“Təhsil Nazirliyində minlərlə valideyn boynu bükük övladının sənədini ala bilmir. Özbaşınalıqdır”.
Bunu birinci qrup Çernobıl əlili Seyidli Mirsahib Nuru oğlu “AzPolitika.info”-ya göndərdiyi məktubda yazır. ŞikayətçiTəhsil Nazirliyinin Nostrifikasiya şöbəsindən gileylənir. M.Seyidli yazır: “Oğlum Seyidli Miryunis YÖS sistemi ilə 2008-2009 tədris ilində Qazaxıstan Respublikası Türkestan şəhərində yerləşən Əhməd Yəsəvi adına Türk-Kazak universitetinə qəbul olmuşdur.Tədrisini müvəffəqiyyətlə başa vuraraq vətənə olan xidməti borcunu ödəmək üçün Azərbaycana qayıtmışdır. Bunu da qeyd edim ki, universitetdə oxuyan zaman bir sıra nüfuzlu təşkilatlarda ixtisasartırma kurslarında iştirak edərək sertifikatlar almışdır.2014-cü ilin sentyabr ayının 16-da diplomunu təsdiqlətmək üçün Təhsil Nazirliyinin Nostrifikasiya şöbəsinə təqdim etmişdir. Oradan bizə bildirdilər ki, müəyyən dövlət qurumlarına (Gömrük, Sərhəd xidməti), o cümlədən oxuduğu universitetə sorğular ediləcək və alınan cavablara görə diplomunun təsdiqlənmək işinə baxılacaq.Oğlum 2014-cü ilin oktyabr ayının 1-də Azərbaycan Respublikası Daxili Qoşunlarının N saylı hərbi hissəsinə Vətənə olan borcunu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə getdi. Biz valideyn olaraq dəfələrlə Təhsil Nazirliyi ilə əlaqə saxlasaq da, bizə deyilən cavab bu oldu ki, oğlunuzun oxuduğu universitetdən sorğumuza cavab gəlməyib.2014-cü ilin dekabr ayına qədər biz gözlədik. Sonradan həmin universitetdə oxuyan oğlumun tələbə yoldaşları ilə əlaqə saxladıqdan sonra məlum oldu ki, Təhsil Nazirliyi heç həmin universitetə məktub belə yazmayıb. Sonradan öz imkanlarımızlaə lazım olan sorğu cavablarını Təhsil Nazirliyinə göndərtdik.Bundan sonra Təhsil Nazirliyi Daxili Nəzarət şöbəsinin müdiri Nəzakət Hacıyeva bizə bildirdi ki, narahat olmayın, 2015-ci ilin yanvar ayının 15-nə qədər sənədləriniz hazır olacaq. Lakin bu da fırıldaqdan başqa bir şey deyildi.Valideyn olaraq qəbuluna getdikdə, Nəzakət Hacıyeva mənə bunu dedi:“Siz harada yaşayırsız? Bura Azərbaycandır”.Mən bu suala həmin vaxtlar bir cavab, məna tapa bilmirdim. Ancaq indi mənə aydın olur ki, bu rüşvət istəməyin mədəni formasıdır. Hətta Həzakət Hacıyeva mənə açıq-aşkar bildirirdi ki,“Hara istəyirsizsə şikayət edin. Buranın ağası bizik. Bizə heç kim heç nə edə bilməz”.Nəhayət 2015-ci ilin aprel ayında mənə Təhsil Nazirliyindən zəng oldu ki, oğlunuz Seyidli Miryunisi müsahibəyə dəvət edirik, gəlməlidi mütləq. Mən də öz növbəmdə bildirdim ki, oğlumun hərbi xidmətə getməsindən 6 ay keçməyib hələ, uşağı necə gətirim?Ancaq mənə dedilər ki,“Bu sizin şəxsi probleminizdi. Necə istəyirsiz elədə edin. Uşağı gətirməsəz sənədinə baxılmayacaq”.Oğlumun xidmət etdiyi Daxili Qoşunlara müraciət elədim. Oğlum 2015-ci ilin may ayının 8-də məzuniyyətə buraxıldı. 2015-ci ilin may ayının 12-də isə Təhsil Nazirliyində müsahibədən keçdi. Oğluma bildirdilər ki, 1 ay müddətində Sizə nəticə haqqında cavab veriləcək. Lakin indiyə qədər heç bir cavab yoxdur.Sual vermək istərdim ki, hansı dövlətdə hansı qurumda belə özbaşınalıqlar var?Hansı dövlətdə bir sənədi 10 aya verirlər? Hansı dövlətdə vətəndaşdan soruşurlar ki, Siz harda yaşayırsız? Nəzakət Hacıyeva kimdir və onun arxasında kim dayanıb ki, o, hətta ölkə Prezidentinin məmurlar haqqında dediyi sözlərə belə məhəl qoymur?Əgər bu məsələnin üstünə düşüb araşdırılsa, onda bütün gərçəklər üzə çıxacaq. Təhsil Nazirliyində rüşvət tüğyan edir. Minlərlə valideyn boynu bükük övladının sənədini ala bilmir. Bu nə özbaşınalıqdır? Təhsil nazirimiz cənab Mikayıl Cabbarov hara baxır?Əgər sənədi 2015-ci ilin iyul ayına qədər oğlumun xidmət keçdiyi hərbi hissəyə təqdim eləməsəm, övladım 6 ay əlavə xidmət edəcək.Onsuz da bu haqsızlıqlara görə savadlı gənclərimizin çoxu gedir xaricə. Axı bizim Azərbaycanımıza savadlı kadrlar lazımdır. Onlar bizim və dövlətimizin gələcəyidir. Niyə onlar bu məmur özbaşınalıqlarına görə xaricə üz tutmalıdırlar ki?Mənim artıq çarəm qalmayıb. Xahiş edirəm bu məsələni araşdırıb, işıqlandırasız”.
Vətəndaşın şikayəti ilə bağlıTəhsil Nazirliyinin mövqeyini öyrənməyə çalışacağıq.