Elton İbrahimov: «Təhsilimi Azərbaycanda davam etdirmək istəyirəm»
Elton İbrahimov. Bu ad hər kəsin xatirində bir cür qalacaq. Çoxları onu «Eurovision» yarışmasının milli seçim turunun finalçısı kimi yaddaşlarına yazacaq, bəziləri gözəl səhnə mədəniyyəti, rəqsi, dinamikliyi, sərbəstliyi, biz az da utancaqlığı ilə xatırlayacaqlar. Təbii ki, bütün bunlar gəlişi xoş sözlər deyil. Müsahibimin güclü finalçılardan olması, yaşının az olmasına rəğmən, səhnədə özünü itirməməsi, hətta Heydər Əliyev sarayında keçirilən final gecəsində mahnısının səhv verilməsinə baxmayaraq, heç nə olmamış kimi davam etməsi, nəticədə iştirakçıların güclü alqışına səbəb olacaq ifa tərzi dediklərimizin təsdiqi ola bilər. Təbii ki, «Eurovision» seçimlərinə qatılmaq, 119 iştirakçı arasından 72-yə düşmək, 5-ci həftənin qalibi olmaq və nəhayət final mərhələsinə çıxmaq 17 yaşlı bir məktəbli üçün çox böyük uğurdur. Musiqini həyatının mənası hesab edən, amma, ilk olaraq ali təhsil almaq istəyən Elton seçimlərə bir daha qatılıb-qatılmayacağını dəqiqləşdirməsə də, o, qısa vaxt ərzində özünü ictimaiyyətə tanıtdı, populyarlaşdı, sevildi…
- Elton, mümkünsə, özün haqda oxucularımıza məlumat verərdin.
- Mən İbrahimov Elton 17 yaşım var, 11-ci sinif şagirdiyəm. Rusiyada anadan olmuşam və hazırda orada təhsil alıram. Musiqi ilə uşaq vaxtından maraqlanıram, uşaqlıqdan evdə musiqi qoşub, rəqs edib oxuyurdum. Valideynlərim istedadımı görüb məni musiqi məktəbinə apardılar. 9 ildir latın, 8 ildir vokal dərsləri alıram. Musiqi məktəbinin vokal bölümünü bitirmişəm. Ailəm azərbaycanlıdır. Ailədə 4 uşağıq 1 bacım, 2 qardaşım var.
- Səndə musiqiyə həvəs necə yarandı?
- Atam musiqini çox sevir. Asəf Zeynallı adına musiqi məktəbini bitirib. Lakin peşəsinin dalınca getməyib, başqa sahə ilə məşğul olur. Bacım da musiqi məktəbini bitirib. Görünür, bizdə musiqiyə maraq gendən, qandan gəlib. Uşaqlıqdan rəqs və vokalla məşğul olmağı, müsabiqələrə, yarışmalara qatılmağı da, məhz bu amillə bağlayıram. Bütün günlərim belə keçirdi.
- “Eurovision” milli seçim turuna qatılmaq qərarına gəlişin də maraqlıdır…
- «Eurovision» yarışmasına qatılmağı hər zaman arzu etmişəm. Bakıda yaşayan əmim oğlu milli seçim turuna qatılmaq üçün mənim adımdan anket vermişdi, çünki onlar mənim bu yarışmaya qatılmaq perspektivlərimi gördüklərini deyirdilər. Nəhayət məni yarışmaya dəvət etdilər, təbii ki, bu hadisəni həyatımda ən xoş xəbərlərdən hesab edirəm və buna görə özümü şanslı sayıram.
- Milli seçim turunun finalına çıxacağına inanırdın? Yoxsa səninçün təsadüf oldu?
- Mən müsabiqəyə qatılarkən öz gücümə, istedadıma güvənirdim. Hiss edirdim ki, finala vəsiqə qazanacağam. Görünür, fikrimdə yanılmamışam. Sağ olsun münsiflər heyəti və mənə səs verən bütün insanlar. Məhz onların dəstəyi, qiyməti nəticəsində finala vəsiqə qazandım.
- Səncə Səbinə Babayeva birinciliyə layiq idimi?
- Səbinə Babayeva uzun müddətdir ki, peşəkar insanlarla çalışıb və neçə illərdir ki, sənətdədir. O güclü səsə malikdir. Hörmətli münsiflər “Eurovision”a onu layiq bildilər. Mən də buna çox sevindim. İnanıram ki, Səbinə “Eurovision”da ölkəmizi uğurla təmsil edəcək.
- Səncə Azərbaycan bu il də «Eurovision»da birinci ola bilərmi?
- Hər şey ola bilər. İndidən nə isə demək çətindir. İnşallah Azərbaycan bu il də “Eurovision”da birinci olar. Səbinə birinci olsa, burada təəccüblənəsi heç nə yoxdur. Çünki o, buna gözəl səsi ilə layiqdir.
- Gələn il yenidən “Eurovision”a qatılmaq istəyərsən?
- Hələlik fikrim yoxdur. Amma ola bilər ki, yenidən qatılım. Hər şeyi zaman göstərəcək.
- Bundan sonrakı planların nədir? Nə yenilik edəcəksən?
- Mənim hələ 17 yaşım var (gülür). Hələ çox gəncəm. İlk növbədə məktəbi bitirib, ali məktəbə qəbul olmalıyam. Bununla yanaşı, musiqi təhsilimi də davam etdirəcəyəm. İstəyirəm ki, təhsilimi Azərbaycanda davam etdirim. Hazırda mənimçün əsas olan təhsildir.
- Kənardan utancaq oğlana bənzəyirsən, efirdə də bu hiss olunurdu. Həyatda çox utancaqsan?
- Xeyr, həyatda utancaq deyiləm. Hər şeyin öz yeri var. Mən hər bir insanlar ünsiyyət qura bilirəm. Məni tanıyanlar bunu təsdiq edə bilərlər.
- Həyatda ən qorxduğun şey nədir?
- Həyatda ən qorxduğum şey yaxın insanları itirməkdir.
- Azərbaycan müğənnilərindən kimi özünə rəqib bilirsən?- Rəqib deməzdim. Kumirim, sevdiyim, dinlədiyim insanlar var. Bu sırada Röya, Elton və Ramalın adını çəkə bilərəm.
- Son olaraq nə demək istərsən...- Məni dəstəkləyənlərə, bəyənənlərə çox təşəkkür edirəm və minnətdarlığımı bildirirəm. Bundan sonra da məni bəyənənləri sevindirəcəyimə söz verirəm. Təşəkkürlər hər kəsə. Müsahibə üçün siz də sağ olun. Hacıbəy Heydərli