'Əvəz Zeynallı Gülər Əhmədovadan 26 min manat istəyib' - MƏHKƏMƏ PROSESİ

Bütün Xəbərlər
18:49 02.07.2012
1637
Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi üzrə məhkəmə prosesi davam etdirilib. “Mərkəz”in məlumatına görə, bugünkü iclasda zərərçəkənlərin ifadələri dinlənilib.Əvvəlcə “Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov ifadə verib. O, müttəhim Əvəz Zeynallını şəxsən tanımadığını və ilk dəfədir gördüyünü bildirib. Zərərçəkmişin sözlərinə görə, “Xural” qəzetində dəfələrlə onun barəsində böhtan xarakterli yazılar dərc edilib. O, şərəf və ləyaqətinin, işgüzar nüfuzunun müdafiəsi məqsədilə Nərimanov rayon məhkəməsinə müraciət edib. Məhkəmə Ağabəy Əsgərovun xeyirinə qərar çıxarıb. Qərara əsasən, “Xural” qəzeti 1000 manat cərimə edilib və üzərinə təkzib verilməsi məsuliyyəti qoyulub. Bununla belə, qəzet cəriməni tam qaydada ödəməyib və iddiaçının maraqlarına cavab verməyən təkzib mətni dərc edib. Bundan başqa, “Xural” qəzetində məhkəmə qərarından sonra da böhran xarakterli yazılar dərc olunub. Ağabəy Əsgərov isə Əvəz Zeynallı və “Xural” qəzetinin məhkəmə qərarını yerinə yetirməkdən imtina etməsi ilə bağlı Baş Prokurorluğa müraciət edib.Əvəz Zeynallı isə bildirib ki, “Xural” qəzeti cərimənin 670 manatını ödəyib və təkzib verib. Lakin Ağabəy Əsgərovun sözlərinə görə, təkzib mətni ona təqdim olunsa da, o, təkzibin bu şəkildə verilməsi ilə razılaşmayıb. Nəşriyyat direktoru deyib ki, cərimə kimi Əvəz Zeynallı və “Xural” qəzetində tutulacaq məbləği ahıllar və ya körpələr evlərindən birinin hesabına köçürmək niyyətində olsa da, cavabdehlər cəriməni tam ödəməyiblər.Daha sonra millət vəkili Gülər Əhmədova ifadə vermək üçün məhkəmə zalına dəvət edilib. Lakin müttəhim bu ifadə ilə bağlı müdafiəyə hazır olmadığını bildirib. Onun vəkillərindəni biri Elçin Sadıqov isə özbaşına məhkəmə zalını tərk edib. Hakim Ramella Allehverdiyeva vəkilin bu qanunsuz əməli ilə bağlı Vəkillər Kollegiyasına müraciət ediləcəyini deyib. Bundan sonra müttəhimin özü və yaxınları zərərçəkmişin ifadəsinə imkan verməmək üçün zalda qalmaqal yaratdıqlarından, hakim prosesdə fasilə elan edib. Fasilədən sonra ifadə verən Gülər Əhmədova deyib ki, Əvəz Zeynallını jurnalist kimi tanıyır və münasibətləri normal olub. Lakin sonralar Əvəz Zeynallı millət vəkilini şantaj etməyə başlayıb. Gülər Əhmədova “Xural” qəzetində dərc edilən böhtan xarakterli yazılar anonsları ilə əlaqədar Əvəz Zeynallı ilə əlaqə saxlayıb. Tərəflər məsələyə aydınlıq gətirmək üçün görüşüblər. Görüşdə Əvəz Zeynallı Gülər Əhmədovadan anonsların dayandırılması müqabilində 26 min manat tələb edib. Lakin millət vəkili bununla razılaşmayıb və “Xural” qəzetinə yardım formasında 10 min manat çap xərci verə biləcəyini deyib.Gülər Əhmədovanın sözlərinə görə, bu görüşdən sonra bəzi məsləhətləşmələr aparıb və belə rəyə gəlib ki, Əvəz Zeynallı razılaşdırılmış məbləği aldıqdan sonra tələblərini daha da artıracaq, onun barəsində böhtan xarakterli yazıları isə davam etdirəcək. Gülər Əhmədova Əvəz Zeynallı ilə telefon danışığı zamanı onun səsini yazıb, eləcə də göndərdiyi SMS-ləri saxlayıb. O, “Xural” qəzetinin baş redaktoruna haqqındakı böhtan kampaniyasını dayandırmağı tələb etsə də, qarşı tərəf buna məhəl qoymayıb. Millət vəkili problemin qanuni qaydada həllinə nail olmaq üçün Baş Prokurorluğa müraciət edib.Hakim zərərçəkmişin ifadəsi ilə əlaqədar suallar üçün Əvəz Zeynallıya vaxt verib. Lakin o, sual vermək üçün hazırlıqlı olmadığını bildirib və məhkəmə prosesinin təxirə salınmasını xahiş edib. Məhkəmə heyəti bunu məhkəmənin təxirə salınması üçün əsaslı dəlil hesab etməyib. Bundan sonra müttəhimin vəkili Mənsum Bayramov vəsatət qaldırıb ki, Əvəz Zeynallının səhhəti pisdir və məhkəmə təxirə salınmalıdır.
OXŞAR XƏBƏRLƏR