Salyan rayonunda fəaliyyət göstərən “Demokratiyaya yardım” İctimai Birliyinin sədri Emil Məmmədovla adıçəkilən QHT-nin nümayəndəsi Tofiq Qasımovun həbsi ətrafında müzakirələr fəallaşıb.
Bir sıra nəşrlər, xüsusilə, müxalifətə yaxınlığı ilə tanınan media orqanları bu həbsi, yumşaq deyilsə, mübahisəli məzmunda təqdim edərək, diqqəti bu addımın real səbəblərindən yayındırmağa çalışırlar.
Bəzi çap və elektron nəşrlər E.Məmmədovla T.Qasımov barəsində seçilmiş məlum tədbiri az qala ictimai sektora qarşı “planlı təzyiq” aksiyası qismində oxucularına çatdırmağa cəhd göstərirlər.
Xatırladaq ki, bu çərçivədə ilk olaraq, saxlanılan T.Qasımova qarşı zorla pul tələb etmək ittihamı irəli sürülüb və onun barəsində iki ay müddətində həbs tədbiri seçilib.
Bu həbsin mümkün nəticələrini operativ surətdə “hesablayan” təşkilatın sədri E.Məmmədov da özünün “qanunsuz” həbs olunacağına dair öncədən rəy formalaşdırmağa çalışıb.
Sonda “ağlına gələn başına gələn” E.Məmmədov saxlanılıb və QHT rəhbərinin müxtəlif məmurlardan şantaj yolu ilə pul aldığı bildirilərək, ona qarşı Cinayət Məcəlləsinin 182.2 maddəsi ilə ittiham irəli sürülüb.
Maraqlıdır, “Demokratiyaya yardım” təşkilatının nümayəndəsi T.Qasımov da öz ifadələrində irəli sürülmüş ittihamı təsdiqləyib. Onun ifadələri əsasında izahat verən bir sıra məmurlar da sözügedən QHT-çilər tərəfindən şantaja məruz qalaraq, onlardan pul tələb edildiyini bildiriblər.
Məsələn, istintaqa cəlb olunan Salyan rayon Maliyyə İdarəsinin müdiri Mahir Kərimov E.Məmmədovla üzləşmə zamanı sonuncunun müxtəlif vaxtlarda şantaj yolu ilə ondan pul tələb etdiyini qəti surətdə təsdiqləyib.
Bundan başqa, Salyan rayonunda fəaliyyət göstərən bir sıra dövlət orqanlarının vəzifəli şəxsləri də polisə etdikləri müraciətlərdə T.Qasımovun onları şantaj edərək haqlarında rüsvayedici faktları ictimailəşdirmək təhdidi ilə dəfələrlə onlardan pul aldığını, həmin şəxs barəsində qanunlara uyğun olaraq, ölçü götürülməsini istəyiblər.
Bəhs olunan məsələ ilə bağlı ictimaiyyəti məlumatlandıran Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən açıqlamada da bu il aprelin 16-da yuxarıda göstərilən maddə ilə barəsində cinayət işi açılmış “Demokratiyaya yardım” İB-nin üzvü T.Qasımovun öz ifadəsində E.Məmmədovun tapşırıqlarını yerinə yetirdiyini etiraf edib.
DİN mətbuat xidməti T.Qasımovun istintaqa məlum ifadələrini təzyiq altında verməsi, bunun müqabilində azadlığa buraxılacağı barədə yayılan iddialara da münasibət bildirərək, bu mövzunun məqsədli surətdə siyasiləşdirilməsinin heç bir hüquqi əsası olmadığını bəyan edərək, söhbətin məlum şəxslərin cinayət məsuliyyəti yaradan hərəkətlərindən getdiyini diqqətə çatırıb.
Bu barədə həqiqətəuyğun olmayan məlumatların yayılmasında fəal iştirak edən “Turan” İnformasiya Agentliyi “Demokratiyaya yardım” təşkilatını cənub bölgəsindəki “ən fəal vətəndaş cəmiyyəti institutlarından biri”, E.Məmmədovun isə “tanınmış hüquq müdafiəçisi” və “yüksək mənəviyyatlı ziyalı” olması məzmunlu məlumatların dövriyyədə qalmasını təmin edir.
İstintaqın gedişində adıçəkilən şəxsin Salyan rayonunda fəaliyyət göstərən bəzi vəzifəli şəxslər barəsində müxtəlif media orqanlarına həqiqətəuyğun olmayan məlumatlar yaydığı da aşkar edilib.
E.Məmmədovun bu “fəaliyyət”inin tərkib hissələrindən biri də Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovun metlax sexinin sahibi olmasına dair yalan məlumat yaymasıdır.
Bu məlumatı araşdıran “Yeni Müsavat” qəzetinin reportyoru da aşkarlayıb ki, həmin metlax sexi rayon icra hakimiyyətinin başçısına deyil, eyni adlı iş adamına məxsusdur.
Dezinformasiya “yaradıcılığının” özünə qarşı çevrildiyini fərq edən E.Məmmədov onun yalanını üzə çıxarmış “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu özünün şantaj hədəfinə çevirməyə çalışıb.
Bu məqsədinə çatmaq üçün yaxın tanışı olan Müsavat partiyasının üzvü Cavanşir İbrahimliyə müəyyən miqdar da pul verərək partiyadan istefa verməsini və həmin addımının məsuliyyətini R.Arifoğlunun üzərinə “qoymasına” nail olur.
“Bacarığını” digər sahələrdə də “sınamağa” imkan tapan E.Məmmədov Salyan və digər yaxın rayonların şakinlərindən 1200 manat alaraq, saxta sənədlər əsasında onları Avropaya mühacirətə göndərmək “biznesi”inə də baş vurub.
Təbii ki, mühacirət üçün hazırlanan müvafiq sənədlərdə həmin şəxslərin “Avropaya köç”ünün əsas səbəbi kimi, onların ölkədə guya təzyiqlərə məruz qaldıqları, siyasi baxışlarına görə müntəzəm təqib olunduqlarına dair “daşdan keçən arqumentlər” yer alıb.
Lakin araşdırmalar zamanı məlum olub ki, E.Məmmədovun “mühacirət biznesinin qurbanları” hər hansı siyasi fəaliyyətlə məşğul olmayan şəxslərdir.
Qeyd edək ki, “Demokratiyaya yardım” İB-nin sədri E.Məmmədov həm də “Turan” İA direktoru M.Əliyevin və Milli Şuranın sözçüsü Oqtay Güləliyevin 2010-cu ildə Salyan rayonunda baş vermiş daşqınlardan zərər çəkənlərə guya dəstək məqsədi ilə yaratdıqları “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının fəal üzvlərindən biri kimi fəaliyytət göstərib.
Xatırladaq ki, mətbuatda “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının öz profilinə uyğun işlərlə məşğul olmaq əvəzinə, faktiki reket fəaliyyətinə girişməsi və bu qurumun hazırladıqları hesabatlarla həm yerli, həm də mərkəzi əhəmiyyətli vəzifəli şəxləri şantaj etmək niyyətində olması haqda əsaslı iddialar ictimai sektorun tanınmış nümayəndələri tərəfindən irəli sürülüb və onların bununla bağlı fikirləri təqribən il yarımdır ki, mətbuatda işıqlandırılır.
Hər halda, O.Güləliyevin “reket jurnalistikası”nın ən tanınmış nümayəndəlirindən biri olan Nazim Quliyevin təsis etdiyi “İdeal” qəzetində baş redaktor olduğu dönəmdə mənimsədiyi “qeyri-adi bacarıqlar” onunla birgə çalışan şəxslərə də təsirsiz ötüşməyib.
Görünən isə budur ki, antimilli fəaliyyətlərini müxtəlif adlarla pərdələyən, uydurma “xalq diplomatiyası”, “siyasi məhbus” məsələlərini müntəzəm gündəmə gətirməklə, müxtəlif ölkələrdə bahalı malikanələrə sahiblənmiş şəxslərin əsl simalarının cəmiyyətə tanıdılmasına ciddi ehtiyac var.
Bu baxımdan, QHT sektorunun ictimai əhəmiyyətli məsələləri özlərinin alver predmetinə çevirənlərin inhisarından xilas etmək zərurəti indi həmişəkindən daha aktual xarakter alıb.
Gun.az