Erməni deputatlar Bakını ‘qarışdırdılar’

Erməni deputatlar Bakını ‘qarışdırdılar’
Bütün Xəbərlər
17:35 03.04.2012
1701

Avronest Parlament Assambleyasının Bakıda keçirilən sessiyasına qatılan erməni deputatlar Azərbaycan prezidenti İlham Əliyevin çıxışına etiraz ediblər.

“Media forum” saytı xəbər verir ki, Ermənistan nümayəndə heyətinin rəhbəri Vaan Ovannisyan sessiyada söz alaraq assambleyanın bürosuna şikayət etdiklərini deyib: “Biz Bakıda problemlə qarşılaşacağımızı təxmin edirdik. Bu gün həmin hadisə baş verdi. Azərbaycan rəsmisi mənim ölkəmi faşist dövləti adlandırdı. Bu, yolverilməzdir və biz artıq Avronest Parlament Assambleyasının bürosuna şikayət məktubu göndərmişik”. Erməni nümayəndə heyətinin digər üzvləri Naira Zöhrabyan və Lilit Qalstyan da Azərbaycan prezidentinin çıxışına etiraz ediblər. Naira Zöhrabyan bildirib ki, Avronest etimad müstəvisidir, Azərbaycan prezidentinin çıxışı isə burada ziddiyyət və parçalanma yaradır. Lilit Qalstyan Avronest Parlament Assambleyasında toplaşanların eyni dəyərləri bölüşdüyünü vurğulayıb və dövlət başçısının çıxışına etiraz edib: “Rütbəsindən asılı olmayaraq heç kimin bir dövlət haqqında belə ifadələr işlətməsi ilə barışa bilmərik”. Azərbaycanlı deputat Fuad Muradov cavab olaraq bildirib ki, Bakı iclası zamanı heç bir yeni söz deyilməyib. “Biz Strasburda da, Brusseldə də, Vaşinqtonda da qaldırdığımız məsələlərin üstündə dururuq və bu, bizim beynəlxalq sənədlərlə təsdiqlənən haqlı mövqeyimizdir” - o deyib. F. Muradov Avropa deputatlarından assambleyanın işinin yenidən pozulmasına imkan verməməyi xahiş edib. Digər azərbaycanlı deputat Məlahət İbrahimqızı deyib ki, beynəlxalq dəyərlər, qanunun aliliyi hər kəs üçün mütləq olmalıdır. “Biz qanunun aliliyindən danışırıqsa, beynəlxalq hüququn da aliliyindən danışmalıyıq. Burada heç kəs emosiyalara qapılmamalıdır. Biz BMT, Avropa İttifaqı, ATƏT kimi nüfuzlu qurumların qəbul etdiyi sənədlərə istinad edirik. Onlar bu sənədlərə öz etirazlarını bildirsinlər, çıxışlara deyil”, - M. İbrahimqızı deyib. Deputat Azər Kərimli də söz alaraq deyib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca və işğal altında olan torpaqlar qaytarılmayınca “Şərq Tərəfdaşlığı” çərçivəsində Azərbaycanla Ermənistanın əməkdaşlığı qeyri-mümkün görünür. Ermənistan nümayəndə heyətinin rəhbəri Vahan Ovanesyan sonda başqa cür çıxış edib: “Gərgin diskussiyalardan sonra Avronest-in bu iclası çərçivəsində Azərbaycan və Ermənistan deputatları arasında kompromis ab-havası əmələ gəlib. Bu, gərgin münasibətlər yaşayan iki ölkə arasında xoşa gələn haldır. Mən çox ümid edirəm ki, burada iki ölkənin deputatları arasında yaranan münasibət iki ölkənin hökumətləri arasında da kompromis mühit yaradacaq. Bu da iki ölkə arasındakı yaşanan gərginliklərin konstruktiv sonluqla nəticələnməsinə səbəb olacaq”.

OXŞAR XƏBƏRLƏR