Qaynar.info-ya Emin Millinin İsa Qəmbərə gözlənilməz virtual hücumlarının əsl səbəbləri ilə bağlı ilginc məlumatlar daxil olub. İnformasiyada qeyd olunur ki, Emin Millinin İsa Qəmbərin ünvanına səsləndirdiyi ittihamlar təsadüfi deyil və bloggerlə AXCP sədri Əli Kərimli arasında baş tutan məxfi görüşün məntiqi nəticəsidir. Həmin görüşdə AXCP sədrindən seçkiöncəsi müavin təyinatı alacağına dair vəd alan Emin Milli bunun müqabilində İsa Qəmbərə qarşı kampaniyaya start verib. AXCP sədri tərəfindən təlimatlandırılan Emin Millinin bu qəfil hücumunun arxasında isə Əli Kərimlinin bir neçə ciddi planının həyata keçirilməsi məqsədi dayanır.
Bu mənada Ə.Kərimlinin Emin Milli ilə işbirliyinin əsl məqsədi son günlər gündəmi zəbt edən eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı məsələdə AXCP sədrinin ünvanına səslənən ağır ittihamlardan ictimai diqqəti yayındırmaqdır.
Digər tərəfdən öncədən İsa Qəmbərin prezidentliyə namizədlik şansından imtina etməyəcəyini yaxşı bilən Əli Kərimli onun keçmiş yanlışlıqlarını, xalqı meydanda tək qoyub qaçması faktını bir daha tirajlamaqla narazı elektrata “Müsavat başqanından vahid namizəd olmaz” mesajını vermək istəyir.
Bir başqa tərəfdən isə Əli Kərimli AXCP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Razi Nurullayevin kifayət qədər loyal münasibətindən narahat olaraq, onun bu gedişlə partiyadan gedəcəyini özü üçün yəqinləşdirib. Görünür, AXCP sədri Emin Millini onun yerinə gətirməklə, həm də bu boşluğu doldurmağa çalışır.
Bu məqamda xüsusi qeyd edək ki, Emin Millinin son açıqlamalarında Əli Kərimlini yalnız bir cümlə ilə loyal formada tənqid etməsi isə əvvəldən düşünülmüş planın tərkib hissəsidir və iz azdırmağa hesablanıb. Baş verənlərdən Müsavat rəhbərliyinin xəbərdar olduğu və yaxın günlərdə AXCP-yə adekvat reaksiya verəcəyi də gələn xəbərlər arasındadır.
Mövzunu diqqətdə saxlayacağıq.
/// Qaynar.info