'Eurovision-2012' zamanı yük avtomobilləri paytaxta buraxılmayacaq
Bütün Xəbərlər
15:50 04.05.2012
1267
“Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar bölgələrdən nəqliyyat axını azaldılmalıdır. AZXEBER.COM xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib. Onun sözlərinə görə, Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxt küçələrində yarana biləcək avtomobil sıxlığı nəzərə alınmalıdır. “Avtomobil sıxlığının yaranmaması üçün istər rayonlardan Bakıya gələn, istərsə də Bakıda qeydiyyatda olan avtomobil sahibləri şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər. Həmçinin müsabiqə ilə əlaqədar yük avtomobillərinin də paytaxta girişi məhdudlaşdırılacaq” – deyə, K.Əliyev bildirib. Şöbə rəisi qərarın icrası üçün hüquqi şəxslərə müraciət edildiyini bildirib. Müraciətdə hüquqi şəxslərdən mayın 8-dən sonunadək yük avtomobillərinin Bakıya girişinin maksimum səviyyədə məhdudlaşdırılması ilə bağlı tədbirlər görmələri xahiş olunub.