Ermənilərə işləyən azərbaycanlıların məhkəməsi hamını şoka saldı - TƏFƏRRÜATLAR
Bütün Xəbərlər
18:20 21.09.2012
2203
Erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan Azərbaycan ordusunun hərbi qulluqçuları - Orxan Əliyev və Elçin Əfəndiyevin məhkəmənin ilkin baxış iclasının qərarından kassasiya şikayətinə baxılıb. Bu barədə “Gündəlik Teleqraf”a Ali Məhkəmədən məlumat verilib.Məlumata görə, Şirvan Apelyasiya Məhkəməsində keçirilən prosesdə təqsirkar hesab olunan şəxslərin apelyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul edilib. Lakin müdafiə tərəfi apelyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyiblər.Buna görə də məhkəmə qərarından kassasiya şikayəti veriblər. Prosesə sədrlik edən hakim müdafiə tərəfinin kassasiya şikayətinə baxılması üçün cinayət işinin materiallarının Ali Məhkəməyə göndərilməsi barədə qərar qəbul edib. Ali Məhkəməyə daxil olan kassasiya şikayətinə baxılıb. Şirvan Apelyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarı dəyişdirilməyib və təqsirləndirilən şəxslərin kassasiya şikayəti təmin edilməyib.İş materialları yenidən apelyasiya şikayəti üzrə məhkəmə istintaqı aparılmadan baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.Qeyd edək ki, Füzuli Hərbi Məhkəməsinin hökmü ilə Orxan Əliyev 12 il və Elçin Əfəndiyev 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilənlər Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 180.2.4cü (soyğunçuluq), 331.3-cü (hərbi qulluqçunu təhqiretmə, döymə və ya işgəncəvermə), 338.1-ci (Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını pozma) maddələri ilə ittiham ediliblər.Hər iki təqsirləndirilən şəxs “N” saylı hərbi hissədə xidmət etdikləri zaman düşmənlə təmasa girərək, Azərbaycanın dövlət təhlükəsizliyinə xələl gətirən hərəkətlər ediblər.Onlar xidmət etdikləri hərbi hissədə əsgər yoldaşlarının əmlaklarını talamaq cinayətləri də törədib, əsgərlərin pullarını və digər əşyalarını götürməklə soyğunçuluq ediblər. Bundan əlavə, təqsirləndirilənlərin hərbçi yoldaşlarını döyüb, söyməklə onlara işgəncə vermələri də ittiham aktında yer alıb.