Fazil Mustafa: 'Azərbaycanda elm adamı siyasətçi olmağa məhkumdur' - MÜSAHİBƏ

GƏNCLİK
19:39 11.01.2012
1935

Xəbər verdiyimiz kimi 10 yanvar tarixində Azərbaycan Tədris Akademiyasında (A.S.A) "Biz niyə həyatımızı başqalarını nəzərə alaraq qururuq?" mövzusunda debat keçirilib. "Ortaq məxrəc" verilişinin formatında təşkil olunan debatın iştirakçılarından biri də, millət vəkili Fazil Qəzənfəroğlu idi. A.S.A-dakı debatın ardından Fazil Mustafanın AZXEBER.COM-un suallarını cavablandırdı.

- Azərbaycan Tədris Akademiyasında keçirilən debatla bağlı münasibətlərinizi bilmək istərdik.

Mən bu kimi debatların təşkil olunmasını faydalı hesab edirəm. Çünki xarici ölkələrdə tez-tez universitet mühitində gənclərin danışma vərdişləri ilə bağlı imkanları yaradılır. Azərbaycan gəncləri isə dilin ifadə imkanlarını dəyərləndirməkdə çətinlik çətirlər. Ona görə, gənclərin iştirakı ilə bu cür debatların təşkilinə müsbət baxıram. Belə tədbirlərin keçirilməsi məndə nikbinlik yaradır. Həm də yaxşı cəhət ondadır ki, insanlar sual verməyi bacarırlar və verilən cavaba etiraz edə bilirlər. Cəmiyyət üçün aktual mövzularda debatların, tədbirlərin keçirilməsinə müsbət yanaşıram.- A.S.A-nın tələbələri sizdə necə təsir bağışladı?

- Bir daha qeyd edirəm ki, gənclərin aktivliyi, fikirləri məni sevindirdi. Belə gənclər görəndə çox sevinirəm

-Fazil müəllim, bu günki debatın mövzusu ictimai rəylə bağlı idi. Sizcə Azərbaycanda ictimai rəy işləyirmi?

- Azərbaycanda hal-hazırda ictimai rəy işləmir. Çünki ictimai rəyin işləməsi stabil cəmiyyətlərə uyğundu. Yəni, o cəmiyyətlərdə artıq şairin, bəstəkarın öz yeri, iş adamının, vəkilin də öz yeri var. Biz də isə çox təəssüf ki, heç kəs ixtisaslaşmasını özü könüllü şəkildə müəyyən etmir. Sanki qapıların çoxu bağlıdır. Bu cür məsələlərdə cəmiyyətin inkişafını gözləmək lazımdır. Bəzi ölkələrdə bir qrup ixtisaslaşmış şəxslər öz həmkarlar ittifaqlarını yaradırlar, peşə hüquqlarının qorunması üçün addımlar atırlar. Bu artıq ictimai rəydi. Hətta fərqli janrlarda yazan yazarlar birliyi var. Amma demokratiya olmayan, totalitar ölkələrdə bunlar 1 ya 2 olur. Bu zaman rəqabət yaranmır. İxtisaslaşma aparmaq olmur. Çünki başqa qapılar açıq deyil. Azərbaycanda elm adamı yalnız siyasətçi olmağa məhkumdur.

- Azərbaycanda insan yoxsa struktur problemləri çoxdur?

- Bütün strukturlar insanların azadlıqlarının məhdudlaşdırılması üzərində qurulub. İnsanın yolunu necə təmizləyək ki, özünü ifadə edə bilsin. Məsələn, universitetlərdə belə mühit yaranıb ki, necə edək ki, bu tələbələr 4-5 illərini oxuyub çıxıb getsin. Müəllim aktiv tələbələri qəbul edə bilmir. O cümlədən, aktiv dövlət adamını, siyasətçini artıq dövlət sevmir. Bu kimi şeylər insan probleminin açılmasını çətinləşdirir. Elə bir cəmiyyətə gəlib çatmalıyıq ki, dövlətin insan üzərində qurduğu model dağılsın. Məsələn bizdə dövlət yönləndirir ki, sən bu sahəni seçməlisən. Daha çox dövlətin dediyi şüarı təkrarlamalı olur. Bu sindromu dağıda bilsək, istəyimizə nail ola bilərik.

- Fazil bəy, bu yaxınlarda ölkədə “Ziyalılar Forum”u keçirilib. Ümumilikdə Ziyalılar Formu haqqında nə düşünürsünüz? Sizcə buna ehtiyac var idimi?

- Cəmiyyətdən hamı razı qala bilməz. Kimsə alternativ fikir söyləyirsə, onu atəşə tuturlar. Harada neqativ şeylər varsa, onun eşidilməsi, həlli daha vacibdir. Mən hesab edirəm ki, narazı olanları dövlət daha çox eşitməlidir. Yəni, ziyalıların narazılığı daha çox eşidilməlidir. Onların hakimiyyət iddiası yoxdu. Bu narazılığın səbəbini dövlət görməzdən gələrsə, o zaman ciddi problemlər yaşanılacaq.

- Sizə dəvət gəlsəydi, Ziyalılar Forumunda iştirak edərdinizmi?

Mənim kompleksim yoxdu. Belə tədbirlərdə iştirak etməkdə problem görmürəm. Məncə, dövlətlə ziyalılar forumu arasında dialoq mühiti artıq irəliyə getməlidir. Kimisə düşmən çıxarmadan hamının fikrini dinləməyi bacarmalıyıq. Ziyalılar forumunu hər hansı bir təhlükə kimi görmürəm.

- Ziyalılar Forumundakı çıxışından sonra ADNA-da kafedra müdirliyindən uzaqlaşdırılan Rafiq Əliyevin “ilin media adamı” seçilməsinə münasibətiniz.

- Rafiq Əliyev böyük Azərbaycan ziyalısıdır. Mən həmişə də öz çıxışlarımda bunu təsdiqləmişəm. Onun fəaliyyətilə bağlı mənfi münasibətlər, mənfi fikirlər olsa da, mən onlara haqq qazandırmıram.

- 11 martda bir qrup gənc aksiya planlaşdırır. Sizcə Azərbaycanda dəyişikliklər ola bilərmi?

- Dekabrın 27-də verilən “insan haqları və azadlıqları ilə bağlı fəaliyyətləri yüksək qiymətləndirirəm. Bu gənclərin hüququdur. Buna normal yanaşıram. Cəmiyyətə bəzi narazılıqlar, təzyiqlər olmayanda o köhnə usulla gedir. Ona görə də dəyiyikliklər olmalıdır.

- Fazil müəllim, İranın son dövrlərdə Azərbaycana qarşı təzyiqləri artıb. Sizcə, İran Azərbaycandan nə istəyir?

- İran özü belə addımlar atır ki, Azərbaycan İrana qarşı koalisiyada iştirak etməsin. Azərbaycanı hədələməklə, onu neytral hala gətirmək istəyirlər. İran Ermənistanla görüşüb-öpüşməkdən əl çəksə, Azərbaycanda ona olan münasibət dəyişər, fərqli olar. Amma onlar bunu etmirlər.

- Azərbaycan mediasının bugünkü durumunu necə qiymətləndirirsiz?

- Bu gün mətbuatın durumu yaxşı deyil. Çünki mətbuatımız iqtisadi azadlığa malik deyil. KİV haqqında qanunda fəaliyyətin dayanıqlığı yoxdur. Əgər rəqabət güclü olsa, azad sahibkarlıq medianı irəliyə aparacaq

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR