Ermənistan sosial şəbəkələrində Azərbaycan-Ermənistan arasında davam edən sülh prosesinə qarşı çıxan paylaşımlar diqqət çəkir. Bəzi erməni istifadəçilərin paylaşdığı fikirlərdə sülh gündəminə qarşı açıq narazılıq ifadə olunur, Azərbaycana qarşı mənfi və düşmən ritorikasından istifadə edilir.
Paylaşımlarda "alçaldılma üzərində qurulan sülhlə razılaşmayacağıq” kimi ifadələr səsləndirilir, emosional çağırışlar edilir və Azərbaycan əleyhinə fikirlər yayılır. Bununla yanaşı, bəzi paylaşımlarda Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxan və keçmiş separatçı rejimə bağlılığı ifadə edən mövqelərə də rast gəlinir.
Xüsusilə keçmiş separatçı "Artsax”ı dəstəkləyən ifadələrin yenidən gündəmə gətirilməsi diqqət çəkir. Bu cür paylaşımlar Ermənistan cəmiyyətinin müəyyən hissəsində sülh prosesinə və regionda yeni reallıqlara qarşı müqavimətin hələ də davam etdiyini göstərir.
Siyasi şərhçi Azər Həsrət AZXEBER.COM-a açıqlamasında deyib ki, ermənilər Azərbaycanın illərlə etdiyi sülh təklifini dəyərləndirə bilmədilər:

"Azərbaycan dövləti ermənilərin başımıza gətirdiyi bütün oyunlara, müsibətlərə baxmayaraq, onlara dəfələrlə sülh əlini uzadıb. Yəni, biz əslində 44 günlük Vətən müharibəsindən əvvəl də, on illər boyunca Ermənistana və işğalçılara sülh əlini uzadırdıq. Onlara təklif edirdik ki, problemi dinc yolla həll edək və bir-birimizlə anlaşaq. Biz sizin əməllərinizi, sərt şəkildə qınamaqla bərabər, sizinlə sülh şəraitində yaşamağa hazırıq. Təəssüflər olsun ki, ermənilər bunu anlaya bilmədilər və nəticədə 44 günlük müharibə başladı. Özü də Ermənistanın yeni təxribatlarına cavab verərkən əks hücuma keçmək məcburiyyətində qaldıq və onlara qüdrətimizi göstərdik”.
O qeyd edib ki, onların bu tip çağırışları bizi qətiyyən narahat etmir:
"2023-cü ilin 19-20 sentyabrında da eyni proses davam etdi. Yəni, 44 günlük müharibədən ötən üç il ərzində Azərbaycan yenə də separatçı, terrorçu, işğalçı ermənilərə və onların havadarlarına yumşaq bir dildə başa salmağa çalışdı ki, silahı yerə qoymaq, qanun çərçivəsində yaşamaq lazımdır. Təəssüflər olsun ki, bunu da anlamadılar və anlamadıqlarına görə lokal antiterror əməliyyatına getmək məcburiyyətində qaldıq.
Yəni, bunlar sərt ritorika ilə üstümüzə gəldikcə, dəmir yumruq təpələrini əzir. Əzdikcə də ağıllanacaqlarına, daha da ağıllarını itirirlər. İndi də Ermənistanda bu çağırışlar, bu cür paylaşımlar, ümumiyyətlə, sülhü şübhə altına alan davranışlar bizi narahat etmir”.
"Onlar Azərbaycanın dəmir yumruğundan ötrü darıxıblar, o yumruğu təkrar təpələrində hiss etmək istəyirlər. İstəyirlərsə, biz nə deyə bilərik? Məcbur etsələr, başlarına yumruqla vurub sülhə məcbur edəcəyik. Yəni, Azərbaycan dövləti onları bir dəfə yox, bir neçə dəfə sülhə məcbur edib. İndi başa düşməli, ağıllanmalı idilər, amma görünür ki, ağıllanmırlar,-deyə ekspert bildirib.
Şahanə Ziyad












































