Sosial şəbəkələr insan həyatının ayrılmaz hissəsinə çevrilib. İndi hər üç nəfərdən azı biri gününün böyük hissəsini sosial şəbəkələrə həsr edir. Müasir dövrdə sosial şəbəkə dedikdə isə ağıla daha çox “feysbuk” (Facebook) və “tvitter” (Twitter) gəlir. Dünyanın ən nüfuzlu sosial medialarından biri olan “feysbuk” 2004-cü ildə yaradılıb. Hazırda 700 milyona yaxın üzvü olan “feysbuk”un illik gəlirinin təxminən 51 milyard dollar olduğu bildirilir.Sosial şəbəkələrdən asılılıq isə sosial-ictimai həyata təsirsiz ötüşmür. Bu gün ailələrin dağılmasında, ictimai fikrin formalaşmasında, dövlət çevrilişlərində, aksiyaların təşkilində və sairədə sosial şəbəkələrin böyük təsiri var. Bütün dünyada olduğu kimi, Azərbaycanda da sosial şəbəkələrə maraq gündən-günə artır. Belə olan halda, ortaya bir çox suallar çıxır: sosial şəbəkələr zərərlidirmi? Virtual dünya canlı ünsiyyətdə problemlər yaradırmı? Və ən əsası internet asılılığından necə qurtulmaq olar? Bu suallarla ekspertlərə müraciət etdik.Psixoloq Dəyanət Rzayev sosial şəbəkələrin istifadəçilərdə müəyyən mənada asılılıq yaratdığını bildirdi: “İnsanda daimi tələb yaranır ki, aramsız ondan istifadə etsin, nəyəsə baxsın. Bu da çox vaxt aparır. Sosial şəbəkələrdən çox istifadə həyəcanlar, narahatlıq yarada bilər. Olur ki, insan bir balaca vaxtı olan kimi məlumat almaq və ya ona nə yazıldığını görmək üçün sosial şəbəkəyə daxil olmaq istəyir. Bu baxımdan asılılıq yarada bilir”. Psixoloq sosial şəbəkələrin bütün problemlərin səbəbkarı kimi qələmə verilməsini də düzgün saymır: “Sosial şəbəkələr insanların həyatında öz mövqeyini dərinləşdirdikcə insanlar real ünsiyyətdən uzaqlaşırlar və sosial şəbəkədə daha çox ünsiyyətdə olurlar. Səmimiyyət isə daha da zəifləyir. Amma bunda tam olaraq sosial şəbəkələri də günahlandırmaq düzgün olmazdı. Axı bu sosial şəbəkələrin xeyir də var. Bir-birindən uzaqda yaşayan insanlar da əlaqə yarada bilir. Sosial şəbəkələr, əksinə, neçə-neçə insanları ünsiyyətə cəlb edə bilir”. Psixoloq sosial şəbəkələrdən zərərli vərdişlər üçün istifadənin daha çox gənclər arasında yayıldığını vurğuladı. D.Rzayev intiharların bir səbəbini də virtual ünsiyyətdə görür. Onun fikrincə, insanın nəinki təkcə insanla, həm də təbiətlə, digər canlılarla ünsiyyəti virtual ünsiyyətdən qat-qat üstündür. Psixoloqun fikrincə, sosial şəbəkələrdən tamamilə imtina etmək də doğru olmazdı: “Bütövlükdə bu, zamanın tələbidir və bunu heç vaxt ləğv edə bilmərik. Amma onu demək önəmlidir ki, həddən artıq vaxt aparır. Ümumiyyətlə, sosial şəbəkələrdə maksimum bir, ya iki saat oturmaq olar. Ondan artıq oturmaq düzgün deyil”.Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova isə hesab edir ki, sosial şəbəkələr ailələrdə problemlərə səbəb olur: “Şəbəkələrin ailələrdə münaqişə yaratması halları da artıb. Ailələrdə xəyanət hallarının artmasında da sosial şəbəkələrin rolu böyükdür. Bəzən də sosial şəbəkələrdə qurulan ünsiyyət xəyanət kimi dəyərləndirilərək boşanmalara səbəb olur. Ancaq sosial şəbəkələr tənha insanların həyatında danılmaz müsbət rolu oynayır. Bəzən şəbəkələrdə qurulan münasibətlər bu insanların tənhalığına son qoyur və ya onlar ünsiyyətə girdikləri üçün özlərini psixoloji baxımdan rahat hiss edirlər. Ona görə də bu şəbəkələri lazımsız kimi dəyərləndirmək olmaz. Sadəcə, məsələyə daha açıq gözlə və çərçivədən çıxmamaq şərti ilə yanaşmaq lazımdır”.Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkələrə marağın sayının artmasını, internetinin inkişaf göstəricilərindən biri olduğunu deyir: “Ancaq bu sahədə neqativ hallar da az deyil. Məsələn, bu gün çoxları "Facebook"dan necə istifadə etməyi bilmir. Sosial şəbəkədən çat kimi istifadə edənlərin sayı daha çoxdur. İnkişaf etmiş ölkələrə isə sosial şəbəkələr müzakirə, diskussiya yeridir. Hesab edirəm ki, vəziyyət getdikcə dəyişəcək və şəbəkələr sosial mövzuların diskussiya yeri olacaq. Sosial şəbəkələrin ailələrə mənfi təsirinə gəldikdə isə bu fikirlərlə razı deyiləm. Bu məsələni ümumiləşdirmənin əleyhinəyəm. Buna fərdi şəkildə yanaşmaq lazımdır. Real həyatda da ailədə xəyanətlər olur. İnternet olmasa belə, bunu istəyən insan niyyətini reallaşdırır. Hesab edirəm ki, sosial şəbəkələr təhlükəsiz, effektiv, ələçatımlı olmalıdır. Ümumilikdə isə sosial şəbəkələrin insan həyatında müsbət rolu danılmazdır. Sosial şəbəkələr ölkənin təbliğatında mühüm rol oynaya bilər. Ona gərə də, bu inkişafdan kənarda qalmaq məntiqsiz olar. Hər şeydən artıq istifadə fəsad verdiyi kimi, internetə də aludə olmaq düzgün deyil. Bu həm də onların səhhəti üçün yolverilməz haldır"."Yeni Müsavat"