Fransa polisi bir ilə yaxın izlədiyi avtoxuliqanı bir neçə gün əvvəl həbs edib. Gənc motosikletçi əsasən radar quraşdırılan ərazilərdə “fəaliyyət göstərirmiş”. Belə ki, gənc fransız ötmə qadağan olunan ərazilərdə təhlükəli ötmə aparır, avtomobillərin yanından keçərkən motosikllə “şahə qalxırmış”. Nömrə nişanı saxta olduğu üçün onun ünvanını da müəyyən etmək mümkün olmurdu.
Nəhayət bu məsələ “Facebook”-un köməyi ilə həll edildi. Avtoxuliqan səhvən başqa adama (polisin tanışı olan qıza) dostluq təklifi göndərməsi ilə bütün “zibillərin üstü açıldı”. İş elə gətirir ki, əraziyə xidmət edən yol polisi əməkdaşlarından biri də “Facebook”da bu qız vasitəsilə onunla dostlaşır. Sən demə, avtoxuliqan bütün hərəkətlərini kameraya çəkərək “Facebook” səhifəsinə yerləşdiribmiş. Araşdırma zamanı “Facebook”dakı videolarla radar qeydləri üst üstə düşüb. Ertəsi gün həbs olunan oğlanın sürücülük vəsiqəsinin 1 il əvvəl ləğv edildiyi və motosiklin sənədlərinin qaydasında olmadığı məlum olub.
Məhkəmənin qərar ilə motosiklet müsadirə edilib, oğlan isə istintaq təcridxanasına göndərilib. O, ən yaxşı halda bir neçə min avro cərimə ilə canını qurtara biləcək./// lent.az