Payız və qış aylarında mənzillərin divarlarında nəmlik və kif yaranması sakinlərin tez-tez qarşılaşdığı problemlərdən biridir. Havaların soyuması ilə divarlarda nəmlik, pəncərələrdə buxarlanma və kif ləkələri əmələ gəlir.
Bəzi sakinlər bu problemdən qurtulmaq üçün divarları təmizləyir və yenidən rəngləyirlər. Lakin nəmlik mənbəyi aradan qaldırılmadıqda kif yenidən yaranır.
Bəs mənzillərdə nəmlik və kifin yaranmasının əsas səbəbləri nələrdir? Bu problemin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan memar Muxtar Ərturan bildirib ki, mənzillərdə kifin yaranması istilik izolyasiyasının zəifliyi, havalandırma problemləri və tikinti qüsurları ilə bağlı ola bilər:
"Payız və qış aylarında mənzillərin divarlarında nəmlik və kif yaranmasının əsas səbəbləri istilik izolyasiyasının zəifliyi, konstruksiyalarda istilik körpülərinin mövcudluğu, havalandırmanın düzgün təşkil edilməməsi və bəzi hallarda hidroizolyasiya qüsurlarıdır. Soyuq mövsümdə mənzilin daxilindəki isti və rütubətli hava xarici divarların soyuq səthləri ilə təmasda olduqda kondensasiya yaranır. Xüsusilə beton kolonlarda, künclərdə, pəncərə ətraflarında və istilik izolyasiyası zəif olan divarlarda bu proses daha intensiv müşahidə edilir. Davamlı nəmlik isə kif göbələklərinin inkişafı üçün əlverişli şərait yaradır”.
Memarın sözlərinə görə, müasir pəncərələrin quraşdırılması zamanı havalandırmaya diqqət yetirilməməsi də mənzildə nəmlik probleminə səbəb ola bilər:
"Burada ciddi layihələndirmə və istismar məsələsi var. Müasir, hermetik pəncərələr quraşdırılır, amma mənzildə lazımi hava mübadiləsi təmin edilmir. Nəticədə yemək bişirilməsi, duş qəbulu və gündəlik məişət fəaliyyəti zamanı yaranan rütubət mənzildə toplanır. Digər tərəfdən, dam örtüyündən, fasaddan, su xətlərindən və ya bünövrə zonasından daxil olan nəmlik də kifə səbəb ola bilər. Buna görə hər nəmlik problemini yalnız havalandırma çatışmazlığı ilə izah etmək düzgün deyil”.
M. Ərturan qeyd edib ki, kiflənmiş divarların təmizlənməsi və yenidən rənglənməsi problemi tam həll etmir:
"Ən böyük səhvlərdən biri kiflənmiş divarı təmizləyib yenidən rəngləməklə problemin həll olunduğunu düşünməkdir. Əgər nəmlik mənbəyi aradan qaldırılmayıbsa, kif yenidən yaranacaq. Belə mənzillərdə əvvəlcə nəmlik mənbəyi texniki müayinə ilə müəyyən edilməli, sonra istilik izolyasiyası, havalandırma və hidroizolyasiya üzrə müvafiq tədbirlər görülməlidir. Unutmayaq ki, kif sadəcə divarın görünüşünü korlayan ləkə deyil. Bu, yaşayış mühitinin sağlamlığına təsir edə bilən və arxasında ciddi texniki qüsurlar dayana bilən problemdir. Mənzildə kiflə mübarizə divarı rəngləməkdən yox, nəmin mənbəyini aradan qaldırmaqdan başlamalıdır”.
Fəridə Əsədzadə











































