Evakuatorları DYP deyil, hürri-mələklər müşaiyət edir...
Bütün Xəbərlər
10:50 16.06.2014
1764
Elşən MusayevDeməli belə. O gün öz aləmimdə (guya) avtomobil park edirəm. Niyə öz aləmimdə? – Orasını deyim. Orası da bundan ibarətdir ki... artıq elə bir mərhələyə gəlmişik, sürdüyün maşını hətta hansısa binanın damına belə park etsən, yenə gedib rahatca işlərinlə məşğul ola bilməzsən. Bəlli səbəbdən. Və ya bir baxarsan ki, evakuatorçu “qardaş”larımız alpinist kimi ora da dırmaşıb, nəqliyyatı o yüksəklikdən düşürməyin də yollarını tapıb, öz “uğurlu”, "nəcib”, "təmiz”, "analoqsuz” fəaliyyətlərinə davam edirlər. Bəli, bəli. Heç təəccüblənib, eləməyin. Eynən dediyim kimidir. Onlar bu dünyanın ən alicənab sənət yiyələridir. Üstəgəl, hamısı da Allah vergisindən pay alanlardır. Bəs necə? Hətta icazənizlə çoxlarında olmayan bu “şoğərib” İSTEDAD komponentinin xırda təfsilatlarına belə vara bilərəm. Konkret ritorika ilə. Məsələn, mənim üçün çox maraqlıdır: görəsən bu ölkədə neçə nəfər adam tank boyda maşının eyni anda həm nişan alınması, həm qarmaq taxılaraq dartılması, həm evakuatora yüklənməsi, həm də bir göz qırpımında qaçırılması üçün 3 saniyə vaxt sərf edə bilər? Hə?! “Mən bacara bilərəm”- deyən varmı? Varsa, öpərəm o oğlanın alnından. Ya da deyin görüm bu məmləkətdə neçə nəfər tapılar ki, qarşısındakı və arxasındakı maşınla 1 sm aralığında duran eşşək boyda CİP-i ruhu da incimədən (üstəgəl Kopperfildin belə gözlərini təpəsinə çıxaracaq səviyyədə) qartal kimi qamarlayıb, saatda 160 km sürətlə cərimə meydançasına çatdıra bilsin? Varmı, bu cür özündən deyən biri? Varsa, nə qədərdir? Deyin biz də tanıyaq...Ayrıca, bizim “evakuatorşik”lər həm də peygəmbər övladlarıdır. Ona görə də üzərlərində nə rəsmi sənədə, nə konkret geyimə, nə də hansısa digər tanıtım embleminə rast gəlinməz. Yox əgər bu söylədiklərimi kimsə görməzdən və bilməzdən keçib, çaşıb(!) həmin nəcibatlardan dediyim şeyləri tələb edəcək olsa, o zaman paralel olaraq Allah dərgahında böyük bir günaha batdığını da dərk etməlidir. Və ya bu dünyada evakuatorçu qardaşlara qarşı edilən bütün tərbiyəsizliyin qarşılığı o biri dünyada rəsmi sənədlə ödənəcək. Həm də təxminən radar “skrinşot”una oxşayan bir sənədlə!Ya da... bir baxırsan, hansısa demaqoq günün günorta çağı həmin peygəmbər övladlarına dərs vermək həvəsinə düşüb: Ay nə bilim üç dəfə səs gücləndirici ilə xəbərdarlıq eləməli idin, maşını DYP nümayəndəsinin müşaiyəti ilə aparmalı idin və s bu kimi "gic-gic" sərsəmləmələr, qanun xatırlatmaları...Oysa bilin və qulaqlarınıza birdəfəlik sırğa edin: Nəcib, zərif insanların səsləri də özləri kimi “prozraçnı” olur. Onlar sizi nəinki 3, hətta bəlkə də 30 dəfə – idarə etdiyiniz maşının başqa yerə park edilməsi ilə bağlı səsləyirlər. Sadəcə eşitmirsiniz. Ya da bəsirət qulaqlarınız qapalıdır deyə o müqəddəs səsləri eşitmə gücündən (qabiliyyətindən) məhrumsunuz!O ki qala DYP-nin müşaiyət məsələsinə... Hürri-mələklərin müşaiyəti olan yerdə DYP-nümayəndəsinə ehtiyac olmur əzizlərim! Ayıbdır, bu cür bəsit təfəkkür nümunəsi sərgiləmək! Ayıbdır, nur kimi insanlara qara yaxmaq! Özünüzü daha artıq rəzil etməyin! Kənardan çox iyrənc görünürsünüz...Və nəhayət: Haqq yolunda verdiyiniz 50 manata görə də heç deyinib, donquldanıb - eləməyin. Bu nə rüsumdur, nə rüşvət. Fitrədir bu, dəyərli həmvətənlərim! Allah yolunda fitrə.