“Euronews” Azərbaycanda ilk dəfə keçirilən forumdan reportaj hazırladı

“Euronews” Azərbaycanda ilk dəfə keçirilən forumdan reportaj hazırladı
SOSİAL
22:54 03.10.2025
217
Bakıda "Seabreeze Resort”da keçirilən ilk Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) ölkənin iqtisadiyyatını şaxələndirməyə, həm Şərqdən, həm də Qərbdən investorları cəlb etməyə sadiqliyini nümayiş etdirib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə "Euronews” telekanalının "Azərbaycan İnvestisiya Forumu yeni biznes imkanlarını nümayiş etdirir” adlı videoreportajında ​​qeyd olunub.

Kanal qeyd edib ki, AIIF 2025 ölkənin inkişaf edən iqtisadi strategiyasını araşdırmaq üçün qlobal investorları bir araya toplayıb:

"Forum çərçivəsində imzalanmış iki böyük saziş Azərbaycana ən böyük investisiyaların qoyulması ilə yadda qalıb. Birincisi, Azərbaycana Şərqdən, dost Birləşmiş Ərəb Əmirliklərindən gələn 5 milyard dollardan çox sərmayədir. İkincisi, Azərbaycanın ən böyük xarici sərmayəsi İtaliyanın API şirkətinin SOCAR tərəfindən alınmasıdır”,- deyə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Süjetdə həmçinin qeyd olunur ki, Azərbaycanın sabitliyi və ölkənin neft və qaz gəlirlərindən insan kapitalını inkişaf etdirmək üçün istifadə etməsi beynəlxalq investorlar üçün əsas etibar siqnalına çevrilib.

İtaliyalı beynəlxalq əlaqələr üzrə ekspert Rafael Marketti öz növbəsində qeyd edib ki, Azərbaycan investisiyalar üçün çox əlverişli mühit təklif edir:

"O, sabitdir, əlverişli beynəlxalq mövqeyə malikdir və insan potensialını və infrastrukturunu inkişaf etdirmək üçün təbii ehtiyatlardan - neft və qazdan istifadə edir. Ölkə iqtisadi inkişafı inamla davam etdirir”.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov isə qeyd edib ki, ölkənin iqtisadi siyasəti enerji infrastrukturuna 144 milyard dollardan çox investisiya cəlb etməyə kömək edib:

"Hazırda biz vacib gələcək layihələr, o cümlədən bizi Avropa və Mərkəzi Asiya ilə birləşdirən interkonnektorlar üzərində işləyirik”.

"Euronews” qeyd edib ki, Azərbaycan da özünü həlledici dəyişikliklərə məruz qalan ölkə kimi təqdim edib: forumda enerji ilə yanaşı, rəqəmsallaşma, infrastrukturun inkişafı və yeni tərəfdaşlıqlar da müzakirə edilib.

"Sea Breeze Resort”un sahibi Emin Ağalarov bildirib ki, Azərbaycan özünü təhlükəsiz hiss etmək istəyən inamlı xarici investorlar üçün açıqdır.

Qeyd olunub ki, əldə olunmuş razılaşmalarla yanaşı, forum dialoq platformasına çevrilərək, diplomatiyanın və birbaşa ünsiyyətin yeni tərəfdaşlıq əlaqələrinin qurulmasında mühüm rol oynamaqda davam etdiyini nümayiş etdirib.

Videomaterial AIIF 2025-in əlaqə, yaradıcılıq və şaxələndirməyə əsaslanan baxışı nümayiş etdirdiyini qeyd etməklə yekunlaşıb. Bakıda keçirilən forum başa çatsa da, uzun illər regionda və ondan kənarda öz izini qoyacaq.
OXŞAR XƏBƏRLƏR