'Eurovision'un keçiriləcəyi 'Bakı Kristal Zalı' fantastik olacaq

MAQAZİN
23:42 14.03.2012
4059
"Eurovision 2012" mahnı müsabiqəsinin keçiriləcəyi "Bakı Kristal Zalı" çox sayda rəngarəng işıqlandırma sistemləri ilə bəzədiləcək. Kompleksin fasadı üzərində müxtəlif rənglərdən ibarət 45 minə yaxın işıq çaları olacaq. Bu barədə Trend-ə kompleksin tikintisi üzrə layihənin tərəfdaşı İsveçrənin "Nüssli International AG" şirkətindən bildirilib. "Fasad özü də şou üçün istifadə olunacaq. Hətta səhnəyə çıxacaq iştrakçı ölkəni elan edərkən həmin ölkənin bayrağının rənglərini fasad üzərində əks etdirmək də mümkün olacaq", - şirkətin məlumatında qeyd olunub. Bildirilib ki, "Bakı Kristal Zalı"nın fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, onun işıq saçan büllur görünüşü olacaq. Artıq kompleksdə işlərin böyük hissəsi başa çatıb. Aprelin ortalarında isə "Brainpool GMBH" şirkəti kompleksdə işıqların və səhnənin quraşdırılmasına başlayacaq. Məkan may ayına qədər müsabiqəyə tam hazır olacaq. Şirkətdən bildirilib ki, bu cür möhtəşəm məkanın tikintisinin qısa müddət ərzində başa çatdırılması üç əsas komponentin paralel olaraq istehsal edilməsi, buraya gətirilməsi və quraşdırılması nəticəsində mümkün olub. Bu komponentlər kompleksin özəyi olan "Modular Stadia", daxili tavan və üst fasaddır.

OXŞAR XƏBƏRLƏR