Rusiya xarici işlər nazirinin bəyanatları millət vəkillərinin etirazına səbəb olub
Bu gün Milli Məclisin növbəti iclası başlayıb. Lent.az-ın verdiyi məlumata görə, cari məsələlər üçün ayrılmış vaxtda çıxış edən millət vəkili Qüdrət Həsənquliyev Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatlarına toxunub. O, Azərbaycan torpaqlarının işğal olunmasında Rusiyanın da iştirak etdiyini bildirib. Spiker Oqtay Əsədov isə mərhum aktyor Bəşir Səfəroğlunun bir tamaşasından sitat gətirib: “Bəşir Səfəroğlu demişkən, yandıra-yandıra gedirsiniz. Gah deyirsiniz ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılmalıdır, indi də Rusiyadan danışırsınız. Rusiya ATƏT-in həmsədrlərindən biridir. Təkcə Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri arasında 1 il ərzində 10 görüş keçirilib”. Millət vəkili Zahid Oruc da Sergey Lavrovun Ermənistanda səsləndirdiyi bəyanata toxunub: “Sergey Lavrov Ermənistanda dedi ki, Dağlıq Qarabağın taleyini Qarabağ xalqı müəyyənləşdirəcək. Bu bəyanat diqqət çəkməyə bilməz. Ermənistanda Qarabağla bağlı qanun qəbul olunub. Biz də belə bir qanun qəbul etməliyik ki, “Qarabağ xalqı” anlayışı aradan qalxsın”. Oqtay Əsədov isə Zahid Orucun özünü belə qanun hazırlamağa dəvət edib: “Hazırlayın, görək necə qanun layihəsi hazırlayacaqsınız”. (lent.az)