"Ermənistan əhalisi pislə, ən pis arasında seçim etməli idi və etdi" - Paşinyanın seçilməsinə reaksiya

SİYASƏT
15:24 21.06.2021
3435
Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyasının ölkədəki seçki məntəqələrinin hamısının hesablanmasından sonra 53,92 % səs topladığı məlum olub.

Ermənistanda MSK-nın son məlumatına görə, 1 281 911 bülleten sayıldıqdan sonra Nikol Paşinyanın partiyasının 53,92 % (687 251 seçici), keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan” blokunun isə 21,04 % (268 165 seçici) səs topladığı təsdiqlənib.

Bəs bu seçkinin nəticələri regionda vəziyyətə necə təsir edəcək?

Politoloq Elxan Şahinoğlu AZXEBER.COM-a bildirib ki, Ermənistan əhalisi pislə, ən pis arasında seçim arasında qalaraq birincini seçmək məcburiyyətində qaldı:

"Böyük Britaniyanın əfsanəvi baş naziri Uinston Çörçil İkinci Dünya Müharibəsində müttəfiqlərlə birgə faşizm üzərində qələbə çalsa da, müharibə bitdikdən bir neçə gün sonra ölkəsində keçirilən parlament seçkisində rəqibinə məğlub oldu. Demokratiyalarda belə hallar da baş verir. Tərsi isə özünü əksər hallarda doğruldur, yəni istənilən ölkənin lideri müharibədə məğlub olduğu halda növbəti seçkidə məğlubiyyətlə üzləşir. 

Ancaq Ermənistandakı son parlament seçkisi istisna idi. Çünki Ermənistan əhalisi pislə, ən pis arasında seçim arasında qalaraq birincini seçmək məcburiyyətində qaldı”.

Elxan Şahinoğlu onu da qeyd edib ki, Paşinyanın qələbəsi o deməkdir ki, Ermənistan əhalisinin əksəriyyəti Azərbaycanla yeni müharibə istəmir:

"Birincisi, Paşinyanın qələbəsi o deməkdir ki, Ermənistan əhalisinin əksəriyyəti Azərbaycanla yeni müharibə istəmir və qonşularla münasibətlərin nizamlanmasında maraqlıdır.

İkincisi, Paşinyanın qələbəsi o deməkdir ki, Ermənistan əhalisinin əksər hissəsi seçkidə "Qarabağ klanına” "yox” dedi. 

Üçüncüsü, Paşinyanın qələbəsi o deməkdir ki, Ermənistan əhalisinin əksər hissəsi Qarabağa görə ölkələrini itirmək istəmirlər”.

AZXEBER.COM-a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Nikol Paşinyanın qalib gəlməsi bölgədəki sülhün davamlılığına nail olmaq üçün önəmlidir: 

"Ermənistanda keçirilən Parlament seçkiləri onu deməyə əsas verir ki, erməni xalqı Paşinyanın yürütdüyü siyasətə sadiqlik göstərdi və onun ideyalarının davam etdirilməsini istəyir. Nikol Paşinyanın qalib gəlməsi "10 Noyabr” Bəyənatının məntiqi nöqteyi-nəzərdən sona çatdırılması üçün və bölgədəki sülhün davamlılığına nail olmaq üçün önəmlidir və bu, Paşinyanın üzərinə götürdüyü öhdəlikləri də yerinə yetirməsinə səbəb olacaq. 

Bundan başqa qarşıda bizi Azərbaycan - Ermənistan sərhədində yaranmış gərginliyin qarşılıqlı sürətdə həll edilməsinin nəzərdən keçirilməsi gözləyir. 

Digər önəmli məsələ isə Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Bununla bağlı real addımların atılması və əldə olunan razılıqların reallaşdırılması gözlənilir. Hazırkı dönəmdə Nikol Paşinyan kabineti formalaşdırdıqdan sonra atdığı ilk addımdan biri də Nəqliyyat və Kommunikası xətlərinin açılması istiqamətində olacaq. Bununla da bölgədəki sülhün böyük ölçüdə təmin olunmasına nail olacağıq”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR