Baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyası fraksiyasının toplantısında Suriyada son günlərdə törədilən qətliamlara toxunub.
AZXEBER.COM-un məlumatına görə, Ərdoğan 1982-ci ildə Xamada qətlə yetirilənlərlə bağlı Avropanın səsinin eşidilmədiyini bildirib və qətliam qədər qətliamla bağlı sükutun da ciddi yara açdığını, vicdanların daha çox qanamasına səbəb olduğunu deyib. Bu qətliamın bütün dünyada müsəlmanların ürəyində yara açdığını söyləyib və bu günkü prosesləri də o qətliamla eyniləşdirib: "İraqda, Misirdə, Liviyada, Suriyada öz xalqlarına qənim kəsilən diktatorlar işğal altındakı torpaqları istismar etdilər. Bu gün atalarının - o diktatorların, fironların yoluyla gedənlər bir gün mütləq layiq olduqları cəzanı alacaqlar. Xamada törətdiyi qətliamın hesabını bu dünyada verməyən ata Əsad bütün dünyada bəşəriyyətin qəlbində, vicdanında amansız diktator kimi xatırlanacaq. Xamanın hesabı soruşulmadı, amma gec-tez Xumsun hesabı soruşulacaq. Əsad deyir ki, sonuna qədər döyüşəcəm. Daha əvvəl də demişdim, madam ki, o qədər qəhrəmansan, Qolan təpələri üçün niyə vuruşmursan?"
Ərdoğan Türkiyə Suriyanın üçün adi bir qonşu, Suriya xalqının adi bir xalq olmadığını söyləyib: "O bölgədəki hər kvadrat metrdə bizim ortaq tariximizin örnəklərini görərsiniz. Suriya xalqı bizim üçün qardaş xalqdır. Bu qardaşlıq tarixə qanla yazılmış bir qardaşlıqdır".
Baş nazir Türkiyə müxalifətini də tənqid edib: "Biz ana müxalifət və digər müxalifət partiyalarının etdiyi kimi xalqlarını qətlə yetirənlərin kürəyini sığallamayacağıq. CXP getsin BAAS Partiyasına dəstək versin. Son illərdə Bəşar Əsada dəfələrlə təklif verdik, dedik ki atanızın yoluya getmədiyinizi Suriya xalqına göstərib. Xoş niyyətlə islahatları dəstəklədik. Amma Əsad verdiyi sözü tapdadı. Onun üçün də Əsad, sənə anladığın dildə səslənəcəyəm: "Mən dakka dukka". Ey Bəşar Əsad, etdiyinin cəzasını alarsan".
BMT-də Suriya qətnaməsinə veto qoyan Rusiya və Çini də tənqid edən Ərdoğan çıxışını bu sözlərlə davam etdirib: "Zalımın əlinə öldürmə lisenziyasının verilməsi qəbul edilə bilməz. BMT Təhlükəsizlik Şurasında qətnaməyə veto qoyanların məsuliyyəti böyükdür. Suriya üzərindən siyasi mübarizə aparanlar unutmasınlar ki, axan qan onların da üstünə sıçrayır. Bəzi BMT üzvü olan ölkələrdən gələn açıqlamalar böyük bir laqeydlik, həyasızlıq olduğunu göstərir. Suriya məsələsə qütblərarası çəkişmələrə qurban edilə bilməz. Biz Suriya üçün bütün diplomatik kanallardan istifadə edir, dünyanın diqqətini buraya çəkirik. Suriya rejiminin deyil, xalqının yanında yer alacaq ölkələrlə birlikdə yeni təşəbbüs başladacağıq. Bunun hazırlıqlarını görürük".