Hər il noyabr ayının 15-dən mənzillərin, obyektlərin və digər sosial əhəmiyyətli binaların istiliklə təchizatına start verilir. Bu il hava şəraitinin daha tez və kəskin soyuması ilə bağlı istilik təchizatı vaxtından əvvəl həyata keçirilə bilərmi?
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev Modern.az-a bildirib ki, bu il qanunvericiliyə əsasən istilik təchizatının vaxtından əvvəl işə salınması nəzərdə tutulub:
“Havaların kəskin soyuması və metroloji şəraitin tələbiylə İcra hakimiyyətlərinin sərəncamına uyğun olaraq istilik mövsümü vaxtından əvvəl başlaya bilər. Qərar bu gün keçirilən müşavirədə qəbul edilib”.
Onun sözlərinə görə, artıq dağlıq rayonlarda noyabr ayının 1-dən istilik verilməsinə başlanılıb: “Bu gündən etibarən isə digər rayonlarda da obyektlərin sosial əhəmiyyətini nəzərə alınaraq, başda internat məktəbləri, doğum evləri, xəstəxanalar, uşaq bağçaları, məktəblər olmaqla mərhələli şəkildə istilik verilməsinə başlanılıb”.
Rafiq Əliyevin fikrincə, hansısa obyekt deyəndə onun ətrafı da nəzərdə tutulur: “Yəni bir internat məktəbi üçün ayrıca qazanxana yoxdur, ora istilik verilirsə, paralel olaraq yaxınlıqdakı binalar da istiliklə təchiz olunur. Bir daha abonentlərin nəzərinə çatdırmaq istəyirəm ki, istilik verilməsinə əvvəlcə internat məktəbləri və xəstəxanalardan başlanılıb”.