“Sülh üçün hansı bədəli ödəmək lazımdırsa biz ödədik, ödəyirik, və ödəyəcəyik”. Bunu Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan Suriyada baş verən hadisələri şərh edərkən deyib. Torpaqlarını müdafiə etmək üçün tərəddüd etməyəcəklərini deyən baş nazir hər an bütün imkanlarıyla müharibəyə hazır olduqlarını vurğulayıb.Səfirlər üçün verilən ziyafətdə çıxış edən Ərdoğan bütün xəbərdarlıqlara baxmayaraq Suriya prezidenti Bəşər Əsədin beynəlxalq ictimaiyyəti yayındırmaq üçün vaxt qazanmağa çalışdığını, 2 il daha hakimiyyətdə qalmaq üçün 60 000 mülki insanı qətlə yetirdiyini deyib.“Sülhün bədəli müharibənin bədəlindən daha böyükdür. Müharibə asan olandır. Biz asan olanın yox, çətin olanın tərəfindəyik. Müharibənin yox, sülhün tərəfdarıyıq. Torpaqlarımızı müdafiə etmək üçün əsla bir tərəddüdümüz olmayacaq. Amma son ana qədər sülhün təsis edilməsi üçün səy göstərəcəyik” – deyə Ərdoğan bildirib.Böyük Səlcuqlu və Anadolu Səlcuqlu dövlətinin, habelə osmanlıların kömək istəyən bütün xalqlara yardım etdiyini deyən baş nazir Suriyada baş verənlərə səssiz, reaksiyasız qalmanın mümkün olmadığını bildirib. “Yaxin tarixdə Türkiyə xarici siyasətində belə səhvlərə yol verib. İsrail zülmündə, Fələstin məsələsində, Livanda baş verənlərdə, İraqda, Əfqanıstanda, bütün Afrikada, Asiyada, Balkan ölkələrində meydana gələn hadisələrdə təəssüf ki, Türkiyə səsiz qalmaq yolunu seçib”.Ölkəsinin bu səssiz qalmanın bədəlini ağır ödədiyini deyən Rəcəb Tayyib Ərdoğan nümunə kimi Türkiyəyə sığınan azərbaycanlıların Stalin rejiminə təhvil verilməsini göstərib. “Təəssüf ki, Türkiyə bu səssizliyinin bədəlini çox ağır ödəyib. Misal üçün, 1945-ci ildə Türkiyəyə sığınan azərbaycanlı qardaşlarımızın Stalin əsgərlərimə təhvil verilməsi tariximizə silinməsi çətin, acı bir xatirə kimi qazınıb”.