öz təşkilatlarının Avropa Tələbələr Birliyinə üzv olması üçün inandırmışdılar. Bu təbiidir ki, bizə çoxdan tanış olan erməni lobbiçiliyi idi. Amma, görüş çərçivəsində hər bir ölkədən olan nümayəndə heyəti ilə söhbətlər zamanı bu məsələni qeyd edirdim və ölkələrin tələbə liderlərini sadəcə daha aydın fikirləşməyə dəvət edirdim. Hətta bəzi ölkələrdən olan tələbələrin məni “öz qonşunuza niyə dəstək olmursuz?” sualı da təəccübləndirdi. Bu onu göstərirdi ki, Avropada hələ də bəzi insanların, hətta gələcəkdə müxtəlif ölkələrdə yüksək postlar tuta biləcək tələbə liderlərinin Qarabağ münaqişəsi barədə heç bir xəbərləri yoxdur. Mən onlara bu barədə tam ətraflı məlumat verməyə çalışdım və bu münaqişənin ən azından Azərbaycan təhsilinə vurduğu ziyanı göstərmək istədim. Söhbətlərdən sonra bəzi ölkələrdən çox müsbət cavablar alırdım. Onlar Ermənistanla bağlı məsələyə bir daha diqqətlə baxmaq lazım olduğunu və mənim tam haqlı olduğumu qeyd edirdilər.
Ermənistanla bağlı səsvermə mənim üçün gözlənilməz nəticə ilə qurtardı. Müxtəlif ölkələrdən 45 milli tələbələr birliyinin nümayəndələrinin yarısından çoxu Ermənistanın üzvlük məsələsinə “yox” demişdilər. Bu təbii ki, mənim üçün sevindirici bir hal idi ki, bütün İdarə Heyəti görüşü zamanı apardığım danışıqlar çox müsbət nəticələr verdi.
İkinci xüsusi qeyd etmək istədiyim məsələ isə Avropa Tələbələr Birliyinin yeni nəşri olan “No student left out” kitabıdır. Bu kitabda mənim tələbə hüquqları vəziyyəti, tələbə hüquqları çərçivəsində görülməli işlər, Azərbaycandakı situasiya ilə bağlı məqaləm də yer alıb. Bunu ona görə xüsusi qeyd etmək istəyirəm ki, həm kitabla tanış olan zaman, həm də Avropa Tələbələr Birliyinin müxtəlif vəzifəli insanlarının çıxışında tələbə hüquqları sahəsində təcrübə modeli kimi Azərbaycan Tələbələr Birliyinin “Azərbaycanda tələbə hüquqlarının təbliği” layihəsi göstərilib.

- Avropa Tələbələr Birliyi və Azərbaycan Tələbələr Birliyi, digər ölkələrdən olan milli tələbələr birlikləri arasında gələcəkdə nə kimi əməkdaşlıq gözlənilir?

- Xüsusi bir layihə və ya fəaliyyəti hələlik qeyd etmək istəmirəm. Amma, tələbələrin akademik və sosial həyatları ilə bağlı xüsusi layihələrimiz olacaq. Həmçinin, tələbələrə daha yaxşı təhsil şəraiti yarada bilmək üçün ictimai kampaniyalarla bağlı da ideyalarımız da var və bu ideyalar tələbələrin öncüllüyündə həyata keçiriləcəkdir. Sadəcə, tələbələrdən aktiv olmalarını, tələbə olaraq ölkəmizdəki tələbə hərəkatına nələri verə biləcəklərinə xüsusi diqqət yetirmələrini, tam sərbəst şəkildə Azərbaycan Tələbələr Birliyinə və onun universitetlərdəki yerli klublarına qoşulmağa dəvət edirəm.


 

OXŞAR XƏBƏRLƏR