Əzrayılın çiyinləri arxasında gizlənənlər

Əzrayılın çiyinləri arxasında gizlənənlər
Bütün Xəbərlər
15:38 19.06.2014
1275
Seymur Verdizadə

Jurnalistika sahəsində çalışdığım üçün ötən 15-16 il ərzində müxtəlif peşə sahibləri ilə əlaqə qura bilmişəm. Tanışlarımın arasında alim də, həkim də, şou-biznes nümayəndəsi də var. Birmənalı şəkildə deyə bilərəm ki, onların içərisində ən kasıb yaşayanlar elm adamlarıdır. Çünki Azərbaycanda kitab oxumaq mahnı oxumaq qədər gəlirli sahə deyil...

Bir alim tanışım var, yazıb-oxumaqdan gözünün qarası gedib. Tələbələrdən rüşvət almadığı üçün bütün vicdanlı adamlar kimi o da kasıb yaşayır. Ötən həftə borc-xərc edərək, köhnə bir “Mercedes” alıb. Düz bir həftədir ki, evlərində toy-bayramdır. Dünən dözməyib, belə dedim: “Bu maşın Azərbaycana gələnə kimi almanların uşaqları onun oturacaqlarını ən azı yüz dəfə isladıblar”.

Kişi nəyə eyham vurduğumu başa düşdüyü üçün etiraz etmədi. Amma arvadı özünü saxlaya bilmədi: “Bizimçün bu da xoşdur”.

Məncə, Azərbaycan aliminin necə acınacaqlı vəziyyətdə yaşadığını göstərmək üçün təkcə bu fakt kifayət edir. Almaniyada kasıb çobanın bəyənmədiyi köhnə “Mercedes” Azərbaycanda bir alimi xoşbəxt edə bilir...

İnsanı qayğı yaşadır. Alim də, həkim də, fəhlə də qayğıya möhtacdır. Bir qohumum var, əgər ömür vəfa etsə, 4 il sonra 100 yaşını qeyd edəcəyik. Dünən oğlu məndən xahiş etdi ki, atasının adından Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova məktub yazım. Rayonumuz işğal olunduğu gündən bəri yataqxanada yaşayan ağsaqqal ömrünü rahat mənzildə başa vurmaq istəyir. Ümid edir ki, faşizm üzərində qələbənin 70-ci ildönümü ərəfəsində dövlət ona ev verəcək.

Bir dəfə ondan uzunömürlü olmasının səbəbini soruşdum. Cavabı belə oldu: “İkinci Dünya Müharibəsində çox əziyyət çəkməyimə, iki dəfə yaralanmağıma baxmayaraq, sovet hökumətinin qayğısı məni ölməyə qoymadı”.

Dağlıq Qarabağ müharibəsində 2500 yurddaşımız əlil olub. Ötən 20 ildə onların 500 nəfəri dünyasını dəyişib. Daha bir neçə Qarabağ əlilinin ölümcül vəziyyətdə olduğuna dair məlumatlat var. Sovet hökumətinin öz əsgərlərinə göstərdiyi qayğını Qarabağ əlillərinə göstərə bilmədiyimiz üçün onlar 40-50 yaşlarında dünyalarını dəyişirlər.

Hakimiyyət təmsilçiləri ilə bu mövzuda söhbət edəndə, adətən, belə deyirlər: “İnsana ömrü verən də Allahdır, alan da. Allah-Təala Əzrayılı kimin arxasınca göndərirsə, onun da canını alır”.

Mən də insanlara ömrün Allah-Təala tərəfindən verildiyinə inanıram. Amma onu da bilirəm ki, insanları sıxıntı içərisində yaşadıb, Allah-Təalanın verdiyi ömrü qısaltmağa heç kimin ixtiyarı yoxdur. Səksən yaşlı Artur Rəsizadənin Baş nazir olduğu bu ölkədə 40 yaşlı Qarabağ əlilinin arvad-uşağını başına yığıb, öz kasıb həyatını davam etdirməyə haqqı çatır...

OXŞAR XƏBƏRLƏR