Xəbər verdiyimiz kimi, Baş prokuror Zakir Qaralov Cinayət
Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar,
profil və ya hesablardan istifadə edərək böhtan atma və ay təhqir etmə) maddəsinin
əlavə edilməsi ilə bağlı Milli Məclisə layihə təqdim edib. Yeni maddəyə əsasən,
internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya
hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir
etmə 1000 manatdan 1500 manata qədər cərimə və ya 360 saatdan 480 saata qədər
ictimai işlər, yaxud 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yeni maddənin "Qeyd” hissəsində
isə göstərilir ki, bu maddədə "saxta istifadəçi adlar, profil və ya
hesablar” dedikdə, internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə
istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya
ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş,
habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə
yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür. Müvafiq olaraq
Cinayət Prosessual Məcəlləsinə də uyğunlaşdırma düzəlişlər təklif edilir.
Baş prokuror Z.Qaralov əsaslandırmasında qeyd edib ki, təklif olunan əlavə və dəyişiklər
layihəsi internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya
hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir
etmənin qarşısının alınması və bu cür hüquq pozuntuları ilə daha səmərəli
mübarizə aparılmasını təmin edilməsi məqsədini daşıyır: ""Belə ki, təcrübədə
xüsusən də internet texnologiyalarının inkişaf etdiyi bir dövrdə bir sıra şəxslər
tərəfindən saxta adlar, profil və ya hesablar yaradılaraq insanların təhqir
edilməsi hallarına rast gəlinməkdədir. Göründüyü kimi, bu sahənin tənzimlənməməsi
və qanunvericilikdə olan müəyyən boşluqlar cinayət əməllərinin və digər bu kimi
qanun pozuntularının törədilməsinə şərait yaradır. Odur ki, təklifin qəbulu
hüquq pozuntularının qarşısının daha səmərəli şəkildə alınması, onlara qarşı
mübarizənin gücləndirilməsi, qanun pozuntularının, onları doğuran səbəb və şəraitin
aradan qaldırılması, habelə qanunvericilikdə olan müəyyən boşluqların aradan
qaldırılmasını təmin etməkdir”. Baş prokuror Z.Qaralov Cinayət Məcəlləsinin
323.1-ci (Azərbaycan dövlətinin başçısının-Azərbaycan Respublikası
Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə
və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma) maddəsinə əlavələrin
edilməsi ilə bağlı təkliflə də çıxış edib. Həmin layihəyə əsasən, bu maddədə
"və ya kütləvi informasiya vasitəsində” sözləri "kütləvi informasiya
vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya
ehtiyatında” sözləri ilə əvəz edilir. Buna görə qüvvədə olan sanksiya 500
manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və
ya eyni müddətə azadlıqdan məhrum etmədir. Qanunun 323.1-1 maddəsinə əlavələrin
edilməsi barədə təklifdə isə qeyd olunur ki, bu maddədə nəzərdə tutulmuş əməllər
internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya
hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə törədildikdə, 1000
manatdan 1500 manata qədər cərimə və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Beləliklə, qanunlara əlavələrlə bağlı edilən təkliflər Milli Məclisdə qəbul
ediləcəyi təqdirdə, Azərbaycanda internet informasiya ehtiyatında saxta profil
və adlarla yalan məlumat yayan, təhqir və təhlükəli çağırışlar edənlər cinayət
məsuliyyətinə cəlb ediləcəklər. Eyni zamanda, internetdə Azərbaycan
prezidentini təhqir etmə, şərəf və lәyaqәtini ləkələmə, yaxud alçaltma cəhdi də
cinayət məsuliyyəti yaradacaq.
Bəs görəsən Milli Məclisin Hüquq Siyasəti və Dövlət
quruculuğu komitəsinin üzvü olan deputatların sosial şəbəkələrlə arası necədir?
Bu məsələ yaxın vaxtlarda Milli Məclisin adıçəkilən komitəsinin iclasında
müzakirə ediləcək.
AZXEBER.COM məsələnin aktuallığını nəzərə alaraq Milli Məclisinin Hüquq siyasəti və Dövlət quruculuğu komitəsinin tərkibində yer alan deputatların sosial şəbəkələrdəki faəllığı ilə bağlı kiçik araşdırma aparıb.
Qeyd edək ki, bu komitədə 13 deputat yer
alır. Bu deputatlardan 4-ü yeni mandat sahibi olanlardır.
Komitə sədri Əli Hüseynli sosial şəbəkələrdən ən aktiv istifadə edən deputatlardandır. Deputat şəxsi "facebook" profilində mütəmadi olaraq görüşləri, parlamantdeki çıxışları və ayrı-ayrı məsələlər haqda fikirlərini paylaşır. Bu baxımdan deyə bilərik ki, Əli Hüseynli üçün sosial şəbəkələr də o qədər yad anlayış deyil və deputat "facebook"da gedən müzakirələrdən xəbərdardır.
Azərbaycan Parlamentində sözügedən komitə üzvlərindən biri də Rafael Cəbrayılovdur. Deputatın sosial şəbəkələrdə aktiv iştirak etdiyi rəsmi səhifələri də mövcuddur.
Sosial şəbəkələrdən ən aktiv istifadə edən daha bir deputat isə Azay Quliyevdir. Azay Quliyevin "facebook"da həm şəxsi profili, həm də fan-səhifəsi mövcuddur. Deputatın şəxsi profilində 5 min dostu, səhifəsində isə 13 minə yaxın insan var. Bu baxımdan Azay Quliyevi sosial şəbəkələrdən ən aktiv istifadə edən 5 deputatdan biri adlandıra bilərik. Təsadüfi deyil ki, Azay Quliyev Cinayət Məcəlləsinə "İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtanatma və ya təhqiretmə" maddəsinin əlavə edilməsinə ən sərt münasibət bildirən deputat olub və `Təhqirə görə ən ciddi cəzalar verilməlidir` deyib. Deputatın bu cür sərt tonda danışığına səbəb isə heç şübhəsiz ki, sosial şəbəkədə anonim şəxslər tərəfindən işlədilən səhifələrdə yazılan təhqirlər. söyüşlər və böhtanlardır.
Komitənin digər üzvü Fəzail Ağamalı da aktiv "facebook" istifadəçisidir.
Onun sosial şəbəkədə 5000-ə yaxın dostu var və deputat demək olar ki, hər gün
yeni paylaşımla yadda qalır. O eyni zamanda mətbuatda haqqında gedən xəbərləri
də səhifəsində paylaşır.
BAXCP sədri Qüdrət Həsənquliyev də "facebook"a yad deputatlardan deyil. O həmkarlarından fərqli olaraq sosial şəbəkədə profil yox, səhifə açıb. Deputatın səhifəsinə 600-ə yaxın insan bəyənib. Son paylaşımı isə 22 avqust tarixində edib. Böyük ehtimalla deputat sosial şəbəkələrdən daha çox müşahidəçi kimi istifadə edir.
Parlamentin yeni üzvlərindən olan Vüsal Hüseynovu da ən aktiv deputatlardan saya bilərik. Təsadüfi deyil ki, deputatın fan-səhifəsini 6000-a yaxın insan bəyənib. Deputat səhifəsində öz görüşlərini, çıxışlarını, yazılarını paylaşır. Vüsal Hüseynovu sosial şəbəkələrdən ən səliqəli və ən uğurlu istifadə edən deputatlardan hesab etmək olar.
Deputat Rövşən Rzayev əvvəllər sosial şəbəkələrdə aktiv olsa da, son zamanlar "yoxa çıxıb". Görünən odur ki, deputatın daha vacib işləri var və bu səbəbdən virtual dünyada insanlarla ünsiyyətdən qaçır.
Adıçəkilən komitənin tək xanım üzvü olan Məlahət İbrahimqızı"facebook"dan ictimai deyil, yalnız şəxsi məqsədlə istifadə edənlərdəndir. Xanım deputat sosial şəbəkədə yalnız tanıdığı insanları qəbul edir və paylaşımlarını yalnız dostları görə bilir. Deputatın cəmi 48 dostu var.
Parlamentin yeni üzvlərindən olan Elşən Musayev də "facebook"dan ən çox istifadə edən deputatlardandır. O daha çox mətbuatda çıxan yazılarının linklərini sosial şəbəkələrdə paylaşır. Deputata olana qədər maraqlı statuslarıyla diqqət cəlb edən deputat son zamanlar daha çox rəsmi paylaşımlarla yadda qalır. Ümumilikdə isə Musayevi aktiv "facebook" istifadəçisi adlandıra bilərik.
Araşdırmamız zamanı millət vəkilləri Çingiz Qənizadə, Sabir Hacıyev, Tahir Kərimli, Madar Musayev "facebook"da rast gəlmədik.
Bu həm də o deməkdir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 13 üzvündən 9-u aktiv "facebook" istifadəçisidir və müzakirələr zamanı yuxarıda adıçəkilən deputatların üzərinə çox böyük məsuliyyət düşəcək. Çünki Azərbaycanda son zamanlar insanların ən çox şikayət etdiyi məqamlardan biri də sosial şəbəkələrdə olan təhqirlər, söyüşlərdir. Hətta vəziyyət o yerə gəlib ki, bu söyüşlərə görə cinayət hadisələri də artıb. Ümid edək ki, yeni qəbul ediləcək qanundan sonra bu məsələ də nizamlanacaq və insanlar təhqirlərə yol verməkdən çəkinəcəklər.
Hacıbəy Heydərli,
AZXEBER.COM