Hacıbəy HeydərliHəyatda elə şeylər var ki, insan ondan əl çəkə bilmir.
O insana əzab versə də, insanı məhvə sürükləsə də ondan uzaqlaşmaq müşkül məsələyə çevrilir.Əminəm ki, bu cümlələri oxuyandan sonra hər kəsin ağlında bir şey canlandı. Mən isə bu gün son illər həyatımızın ayrılmaz parçasına çevrilən "facebook"dan yazmaq istəyirəm. Bəlkə də soruşa bilərsiz ki, nəyə görə yeni ilin ilk yazısını "facebook"a həsr etmişəm.Buna səbəb yeni ili "facebook"da qarşılmağım oldu. Əslində, təkcə mən yox, əksər dostlarım da yeni ili kompüter qarşısında qeyd etdi. Əslində, insanların yeni ili internetdə qarşılamasının bir neçə səbəbi var. Bunun başlıca səbəbi heç şübhəsiz ki, televiziya kanallarımızın şablon yeni il verilişləridir.Telekanallarımız il boyu verdikləri verilişələrə şaxta baba və qar qız əlavə edərək köhnə ili "yola verdilər". Bu tendensiya artıq neçə ildir ki, təkrarlanır. Elə bu səbəbdən də insanlar heç düşünmədən tv verilişlərini "facebook" söhbətlərinə dəyişirlər.Bununla bağlı dünən dostlarımızdan biri belə bir status yazmışdı: "Facebook"da insanların yeni illə bağlı fikirlərini oxumaq, hər gün gördüyümüz və artıq bezdiyimiz müğənnilərin yeni il haqda sözlərindən daha maraqlıdır".Bu gün televiziya ekranlarında baş verənlər internetdə müzakirə olunmur, əksinə sosial şəbəkərdə yazılan statuslar, paylaşılan fotolar, videolar televiziya kanallarımıza reytinq gətirir.Bu fakt da onu göstərir ki, internet daha da konkretləşdirsək "facebook" artıq televiziyalarımızı da kölgədə qoymağa başlayıb. Bu gün sosial şəbəkələrdə aktiv olan gənc televiziyada veriliş aparan şəxsdən heç də az tanınmır.Faktdır ki, bu gün çoxumuz "facebook" üçün yaşayırıq. Məsəl üçün: "facebook" üçün şəkil çəkdiririk, "facebook"da ağıllı görümək üçün 2-3 saat status fikirləşirik, "facebook"da qlamur görünmək üçün rus dilində şərhlər yazırıq və ən nəhayət "facebook"da check-in etmək üçün şəhərin öndə gedən restoranlarına, klublarına gedirik.Bununla bağlı bu yaxınlarda maraqlı bir hadisənin şahidi oldum: Demək dostlarımızdan biri bu yaxınlarda tanışlarından borca pul alıb və şəhərin ən elit restoranlarının birində nahar edib. Əslində isə məqsəd orada olduğunu "facebook"a yazmaq olub. Əslində, bütün bunların yaxşı və ya pis olduğunu deyə bilmərəm.
Ancaq bir şey var ki, bu gün bir çox insan məhz "facebook" üçün yaşayır, "facebook"da yaşayır. Səhər yuxudan duran kimi "facebook"a girmək, getdiyimiz hər yeri "facebook"a yazmaq, hətta çayxanada dostlarımızla oturanda belə real yox, virtual söhbətləşməyə başqa ad vermək olmaz.Bu gün insanları nələrin xoşbəxt etdiyini bilmək üçün onların "facebook" səhifəsinə baxmaq kifayətdir. Əvvəllər deyilən “dostunu göstər deyim kimsən” kəlməsi bu gün “facebookunu göstər deyim kimsən” sözüylə əvəz olunub.
İnsanların tanımaq üçün profillərinə baxmaq kifayətdir. İngiliscədən tərcüməsi “üz kitabı” olan “facebook” hər kəsin iç üzünü ortaya qoyan meydandır. Bu meydanda kimisi tərbiyəsizlik edir, kimsə həyatda edə bilmədiklərini edir, kimisi isə sadəcə bunları izləyir və qərar verir.“Facebook” həm də ölkədə azadlıq olmadığını iddia edən gəncləri ifşa edir. O gəncləri ki, onlar üçün əsl azadlıq kimisə bütün günü təhqir etmək, aşağılamaq, “mənim kimi düşünməyən məndən deyil” prinsipiylə yaşamaq, əllərinə pivə alıb xalqın qarşısına çıxmaqdır. Ancaq əminəm ki, onların istədikləri bu azadlıq elə “facebook”la da məhdudlaşacaq.Özlərini söydürmək üçün başqalarını təhqir edən “virtual canavarlar” heç vaxt real həyatda var ola bilməyiblər və bilməyəcəklər. Onlar ən yaxşı halda 3-4 “feyk” profildən “layk” yığa bilərlər.Sonda həmin insanlara bu “şərəfli” yolda uğurlar arzulayıram və deyirəm ki, əgər həqiqətən də siz dediyiniz kimi ölkəmizdə söz və fikir azadlığı olmasaydı, yazdığınız commentlərə və statuslara bir anın içində həsrət qalardız....Gün.Az