Əvəzçilik üzrə əmək fəaliyyəti necə tənzimlənir?

Əvəzçilik üzrə əmək fəaliyyəti necə tənzimlənir?
SOSİAL
15:27 19.08.2026
249
Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdikdə işçi əsas iş vaxtından sonra həm əsas iş yerində, həm də başqa iş yerində əvəzçilik qaydasında əmək fəaliyyəti ilə məşğul ola bilər. Əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri hesab olunur.

AZXEBER.COM xəbər verir ki, əvəzçilik üzrə iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir və normal iş vaxtının yarısından çox ola bilməz. Gündəlik normal iş vaxtı 8 saat, həftəlik isə 40 saatdan artıq müəyyən edilə bilməz.

İş vaxtından sonra əlavə iş yerində əvəzçilik üzrə çalışmaq üçün əsas iş yeri üzrə işəgötürənin razılığı tələb olunmur. İş vaxtı ərzində əlavə işdə çalışmaq isə yalnız işəgötürənin razılığı ilə mümkündür.

Əvəzçilik üzrə çalışan işçilərə qanunvericilikdə nəzərdə tutulan istisnalar nəzərə alınmaqla əmək qanunvericiliyinin bütün normaları şamil edilir.

Əsas iş yerində zərərli, təhlükəli və sağlamlığa mənfi təsir göstərən əmək şəraitində çalışan şəxsin eyni şəraitli əlavə iş yerində əvəzçilik üzrə işləməsinə yol verilmir.

18 yaşdan aşağı işçilərin əvəzçilik üzrə işləməsinə isə əsas və əlavə iş yerlərində gündəlik iş vaxtının cəmi onlar üçün müəyyən edilmiş qısaldılmış iş vaxtından artıq olmadıqda icazə verilir.

Qısaldılmış iş vaxtı həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saat, 16–18 yaşlı işçilər, orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hamilə və yaşyarımadək uşağı olan qadınlar, həmçinin 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan çox ola bilməz.

Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət orqanlarının müvafiq vəzifəli şəxslərinin əvəzçilik üzrə əlavə iş yerində çalışmasına yol verilmir.
OXŞAR XƏBƏRLƏR