Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarı ilə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim forması ilə bağlı tələblər dəqiqləşdirilib.
Yeni qaydalara əsasən, müəyyən olunmuş məktəbli formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə icazə verilməyəcək. Şagirdlərin bu tələblərə əməl etməsinə nəzarət məktəblərin Pedaqoji Şuralarına həvalə olunub, valideynlər isə övladlarının qaydalara uyğun geyinməsini təmin etməlidirlər. Milli geyimlərdən və ya onun elementlərindən yalnız müvafiq tədbirlərdə, Pedaqoji Şuranın qərarı ilə istifadə edilə bilər.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Qarayeva AZXEBER.COM-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin vahid məktəbli geyim forması ilə bağlı qərarı ilk növbədə şagirdlər arasında sosial bərabərliyin gücləndirilməsi, məktəbdə bərabərhüquqluluq və vahidlik mühitinin formalaşmasına xidmət edir:
"Dünyəvi təhsil dini inancları inkar etmir, əksinə, müxtəlif dünyagörüşlərinə malik şagirdlərin bərabərhüquqlu təhsil almasını təmin edir. Fərdi seçimlər və valideynlərin yanaşmaları nəzərə alınarkən dövlətin müəyyən etdiyi qaydalara hörmətlə yanaşmaqla yanaşı, insan hüquqları və qarşılıqlı anlaşma da qorunmalıdır. Əsas məqsəd geyim üzərindən fərqləndirmə yaratmaq və ya kiminsə dini inancına xələl gətirmək deyil, hər bir məktəbli üçün dünyəvi və inklüziv təhsil mühiti formalaşdırmaqdır”.
Fəridə Əsədzadə











































