Evlilikdə nikah müqaviləsi nə dərəcədə önəmlidir? - MÜSAHİBƏ

Evlilikdə nikah müqaviləsi nə dərəcədə önəmlidir? - MÜSAHİBƏ
Bütün Xəbərlər
15:31 13.02.2012
2383

Son zamanlar evlənən cütlüklər arasında nigah müqaviləsinin bağlanması halları artıb.

Hüquqşünaslar da belə nikah müqavilələrinin bağlanmasını düzgün addım kimi qiymətləndirirlər.

AZXEBER.COM məsələ ilə bağlı hüquqşünas Nigar Rüfətqızının münasibətini öyrənib.

-Sizcə, nikah müqaviləsini bağlamağın vacibliyi nədən ibarətdir?

- Cütlüklər bu müqaviləni ona görə bağlamalıdırlar ki, nikah pozulduğu halda heç bir mülki anlaşılmazlıq yaranmasın. Müqavilə bağlanarkən tərəflər arasında müəyyənləşdirilir ki, ər və arvad öz istəyləri ilə bu müqaviləni imzalayırlar. Evlilik dövründə bu müqavilə dəyişdirilə, əlavələr edilə və ya ləğv edilə bilər.

Bu sahədə məhkəmələrdə ən çox baxılan və həlli vaxt aparan məsələ cütlüklər arasındakı mülkiyyət məsələləridir.

-Nigah müqaviləsinin bağlanması ilə tərəflər nəyə nail olmuş olurlar?

- Bu müqavilənin bağlanmasının xeyiri ondan ibarətdir ki, gələcəkdə yarana biləcək problemləri aradan qaldırır. Ancaq qeyd etməliyəm, belə bir problem də var ki, hələ ki tərəf arasında bu müqavilənin imzalanması o qədər də geniş yayılmayıb. Elə düşünülür ki, bu qarşı tərəfdə inamsızlıq, etibarsızlıq yarada bilər.

-Gələcəkdə nikah müqaviləsinin icbari olaraq tətbiq edilməsi ilə bağlı nə deyə bilərsiniz?

- İcbari olması ilə bağlı hələ qəti addımların atılmasına müəyyən müddət lazımdır. Çünki nikah müqaviləsinin bağlanmasından daha önəmli hələ qanunvericilikdə tərəflərin tibbi müayinədən keçmələri , bundan da önəmli , bəzi cütlüklərin qeyri-rəsmi nikah şəraitindən çıxmaları və s. kimi məsələlər durur.

-Azərbaycanda hal-hazırda bu müqavilələrin bağlanması ilə bağlı ümumi vəziyyət nə yerdədir?

- Yaxın zamanlarda nikaha girməyə hazırlaşan hüquqşünas xanımın başına gələnləri bilməniz kifayətdir. Belə ki, ailə quracağı şəxslə nikah evinə gedən xanım, hər iki tərəfin də razılığı ilə nikahlarını rəsmiləşdirəcək qadına nikah müqaviləsi bağlamaq istədiklərini söyləyiblər. Bunu eşidən qadın qəzəbindən hər ikisini də danlamağa başlayıb."Necə yəni, deməli sizin bir-birinizə etibarınız yoxdu? Evlənməyin, bəs niyə evlənirsiz?" Bu nümunəni gətirməkdə məqsədim ondan ibarətdir ki, hələ Azərbaycanda demək olar ki, böyük kütlə arasında bu müqaviləyə münasibət müsbət yöndə deyil.

Gülnarə Bayramova

OXŞAR XƏBƏRLƏR