Evdəki qatıq 1-2 günə turşuyur, market qatığı isə yox – SƏBƏB

Evdəki qatıq 1-2 günə turşuyur, market qatığı isə yox – SƏBƏB
SOSİAL
13:06 10.09.2026
533

Qatıq bütün fəsillərdə insanlar tərəfindən sevilən və süfrələrdə geniş istifadə olunan süd məhsullarından biridir. 

Bir çox ailə qatığı ev şəraitində hazırlamağa üstünlük verir. Lakin evdə hazırlanan qatıq soyuducuda saxlanıldıqda 1-2 gün ərzində turşuya bildiyi halda, marketlərdə satılan qatıq məhsullarının daha uzun müddət dad və keyfiyyətini qoruması diqqət çəkir. 

Maraqlıdır, marketlərdə satılan qatıq məhsulları niyə daha uzun müddət xarab olmur? Evdə hazırlanan qatığın daha tez turşumasının səbəbi nədir? Qatığın saxlanma müddətinə temperatur rejimi və istehsal zamanı istifadə olunan əlavələr necə təsir edir?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Texnika elmləri doktoru, qida eksperti Elsevər Fərzəliyev bildirib ki, süd məhsullarının saxlanılmasında temperatur rejimi mühüm rol oynayır: 

"İstehsal olunan süd məhsulları ən qədim zamanlardan bəri bir neçə gün saxlama qabiliyyətinə malik olur. Soyuducuda bu məhsulların saxlanılmasında soyuducunun daxilində olan temperatur rejimi kömək edir. Temperatur rejimi soyuducunun daxilində, yəni salonunda 0-dan müsbət 6 dərəcəyə qədər olmalıdır. Standarta uyğun olaraq 4 ± 2 dərəcə kimi qeyd edirlər. Bu mühitdə saxlanılan qatıq məhsulları uzun müddət qala bilir. Bir-iki gün yox, bir neçə gün qalır”.


Ekspert qeyd edib ki, ev şəraitində hazırlanan qatıq da düzgün temperaturda saxlanıldıqda daha uzun müddət keyfiyyətini qoruya bilər: 

"Mən də, məsələn, kənd südünü alıram, qatıq mayalandırıram, qoyuruq soyumağa. Bir həftədən sonra da korlanmır. Sənaye miqyasında istehsal olunan qatıq məhsullarının uzun müddət qalmasının bir səbəbi var. O səbəb qatıq istehsalında süd məhsullarına əlavə edilən konservantlardır ki, onlar E qrupu əlavələrinə aiddir. O konservantlar ki, südün qalma müddətini uzada bilir, bu əlavələr qatılmış süd məhsulları, o cümlədən qatıq da uzun müddət qalmaq qabiliyyətinə malikdir”. 

Qida eksperti vurğulayıb ki, qida əlavələrinin istifadəsi zamanı müəyyən edilmiş normalara əməl olunması vacibdir:

"Amma bir məqamı da qeyd edim ki, qatığın hazırlanmasında istifadə olunan E qrup qida əlavələri normadan artıq miqdarda istifadə edildikdə insan orqanizminə mənfi təsir göstərə bilər. Bu, təkcə qatığa deyil, digər qida məhsullarına da aiddir. E qrup qida əlavələri müəyyən edilmiş normalar çərçivəsində istifadə olunmalı və insan orqanizminə də həmin miqdarlarda daxil olmalıdır. Normadan artıq qəbul edildikdə isə orqanizm üçün mənfi təsirlərə səbəb ola bilər".

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR