'Eurovision-2012'ni boykot çağırışı ciddiləşir

MƏDƏNİYYƏT
16:20 12.03.2012
1911
Nüfuzlu "Amnesty International" beynəlxalq insan haqları təşkilatı Avropa ölkələrini may ayında ölkəmizdə keçiriləcək "Eurovision" mahnı müsabiqəsini boykot etməyə çağırıb. AZXEBER.COM Yeni Müsavat qəzetinə istinadən xəbər verir ki, buna əsas səbəb kimi, ölkədə baş verən insan haqlarının pozuntuları, mediaya təzyiqlər və haqsız həbslərdir. “Al-Jazeera” telekanalının rəsmi saytı qeyd edir ki, ölkə hakimiyyəti bu yarışmayla Bakının beynəlxalq aləmdə nüfuzunun artmasını gözləyir. Lakin ölkədə insan haqlarının durumu bərbad vəziyyətdədir. Təşkilat Azərbaycan haqda sonuncu hesabatından misal gətirərək, ölkədə aksiyaların keçirilməsindəki problemləri, jurnalistlərə qarşı baş verən təzyiqləri qeyd edib. “Amnesty International” təşkilatının Avropa və Mərkəzi Asiya layihəsinin rəhbəri Con Dalhuysen "Guardian" qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan özünü insan haqlarına hörmət edən bir ölkə kimi göstərə bilmir və bu yarışma ölkədə baş verən kobud insan haqlarının pozulmasını gizləməyəcək. Məlumatda həmçinin bildirilir ki, artıq Ermənistan bu yarışmadan imtina edib, Hollandiya, Fransa və İrlandiyanın yarışma üzrə təşkilatçıları da boykot kampaniyasına dəstək veriblər, İslandiya telekanalı isə yarışmanın canlı yayımlanması ilə bağlı tərəddüd edirlər.  Bəhreynin “Daily Tribune” mətbu orqanı da “Amnesty International” təşkilatının boykot çağırışının əks-səda doğurduğunu qeyd edib və ölkədə insan haqlarının pozulması və azad mətbuata təzyiqlər fonunda bu günlərdə jurnalist Xədicə İsmayılovaya qarşı baş vermiş şantaj və təhdidlərə də yer ayırıb. Qəzet həmçinin son günlərdə dinc aksiya keçirmək istəyərkən həbs edilmiş gənclərdən də bəhs edib.

OXŞAR XƏBƏRLƏR