Ermənistan və İranın AZXEBER.COM-u susdurmaq istəyi - AÇIQLAMA

Ermənistan və İranın AZXEBER.COM-u susdurmaq istəyi - AÇIQLAMA
MEDIA
12:48 05.09.2011
1913

Artıq bir neçə gündür ki, AZXEBER.COM portalına qarşı haker hücumları edilir. Dünən səhər saatlarından etibarən oxucuların portala girişi zamanı problemlər yaranıb. Portalda aparılan texniki işlər nəticəsində haker hücumlarının qarşısı alınıb. Portalın texniki direktoru sayta edilən hücumların İP ünvanları ələ keçirib və bununla da hücumların edildiyi ünvanlar aşkarlanıb. Maraqlı olan fakt isə haker hücumlarının Ermənistandan və İrandan təşkil edilməsidir.

Mövzuyla bağlı danışan AZXEBER.COM portalının baş redaktoru Əfsələddin Ağalarov bu ölkələrdən edilən hücumların heç də təəccüblü olmadığını söyləyib: “Bu cür cılız addımların məhz bu ölkələrdən gəlməsi heç də təəccüblü deyil. Son zamanlar Urmiya gölünün qurudulması ilə bağlı portalda fars rejimini ifşa edən xəbərlərin yayımlanması, İranın Azərbaycana qarşı olan qeyri-etik davranışlarına millət vəkillərinin, politoloqların və ictimai xadimlərin verdikləri cavabların portalda işıqlandırılması, bununla yanaşı əməkdaşımızın "Twitter" sosial şəbəkəsində Qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Sahakyanı susdurması və buna bənzər bir çox hadisələr bu cür hücumların başlanması üçün ən əsas səbəblərdən biridir. Bundan başqa əməkdaşlarımızın sosial şəbəkələrdə aktivliyi, xüsusən "Twitter"də "İran", "Armenia" haştaqları ilə adıçəkilən ölkələrin ifşa edilməsi onlara pis təsir edib. Təbii ki, bu hücumlar bizim informasiya siyasətimizdə heç bir dəyişiklik yarada bilməz. AZXEBER.COM portalı fəaliyyətə başladığı ilk gündən heç kəsdən çəkinmədən, milli maraqlara hörmətlə yanaşaraq öz informasiya siyasətini qurub. Bunu nə fars rejimi, nə də erməni hiyləsi məhv edə bilməz. Fərqli xəbərin ünvanı hər zaman olduğu kimi bu gün də oxuculara operativ informasiya çatdırmaqda davam edir.”

Baş redaktor portala edilən haker hücumları ilə bağlı müvafiq orqanlara müraciət edəcəklərini də inkar etməyib.

Xatırladaq ki, AZXEBER.COM portalı 2010-cu ilin 13 aprel tarixindən fəaliyyət göstərir. Portal Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin tələbələri Hacıbəy Heydərli və Əfsələddin Ağalarovun təsisçiliyi ilə yaradılıb və Azərbaycanda tələbə-jurnalistlərin yaratdığı ilk xəbər portalıdır.

OXŞAR XƏBƏRLƏR