Evsiz jurnalistlərin yorğan davası

Evsiz jurnalistlərin yorğan davası
Bütün Xəbərlər
15:49 01.06.2013
2506

Əfsələddin Ağalarov

Son günlər jurnalistlər üçün xəbərdən, reportajdan daha öndə duran bir məsələ gündəmdədi. Hazırda kimin xəbəri kimdən daha tez verməsi yox, kimin evi daha tez əldə etməsi məsələsi aktualdı.

Evi olan da, olmayan da “ev mənim haqqımdır” deyib, yeni tikilən evlərdən bir mənzil əldə etməyin hayındadı.

Bilməyənlər üçün deyim ki, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Prezident İlham Əliyev 2010-cu ildə dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan jurnalistlərə yaşayış evlərinin tikilməsi üçün 5 milyon manat ayırdı.

Sərəncamın legitimliyi üçün prezidentin göstərişi ilə evlərin paylanması Mətbuat Şurasına və Kütləvi İnformasiya Vasitələrinə Yardım Fonduna (KİVDF) həvalə olundu.

Sərəncamda nəzərdə tutulduğu kimi, Azərbaycanda fəaliyyətdə olan qəzet, xəbər portalı və agentliklərdə çalışan evsiz jurnalistlərin adlarının Mətbuat Şurasına təqdim edilməsi üçün vaxt verildi.

Bura qədər hər şeyin rahat olduğunu deyə bilərik. Ancaq, molla demişkən artıq dava yorğan davasına çevrilib.

Elə bir neçə gündür ki, “Yeni Müsavat” qəzeti bu məsələni jurnalistlərlə müzakirəyə çıxardıb. Qəzetin bu müzakirəsində sözügendən mətbuat orqanının baş redaktoru Rauf Arifoğlu, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Xaqani Səfəroğlu və moderator olaraq Sevinc Telmanqızı iştirak edib.

Müzakirədən qısa bir parçanı diqqətinizə çatdırım:

M.Ələsgərli: - Mən bir dəfə demişdim ki, Mehman müəllim mediadan daha çox siyasət adamıdır, xətrinə dəymişdi. Amma indi özü etiraf edir. O ki qaldı medianın durumuna, indi Azərbaycan mediası üçün çox şanslı bir dövr açılmaqdadır. Onun ilkin elementləri görünür. 200-dən çox dövlət var ki, onlar media azadlığına görə öndədilər. Bu dövlətlərin medianın sisteminə düşməsi, güclənməsi üçün dövlətin dəstəyi olub. Azərbaycanda da həmin proses gedir. Məsələn, İsveç hər zaman media azadlığına görə nümunəvi ölkələrdən biri kimi göstərilir. Orda medianın tənzimlənməsi və dəstəklənməsi üçün dövlət tərəfindən Sida Fondu yaradıldı. Fond köməklik göstərir ki, media öz işini gözəl şəkildə qursun. Dünyanın media baxımdan azad ölkələrindən olan Avstriyada da bizdəki kimi mediaya dəstək verilir. Danimarkada da buna bənzər durumdur.

M.Əliyev: - Bunlar Azərbaycana şamil oluna bilməz. Bizdə hakimiyyət legitim deyil.

M.Ələsgərli: - Siyasətçi kimi danışmayın. Digər tərəfdən, indi açıq, şəffaf iş sistemi qurulub. Siz deyən kimi prezidentin başqa niyəti olsaydı, o evi özü tikdirər, özü də sərəncam verib, jurnalistlərə paylayardı. Bu gün niyə bu işə Mətbuat Şurasını, KİVDF-ni qatır?

Deməli, Mehman bəyin fikirlərində daha çox siyasi məqamlar öz əksini tapır. O demək istəyir ki, heç kəs dövlətin tikdirdiyi evlərdə yaşamasın. Çünki jurnalist əgər həmin evdə yaşasa, bir də obyektiv yazı yazmayacaq. Burada Mehman bəyin unutduğu ən vacib məsələ bu evləri hakimiyyətin yox, dövlətin tikdirməsidir.

Yəqin eşitmisiniz. Belə bir söz var ki, əlimin beşini də bal eləsəm deyəssən ki, zəhərdi. Elə bu misal yuxarıda diqqətinizə çatdırdığım müzakirəyə aiddir. Axı kim deyir ki, həmin binadan ev alan jurnalistlər bir də obyektiv yazı yazmayacaq? Yazmaq və vicdanla peşəyə xidmət etmək hər bir şəxsin fərdi keyfiyyətindən irəli gəlir. Əgər kimsə ev alannan sonra tənqid etməyəcəksə bu onun şəxsi seçimidir.

Bu layihə ilə bağlı məni maraqlandıran daha vacib bir məsələ var. Görəsən bu evlərdən neçəsi gənc jurnalistlərə veriləcək? Ümumiyyətlə gənc jurnalistlərə ev veriləcəkmi?

Əslində, dünyanın bütün ölkələrində insanların yaşı onların üstünlüyü kimi qiymətləndirilir. Məsələn hansısa gənc jurnalist öz peşəsində uğur əldə edirsə onu hər zaman qiymətləndirirlər. Ancaq bəlkədə yeganə bizim ölkədə yaş faktoru insanın kariyerası üçün böyük əngəllər törədir.

Ona görə məni daha çox maraqlandıran, gənc ailə həyatı qurmuş jurnalistlərə hansısa şəraitin yaradılması və onların mənzil probleminin aradan qaldırılmasıdır.

Sonda bir gənc oğlanla bir yaşlı kişinin evlə bağlı maraqlı söhbətini diqqətinizə çatdırmaq istəyirəm. Mənim nə demək istədiyim bu hadisədə daha yaxşı təsvir olunub.

Gənc bir oğlan yaşadığı ölkənin içinə səyahətə çıxır. Məqsədi bu idi ki, vətənini qarış-qarış gəzsin, ən ucqar nöqtələrə belə, baş çəksin, hər yerdən bir şey öyrənsin, maraqlı insanlarla tanış olsun.

Yolu bir ağsaqqalın evinə düşür. Ağsaqqal xalq içində dindar, bilikli və əxlaqlı bir adam kimi tanınırdı. Gənc elə düşünürdü ki, yaraşıqlı və zəngin bir evlə qarşılaşacaq. Amma ağsaqqalın evinə girəndə görür ki, burada ən qiymətli əşya kitablardır. Bütün divarlar kitab rəfləri ilə örtülmüşdü. Evin avadanlığı isə çox sadə və kasıbyana idi. Yerə döşənmiş köhnə bir kilim, divar dibinə yığılmış yataq, yazı masası, oturmaq üçün kürsü və bir nəfərlik yemək dəsti – vəssalam. Nə mebel vardı, nə də xalça-palaz...

Oğlan heyrət içində soruşur: “Babacan, bəs, sənin ev eşyaların hanı? Başqalarınınkı kimi sənin də qab-qacaq, pal-paltar yığmaq üçün taxça-boğçan, mükəlləfiyyatın yoxdurmu?”.

Ağsaqqal cavanın sualını təbəssümlə qarşılayır və öz növbəsində soruşur: “Yaxşı, bəs sənin əşyaların hanı? Çiynində kiçik bir çanta gəzdirirsən. Yəqin ki ora çox şey sığmaz. Sənin pal-paltarın, yorğan-döşəyin, qab-qacağın haradadır?”.

Oğlan təəccüblə ona cavab verir: “Babacan, axı mən səfərdəyəm. Bunları özümlə gəzdirmək mənim nəyimə gərəkdir?”.

Ağsaqqal da təbəssümlər içində öz sözünü deyir: “Ay bala, elə mən də səfərdəyəm. Bu dünya bir yoldur, sonu isə axirət aləmidir. Ona görə bu dünyada misafir kimi özümlə ən zəruri əşyaları gəzdirirəm”.

OXŞAR XƏBƏRLƏR