Bu dəfə AZXEBER.COM-un “Facebook ulduzları” rublikasının qonağı cazibədarlığı ilə hər zaman diqqət mərkəzində olan tanınmış teleaparıcı Zemfira Adıgözəlovadır. Zemfira xanımla müsahibəmiz elə layihəmizin formatına uyğun olaraq “Facebook” sosial şəbəkəsində baş tutdu.
Həmin müsahibəni olduğu kimi təqdim edirik:
“Adətən mənimlə bağlı xəbərlərin başlıqlarına “seksi” və “cazibədar” sözlərini yazırlar”
-Neçə ildir, aparıcılıqla məşğulsunuz?
- Əvvəllər də mən aparıcılıqla məşğul olmuşam. Zaman-zaman ara vermişəm. Amma son 4 ildə fasiləsiz bu işlə məşğulam.
- İlk efirə çıxdığınız gündən həm mətbuatın, həm də ictimaiyyətin marağında olan insanlardan birinə çevrilmisiniz. Çox kiçik bir zamanda bu qədər tez tanınmağı nəyə borclusunuz?
- Nəyə borclu olduğumu deyə bilmərəm, amma hər bir efir hazırlığının arxasında böyük bir komanda və böyük əziyyətlər durur. Ola bilsin, bununla əlaqədardır.
- Nədənsə mətbuatda sizinlə bağlı xəbərlərdən daha çox fotosessiyalarınızla rastlaşmaq olur. Həmin fotosessiyaların başlıqları isə daha çox insanın diqqətini çəkir. Demək olar ki, hər bir başlıqda “ən ecazkar aparıcı”, “ən seksual aparıcı”, “ən cazibədar aparıcı” və buna bənzər sözlər yazılıb. Bu yazılanları bir kənara qoysaq, siz özünüzü Azərbaycan teleməkanında ən seksual aparıcı hesab edirsinizmi?
- Bu sualın cavabını insanlar verə bilər. Digər mövzuda isə, düz deyirsiniz. Adətən mənimlə bağlı xəbərlərin başlıqlarında “seksi” və “cazibədar” sözlərini yazırlar. Nə bilim, mən normal baxıram bu yazılanlara. Bu cür yazan mətbuat orqanları daha çox oxucu cəlb etmək üçün belə sözlərdən istifadə edirlər. Uyğun gələn xəbərə də, gəlməyənə də.
- Əgər siz həmin xəbərin başlığını yazan jurnalistin yerinə olsaydınız, öz şəkillərinizə hansı başlığı verərdiniz?
-Bu barədə heç düşünməmişəm…
- Məsələn, istədiyiniz bir başlığı deyin…
- Bunu deyə bilmərəm. Amma bir çox başlıqlar məni qane etmir. Jurnalistlər sensasiya naminə bunu edirlər.
- Amma etiraf edin ki, əgər başqa başlıq yazılsa, sizinlə bağlı xəbər oxunmaz. Məsələn, “Azərbaycanlı teleaparıcıdan yeni xəbər var” başlığı daha çox şablon səslənir. Mənimlə razılaşırsınızmı?
- Hə, sizinlə razıyam. Ümumiyyətlə, istənilən informasiyada “seks” sözü tamaşaçını, oxucunu cəlb edir. Bu həm televiziyada, həm radioda, həm də saytlarda belədir. Hətta statistikaya baxsaq, görərik ki, ən çox oxunan məqalələrin başlığında “seks” sözü var.
“Yolda söz atanlar da olur”
- Yadımdadır, efirlərinizin biri çox böyük səs-küyə səbəb olmuşdu. Həmin gün “Facebook”da ancaq sizdən və həmin verilişin mövzusundan danışırdılar. Səhv etmirəmsə, verilişdə müğənnilər öz intim həyatlarından danışırdılar. Sizcə, tanınmış olsa belə, insanın öz intim həyatını efirdən danışması etikdirmi?
- Əslində, mənim bir yox, bir neçə səs-küylü verilişim olmuşdu. Həmin verilişə gəldikdə isə, orada intim həyatdan danışmamışdılar. Sadəcə, verilişin mövzusu “seksi və cazibədar ulduzlar” idi. Orada müğənnilərə “siz özünüzü seksual hesab edirsinizmi? Seksual görünmək üçün nə etmək lazımdır?” sualı ünvanlanmışdı.
- Zemfira xanım, yəqin ki, avtomobiliniz var. Həm tanınan bir aparıcı kimi, həm də cazibədar bir xanım kimi Bakı yollarında maşın sürmək sizə çətin gəlmirki?
- Bu, çox çətin məsələdir. Bir tərəfdən tıxaclar, bir tərəfdən maşın sürməyi bacarmayan insanlar gün ərzində çox yorur adamı.
- Bəs yolda sizə söz atan olur?
- Təbii ki, olur. Amma tanıyandan sonra xoş sözlər deyənlər də az deyil. Xoş sözləri həmin gərginlik anında eşitmək insanı rahatladır.
- “Facebook”da çox sayda dostlarınız, həm də sizi izləyən istifadəçilər var. Bəs onlar arasından sizə evlilik təklif edən olurmu?
- Hə, olub. Amma mən ciddi qəbul etmirəm. Çünki “Facebook”dakılar mənim ailəli olduğumu bilmədikləri üçün elə sözlər yazırlar.
“Mənə siyasi veriliş də təklif olunub”
- Zemfira Adıgözəlova şou-biznesdədir, yoxsa yox?
- Şou-biznesi izləyənlərdənəm (gülür).
- Amma sizi daha çox şou əhli ilə bir arada görürük. Bu, təsadüfdür, yoxsa…?
- Yox, təsadüf deyil. Mən şou verilişinin aparıcısıyam. Ona görə onlarla bir arada oluram.
- Sizə nə vaxtsa siyasi tok-şou formatlı layihə təklifi gəlsə, qəbul edərdiniz, yoxsa siz də siyasətdən uzaq duranlardansınız?
- Mənə siyasi veriliş təklif olunub. Amma mən siyasətdən uzağam. Hər bir formata uyğun aparıcı var. Hərə öz işi ilə məşğul olsa, daha yaxşı olar.
- Sonuncu sualım ənənəvi müsahibələrdə tez-tez rastlaşdığımız formatda olacaq. Axırıncı dəfə nə vaxt kitab oxumusunuz?
- Bir il bundan öncə.
- Müəllifin adını bilmək olar?
- Çingiz Abdullayevin əsərini oxumuşam. Onun əsərləri xoşuma gəlir.
- Təşəkkür edirəm müsahibə üçün. İndidən deyim ki, müsahibənin başlığında “seks” sözündən istifadə edəcəm.












































