Ərəb Baharı “Qadın Baharı” ilə əvəz olundu – qadınların kütləvi etirazı

Ərəb Baharı “Qadın Baharı” ilə əvəz olundu – qadınların kütləvi etirazı
Bütün Xəbərlər
12:40 21.12.2011
1901

Misirdə baş vermiş kütləvi iğtişaşlar zamanı etirazçı qadının soyundurularaq döyülməsi ölkə qadınların hiddətinə səbəb olub. Ötən gün hərbçilərin mənfur hərəkətindən qıcıqlanmış 10 minə yaxın misirli qadın paytaxt Qahirənin mərkəzi Təhrir meydanına kütləvi dinc yürüş keçirib.

Kənardan təhlükəsizlik qüvvələrinin müdaxiləsini əngəlləmək məqsədilə kişilər yürüş keçirən qadınları qoruyucu canlı halqaya alıb. Əllərində“Bizi qorumaq əvəzinə, soyundururlar” kimi yazılar həkk olunmuş plakatlar yelləyən qadınlar, hüquqlarının qorunmasına dair müxtəlif şüarlar səsləndirib, hakimiyyəti əldə saxlayan Hərbi Şuranı dərhal istefa verməyə çağırıb. Bəzi qadınlar əllərində etirazlar zamanı qadınlara əl qaldırmış hərbçilərin şəkillərini saxlayıb.

“Şərqli kişinin əsas özəlliyi ondan ibarətdir ki, o, daima həyat yoldaşının, anasının, qızının və bacısının təhlükəsizliyini hər şeydən üstün tutur. Ölkədə baş verən son hadisələr misirli kişilərin qəlbini yandırıb yaxmaya bilməz”, deyə etirazçı qadın Nəvarə Neym bildirib.

Pakistanın Kəraçi şəhərində də qadınların iştirakı ilə kütləvi nümayiş keçirilib. Yüzlərlə pakistanlı qadın dinc yürüş keçirərək Pakistan sərhədlərində 24 hərbçinin ölümünə səbəb olmuş hava əməliyyatına görə ABŞ və NATO-ya qarşı qəzəblərini ifadə edib. Etirazçı qadınların Camaati İslami partiyasının üzvləri olduğu bildirilir. Dinc yürüşə qatılmış qadınlar ABŞ və NATO-nun əleyhinə müxtəlif şüarlar səsləndirərək, ABŞ və NATO qüvvələrinin Əfqanıstanı tərk etməsini tələb edən plakatlar nümayiş etdirib.

“NATO qoşunlarının maddi təminatının qısa müddətlik dayandırılması kifayət etmir. Pakistan dırnağ arası “Terrora qarşı müharibədən” imtina etməlidir, ölkənin ərazi bütövlüyü və suverenliyi qorunmalıdır”, deyə Camaati İslami partiyasının qadın işləri üzrə şöbəsinin vitse prezidenti bildirib.

Xatırladaq ki, noyabr ayında ABŞ-a məxsus hərbi təyyarənin Pakistan sərhədində yerləşən iki keçid-buraxılış məntəqəsinə hava zərbələsi endirməsi nəticəsində 24 pakistanlı əsgər həlak olub. Qanlı hadisə rəsmi Vaşinqton və İslamabad münasibətlərində kəskin fəsadlara səbəb olub. Belə ki, Pakistan tərəfi buna cavab olaraq ABŞ hərbi bazalarının maddi texniki təminatını həyata keçirən yük maşınlarını Əfqanıstan sərhədlərindən ölkəyə daxil olmasının qarşısını alıb. Pakistan rəhbərliyi eyni zamanda ABŞ və NATO-nun da qatıldığı Əfqanıstanla bağlı Bon Konfransını boykot edərək, beynəlxalq tədbirdə iştirak etməyib (anspress).

OXŞAR XƏBƏRLƏR