"Ermənistandakı parad Rusiyanın Azərbaycana göndərdiyi növbəti bir mesajdır"
Bütün Xəbərlər
01:34 22.09.2011
2222
Bu il iyunun 26-da Bakıda, Azadlıq meydanında keçirilən və ən müasir hərbi texnikanın nümayiş olunduğu, bütün dünyaya səs salan möhtəşəm hərbi paraddan sonra Ermənistan öz ordusunun gücünü nümayiş etdirmək məqsədilə İrəvanda hərbi parad keçirib. Ermənistanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş paradda həm də Rusiyanın Ermənistandakı bazasının hərbi texnikası və hərbçiləri də iştirak edib. Hərbi jurnalist, ehtiyatda olan mayor Rahib Qərib deyir ki, Ermənistanda keçirilən hərbi paradın Bakıdakı paraddan əsas fərqi də elə budur. Onun sözlərinə görə, ilk fərq budur ki, özünə müstəqil deyən bir dövlət 20 illiyində başqa ölkənin ordusunu nümayiş etdirir. Artıq Ermənistanın özündə də Rusiya hərbçilərinin bu paradda iştirakına etiraz edənlər olub. Belə ki, bir qrup şəxs, həmçinin jurnalistlər buna etiraz olaraq aksiya keçirməyə cəhd edib. Polis onları saxlayıb. Aksiyaçıların əllərindən alınan plakatlarda “Ermənistan Rusiyanın bir hissəsi deyil”, “Yad bayraqlara yox” kimi şüarlar yazılıb. Paradda nümayiş olunan texnikalara gəldikdə isə burada əsasən Sovet İttifaqından qalma və Rusiya istehsalı olan silah-sursatlar çoxluq təşkil edib. Bu sahədə də Azərbaycandakı paradla olan fərq açıq-aydın görünüb. Ermənistan bu paradda yerli istehsal olduğunu iddia etdikləri cəmi 1 pilotsuz təyyarə nümayiş etdirib. Amma R. Qərib bunun heç də milli olmadığını deyir. İrəvanda keçirilən paradda diqqət çəkən daha bir məqam isə burada daha çox canlı qüvvənin nümayişinə üstünlük verilməsidir. Paradda daha çox kiçik silahlarla şoular olub. R. Qərib deyir ki, bununla ermənilər paradın miqyasını daha böyük, rəngarəng göstərmək istəyib, diqqəti köhnə texnikadan yayındırmağa cəhd edib. Bu paradlar arasında fərq elə keçirilmə müddətindən görünür. Belə ki, İrəvandakı parad cəmi 1 saat, Bakıdakı parad isə 2 saata yaxın davam etmişdi. Politoloq Ərəstun Oruclu isə ANS PRESS-ə açıqlamasında Ermənistanda keçirilən hərbi paradda Rusiyanın Ermənistandaki bazasının hərbi texnikasının və hərbçilərinin iştirak etməsində qeyri-adi heç nə görmür. Onun sözlərinə görə, Rusiya dəfələrlə Ermənistanla müttəfiq olduğunu bəyan edib: "Bu gün bu iki dövlət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında da birgə təmsil olunur və bu ölkəni də açıq-aşkar Rusiya silahlandırır, silah-sürsatla təmin edir. Bu səbəbdən bu hərbi paradda Rusiyanın Ermənistandakı hərbçilərinin təmsil olunması normal haldır". Ə. Oruclunun fikrincə, bu gün İrəvanda keçirilən hərbi parad bir növ Azərbaycana qarşı gücün nümayiş etdirilməsidir: "Bu gün MDB məkanında Dağlıq Qarabağ münaqişəsinin yenidən qızışması ehtimalı daha çoxdur. Bildiyiniz kimi, bu gün Azərbaycanın həyata keçirdiyi TransXəzər layihəsinə Rusiya olduqca qısqanc yanaşır". Politoloq hesab edir ki, bu parad birbaşa olaraq Ermənistanın Rusiyanın vasitəsi ilə Azərbaycana qarşı yönəlmiş şantajdır. Onun fikrincə, bu parad bir növ Ermənistanın hər zaman Rusiyanın və Rusiyanın Ermənistanın yayında olmasına və olacağına bir mesajdır. “Bu, Rusiyanın Azərbaycana göndərdiyi növbəti bir mesajdır. Bu mesajda Rusiya Azərbaycanı dostla düşməni ayırd etməyə çağırır. Bu mesaj bir daha göstərir ki, Rusiya Azərbaycanın dostu deyil".