"Erməni xalqının vəziyyəti pisləşməkdə davam edəcək və ölkənin olub-qalan sosial-iqtisadi potensialı tükənəcək" - İlham Əliyev

"Erməni xalqının vəziyyəti pisləşməkdə davam edəcək və ölkənin olub-qalan sosial-iqtisadi potensialı tükənəcək" - İlham Əliyev
Bütün Xəbərlər
16:01 15.05.2014
1118
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “The Business Year” nəşrinə geniş müsahibə verib. 
Prezident müsahibəsində ölkəmizin üçün prioritet olan bütün məqamlara toxunub. İlham Əliyev prezident olduğu dönəmdə gördüyü işlər, iqtisadiyyatımızın inkişafı, İKT sahəsində qazanılan uğurlar, Azərbaycan milli brendi hesab olunan "Asan Xidmət" haqqında xarici jurnalistlərə geniş məlumat verib. 

Jurnalistin xarici siyasətdə Azərbaycanın uğurları ilə bağlı sualına Prezidentin cavabı belə olub: "Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata keçirilən fəal xarici siyasət ölkəmizin nüfuzunun yüksəlməsini, beynəlxalq aləmə daha sıx inteqrasiyasını, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsini təmin etmişdir. Bu gün Azərbaycan müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan, mövqeyi nəzərə alınan bir dövlət hesab olunur. 2011-ci ildə sərt rəqabət şəraitində BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimiz xalqımızın tarixi nailiyyəti, xarici siyasətimizin böyük uğuru olmaqla yanaşı, həm də ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuz qazandığını göstərmişdir. Göründüyü kimi, beynəlxalq aləm dövlətimizin mövqeyini dəstəkləyir, addımlarımızı təqdir edir. Çünki Azərbaycan bütün beynəlxalq təşkilatlarda özünü ləyaqətlə aparır, prinsipial mövqeyini və öz milli maraqlarını hər şeydən üstün tutur. BMT Təhlükəsizlik Şurasında iki illik fəaliyyəti dövründə, xüsusilə quruma sədrliyi müddətində Azərbaycan qlobal təhlükəsizliyə, dünyada sülhün bərqərar olmasına, sivilizasiyalar və mədəniyyətlərarası dialoqun inkişafına öz layiqli töhfəsini verərək, xüsusi fəallığı ilə seçilmişdir.

Azərbaycan həm də qlobal transmilli və çoxsaylı regional layihələrin əsas təşəbbüskarı kimi çıxış etmişdir. Ölkəmizin həyata keçirdiyi enerji siyasəti təkcə bizim üçün deyil, həm də regionumuz və dünya üçün mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, 2013-cü il dekabrın 17-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı zəngin qaz ehtiyatlarının hasilatı və dünya bazarlarına çıxarılması üzrə “Şahdəniz-2” beynəlxalq yekun investisiya layihəsi imzalanmışdır. Hesab edirəm ki, “Şahdəniz-2” dünyanın enerji xəritəsində yeni vəziyyətin yaranmasına səbəb olacaq və tarixə “XXI əsrin kontraktı” kimi düşəcəkdir.
Hazırda Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmişdir. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır. 2013-cü ildə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə beynəlxalq konfransın, III Beynəlxalq Humanitar Forumun, İkinci Mədəniyyətlərarası Dialoq Forumunun, Davos Dünya İqtisadi Forumunun və digər yüksək səviyyəli qlobal tədbirlərin keçirilməsi buna sübut ola bilər.
Bizim aparıcı beynəlxalq təşkilatlarla və başqa ölkələrlə çoxtərəfli və ikitərəfli münasibətlərimiz də inkişaf etmişdir. Azərbaycan ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq qurumların çərçivəsində səmərəli fəaliyyətini davam etdirmişdir. Keçən il Avropa İttifaqı ilə vizaların sadələşdirilməsi istiqamətində önəmli saziş imzalanmışdır. Bu, bizim Avropa İttifaqı ilə olan münasibətlərimizin göstəricisidir. Əminəm ki, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı strateji tərəfdaşlığın ən səmərəli formatını yaratmağa nail olacağıq.
Biz region ölkələri, dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı etimada əsaslanan münasibətlərimizi inkişaf etdirməklə yanaşı, xarici siyasətimizin yeni vektorlarına uyğun olaraq, həm də qeyri-ənənəvi istiqamətlər üzrə fəal diplomatiya nümayiş etdirdik. Bu mənada Avropa və Asiya ölkələri ilə ənənəvi tərəfdaşlıq münasibətlərimizi davam etdirməklə yanaşı, həm də üzv olduğumuz Qoşulmama Hərəkatı ölkələri, Latın Amerikası və Afrika dövlətləri ilə siyasi, iqtisadi və humanitar əməkdaşlığın gücləndirilməsini xarici siyasətimizin prioritetləri sırasına daxil etmişik. Təsadüfi deyil ki, son dövrlərdə Latın Amerikasının bir sıra ölkələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyinə dəstək vermişlər. Artıq dünyanın 10 ölkəsi 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən Xocalıda törədilmiş qətliamı soyqırımı aktı kimi tanımış, həmin dövlətlərin parlamentləri müvafiq qərarlar qəbul etmişlər.
Qarşıdan gələn illərdə ölkəmizin siyasi və iqtisadi potensialının daha da gücləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində səylər davam etdiriləcəkdir. Xarici siyasətimizin təməlində Azərbaycanın milli maraqlarının qorunması dayanır ki, bu istiqamətdə bütün lazımi addımlar atılacaqdır.
Təəssüflə qeyd etməliyəm ki, xarici siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində bu günə kimi ciddi bir irəliləyiş olmamışdır. Ermənistan tərəfi danışıqlar prosesini müxtəlif bəhanələrlə uzatmaqda davam edir və mövcud status-kvonun saxlanmasına çalışır. Düzdür, ötən ilin sonunda danışıqlar prosesində nisbi canlanma müşahidə edilmişdir. Buna görə də, güman etmək olar ki, 2014-cü ildə bu proses davam etdiriləcəkdir. Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycan heç vaxt öz tarixi torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və ediləcəkdir. Münaqişə davam etdikcə Ermənistan dövləti bölgənin bütün transmilli və regional inkişaf layihələrindən kənarda qalacaq, erməni xalqının vəziyyəti pisləşməkdə davam edəcək və ölkənin olub-qalan sosial-iqtisadi potensialı tükənəcəkdir"
Prezidentin bu müsahibəsi bir daha dünyanın Azərbaycana artan marağını ortaya qoyub. Qonşu dövlətlərin dünya güclərinin poliqonuna çevrildiyi, vətəndaşlarının iqtisadi və siyasi böhran yaşadığı bir şəraitdə Azərbaycan dövlətinin xalqın maraqlarına yönəlik, balanslaşdırılmış xarici siyasətinin nəticəsidir ki, ölkəmiz heç bir qüvvənini toruna düşmür. Müstəqil və balanslaşdırılmış siyasət yürütməklə, hər kəsin və hamının hesablaşdığı bir dövlətə çevrilib. Məhz elə bunun nəticəsidir ki, regionda Azərbaycanın rolu və iştirakı olmadan hər hansı layihə reallaşa bilmir.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR