Fazil Mustafa: 'Deyin ki, parlament saxtadır, qəbul etmirik' - MÜSAHİBƏ

Fazil Mustafa:
Bütün Xəbərlər
17:47 30.10.2012
1437
Millət vəkili, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafanın Gün.Az-a müsahibəsi: - Fazil bəy, son günlər sizinlə üç tanınmış müxalif yazar - Zamin Hacı, Şahvələd Çobanoğlu və Elnur Astanbəyli arasında artıq qarışlıqlı təhqir səviyyəsinə qalxan mətbuat, söz “atışması” gedir. Sizcə, buna ehtiyac var idimi? - Əvvəla qeyd edim ki, Azərbaycan cəmiyyətində müxtəlif fikirlərin təmsilçisi olan insanlar var və buna həmişə ehtiyac duyulur. Odur ki, bu müzakirənin aparılması hətta, zəruridir. Bunu öz yazılarımda da qeyd etdim ki, bu, hansısa köşə yazarları ilə höcətləşmə məsələsi deyil. Bu, müəyyən fərqli siyasət əxlaqlarının dartışması məsələsidir və odur ki, bu məsələyə mən çox normal yanaşıram. Amma burada əsas məsələ Azərbaycan mətbuatında tüğyan edən təhqirin qarşısını almaqdır. Bir çox hallarda bu təhqiri həyata keçirən insanlar anlamırlar ki, bunun sonu ümumiyyətlə, bir mədəniyyətsiz diskussiya mühitinin yaranmasına gətirib çıxaracaq. Hamı hamıya söyüşlə başlasa, artıq bu üslub Azərbaycan cəmiyyətində faydalı fikir mübadiləsini ortadan qaldıracaq və çox təəssüf ki, bir köşə imkanı əldə edən bu şəxslər hamını təhqir etmə yolunu seçirlər. Xüsusilə də siyasətdə, sosial şəbəkələrdə aktiv olan millət vəkillərinə saldırma niyyəti güdürlər. Kimlərsə buna reaksiya vermir. Amma mən, ümumiyyətlə, öz şəxsiyyətimi hər şeydən, deputat mandatından da üstün hesab edirəm. Ona görə də hər hansı bir şəkildə mənə qarşı bu cür addımların atılması yolverilməzdir və mən də burada açığı statusumdan, səlahiyyətlərimdən sui-istifadə edərək hansısa bir addım atmıram. Sadəcə, onların dediyi müstəvidə, dediyi formada onlarla meydana çıxıram ki, buyurun, əgər bu dartışmanı hansı dozada aparmaq istəyirsinizsə, biz də bu dozada aparmağa hazırıq. Amma bu, yanlış bir yoldur və bu yoldan çəkinmək lazımdır. Əslində mənim məqsədim, çalışmam budur, yoxsa, mənim kimliyindən asılı olmayaraq, bütün Azərbaycan insanına normal münasibətim var. Yəni, siyasi münasibətləri insani münasibətlərə qatan insan deyiləm. Amma kimsə xəstələnibsə, “mən siyasi baxışıma görə səndən fərqliyəm və sənə nifrət edirəm” düşüncəsi ilə yanaşırsa, bu nifrəti ortadan qaldırmaq üçün əks tədbirlər görülməsi, məncə, vacibdir.- Səhv etmiriksə, bu yazarlardan ikisi - Ş.Çobanoğlu və E.Astanbəyli vaxtı ilə sizin partiyanın üzvləri olublar. Bu baxımdan, onların birdən-birə sizə qarşı belə bir cəbhə açmasının kökündə nə dayanır? - Bu məsələnin kökündə dediyim kimi, siyasi prosesləri dəqiq anlamamaq məsələsi dayanır. Yəni, mən artıq səninlə bir yerdə olanda, nə deyirsən onu etməyə hazıram, səninlə bir yerdə eyni düşüncəni paylaşıram, başqa bir cinaha keçdinsə, yox, mən səninlə mütləq düşmən olmalıyam... Axı, sənin ağlınla gedəcəkdimsə, onda mən niyə ayrıca bir partiyada fəaliyyət göstərirəm, elə düşərdim sənin arxanca, sənin ağlınla gedərdim də?.. Həm də burada ittihamların, irəli sürülən iddiaların özündə əxlaqi tərəflər çox boşdur. Tutaq ki, tez-tez bizə qarşı iddia səsləndirirlər ki, niyə öz kursunuzu mandata dəyişdiniz və ya, mandatdan niyə imtina etmirsiniz. Axı, mandatdan imtina edən adamı gündə öz qəzetinizdə təhqir edirsiniz. Ona qəhrəman demirsiniz ki? Deməli, bu, sizin üçün bir növ xəstəlikdir. Sizin üçün kimsə mandatdan imtina etdi- etmədi, fərqi yoxdur. İkincisi, əgər belə sevginiz-məhəbbətiniz varsa, onda 1998-ci ildə məni niyə AXCP-dən Rəyasət Heyətinin qərarı ilə çıxarmısınız? Hamınız bir yerdə qərar qəbul etmişiniz ki, mən bu partiyadan çıxarılmalıyam və indi məni AXCP-dən çıxaran adamlar tələb edirlər ki, niyə bizimlə eyni cür düşünmürsən? Siz məni AXCP-dən çıxarmısınız və mən yeni- öz kursumu müəyyən edib Azərbaycan cəmiyyətinə bu yöndə fayda verməyi daha doğru hesab edirəm. Belə bir vəziyyətdə indi məndən nə umursunuz? Hətta, Milli Məclisdə olmayanda, 2003-cü ildə İsa Qəmbərin namizədliyini dəstəkləyəndə belə, yenə də mənə düşmən idiniz. Deməli, sizin düşmənçiliyiniz mənimlə, başqası ilə bağlı deyil. Bu, psixi bir xəstəlikdir və bu xəstəliyi ortadan qaldırmaq lazımdır. Mən hətta ən radikal mövqedə olsam belə, yenə yazacaqsınız ki, yəqin hakimiyyət deyib ki, radikal mövqedən ol. Deməli, siz xəstəsiniz də?! Odur ki, mən bu xəstəliyə qarşı vuruşuram, yoxsa, şəxsi adamlara qarşı mənim hansısa bir qərəzim, nifrətim yoxdur ki?..- Olmazdımı ki, bunu mətbuat səhifələrinə çıxarmadan öz aranızda oturub müzakirə edib, çözəydiniz? - Axı, bunu mən mətbuata çıxarmamışam ki? Mən mətbuatda normal yazı yazmışam, həmin adamların heç birinə də şəxsi mənada təhqir göndərən heç bir söz işlətməmişəm, yazımda da ümumiyyətlə, təhqir işlətməmişəm. İndi mən tamamilə başqa bir siyasi prosesi təhlil edirəm və ya mənə qarşı hansısa iddia sürənlərə cavab verirəm, adamlar durur ortaya düşür və deyir ki, yox, biz səni söyəcəyik, dəxli yoxdur, hansı mövzuda yazırsan-yaz. Bunlar mətbuatda gedir , indi mən neyləməliyəm, məhkəməyə müraciət etməliyəm? Mən axı, mətbuatla hər hansı bir şəkildə qarşıdurmada, insanların müəyyən dərəcədə sıxıntı içində yaşamasında və həbsxanada olmasında maraqlı olan adam deyiləm. Mətbuatı da indiyə qədər məhkəməyə verməmiş adamam. Mən sadəcə, onların mətbuatda təklif etdiyi üslubda məsələyə münasibət bildirirəmsə, burada nə qəbahət var? Mənim başqa hansı yolum var? Başqa yol odur ki, ancaq faktları toplayım məhkəməyə verim. Məhkəməyə verəndə də, yenə qəzetçilər hamısı xahiş-minnətə düşəcəklər ki, bizimlə məhkəmə dilində danışmaq düzgün deyil. Demokratiyadan, mətbuat azadlığından danışırsınız, indi olub da, fikrinizdən vaz keçin və sairə. Belə şey olmaz, axı? Mən tənqidin əleyhinə deyiləm, kim nə tənqid yazır-yazsın, oradan-buradan çıxışlarımı alt-üst etsin, desin ki, bu çıxış antidemokratikdir, bu, düzgün deyil. Amma siz- heç bir mənəvi haqqı çatmayan adamlar mənim niyə şəxsiyyətimə, şəxsi həyatıma yönəlik saldırılar ortaya qoymalısınız? Bunun da cavabı təbii ki, ən sərt formada verilməlidir, veriləcək, burada mənim heç bir tərəddüdüm yoxdur...- Mətbuat “atışması” bu tərzdə, bu tempdə davam edərsə, məhkəməyə müraciət edəcəksinizmi? - Əlbəttə. Son məqam, son instansiya məhkəmədir. Əgər bu doza müəyyən məsələlərə qatılırsa, məhkəməyə müraciət ola bilər. Amma mən şəxsən məsələlərin bu formada getməsinin tərəfdarı deyiləm. Bilirsiniz, cəmiyyətin özündə də bir az fərqli yanaşma var. Cəmiyyətin özündə də məsələyə bir qədər laqeydlik var, sanki hamı problemin özünə yönəlməsini gözləyir ki, özü cavab versin. Məsələn, parlament söyülür, oradan səs çıxmır, mənə nə dəxli? Hər kəs öz şəxsiyyətinə görə, özü cavab verir. Yaxud da, başqasını söyürlər, ümumi, hamıya çata biləcək bir söz atırlar, heç kimdən cavab çıxmır, mənə nə dəxli? Mən öz payıma düşənin, mənə aid olanın cavabını verirəm, qalanlar özləri bilər, kim nəyi isə boynuna götürürsə-götürsün, bu məni maraqlandırmır ki? Amma bütövlükdə mətbuatda bu ənənənin ortadan qaldırılmasını istəyirəm. Onsuz da mətbuat çətinlik, borclar içindədir, problemləri var, amma bu problemləri olan insanlar indi başqalarını niyə özlərinə düşmənə çevirməlidirlər? Niyə insani münasibətləri bu qədər gərginləşdirib, adamları sanki adamyeyən obrazında cəmiyyətinə təqdim etməlidirlər? Bu prosesləri düşmənçiliyə çevirmək olmaz axı? Qəbul etmirsən-etmə, mənimlə bir yolu gedərdin, mənə deyərdin ki, indi səhv getmişik. Amma yarıda hamınız məni atıb getmişiniz, yarıda atıb gedəndən sonra mən özüm qərar vermişəm, öz gücü, öz iradəsi ilə bu gün gəlib Azərbaycan cəmiyyətində öz yerini tutan adamlardan biriyəm. Mən müftəxor deputat deyiləm ki? Mən istənilən fəaliyyət sahəsində-seçicilərə münasibət və sair, hamısında özümə aid olan funksiyanı vicdanla yerinə yetirirəm. Heç bu dartışmaya da girmərəm, sakitcə gedib istirahət edərəm, deyərəm, əşi mənim nə işim var, cəmiyyətə öz fikrimi deyim, filan edim, baş girləməyə nə var ki?! Azərbaycan hamınındır və mən çalışıram ki, burada mənim də baxışlarım olsun, bəlkə mənim baxışlarımda da müsbət bir şeylər var. Mən müsbət nələri deyirəmsə, bir dəfə görmüsünüzmü təqdir etsinlər ki, bunu düz dedi? Bir dəfə deyilmir. Mən hökuməti islahata çağırıram, demokratik dəyişikliklər etməyə dəvət edirəm, mən bu cinahdan qətiyyən, dəstək yoxdur. Bəlkə mənə də dəstək verəsiniz, mən də lazım olan sözləri daha başqa formada deyim... Bunlar yoxdur, ancaq axtarırlar ki, görək hələ nə ilə söyə bilərik. Belə olmaz, bu, yanlış düşüncənin məhsuludur, bu, psixi pozuntu görüntüsü verir. Belə şeyə getmək olmaz.- Fazil bəy, sizinlə məlum yazarlar arasında dartışma Zamin Hacı tərəfindən Milli Məclisin hərəmxana adlandırılmasından başlanıb və indi sizə əks arqument səsləndirirlər ki, əslində YAP-çılar onlara cavab verməlidirlər, çünki, parlament çoxluğu onlara məxsusdur. Yəni, niyə Fazil Mustafa onların yerinə cavab verir? - Orada mənə də birbaşa yönələn bəzi sözlər var idi ki, mən onun cavabını verdim. İkincisi də, Milli Məclisin mənə aid hissəsinə cavab verdim. Belə deyək, bir orduda təmsil olunursan, ordunu bütövlükdə söyürlər, indi başqa əsgərlər laqeyddir, onun mənə nə dəxli? Mən özümə aid olan məsələyə cavab verirəm ki, bu, yanlışdır. Parlamentə hərəmxana demək, nə demək? Parlamentdə hər kəsin məşuqəsi var demək, nə demək? Olmaz, axı?! Bunun qayıdış tərəfi də var, buna getmək olmaz. Deyin ki, parlament saxtadır, qəbul etmirik, onu başa düşdüm, parlamenti tanımıram, onun qərarları xalqın maraqlarına ziddir, bunu qəbul etdim, nə qədər istəyirsən, parlament haqqında tənqid de, amma parlamentə deyəsən ki, bura hərəmxanadır, bu qəbuledilməzdir. Parlamentdə yüzlərlə işçi, insan var ki, bunlar məmurdur, bunların məsələyə nə dəxli var? Deputatların içərisində də kifayət qədər ləyaqətli insanlar var. Nə olar ki, YAP-dan və ya başqa partiyadan olanda? Bu formada demək, siz özünüz də qəbul edərsiniz ki, yolverilməzdir, mətbuatı buna çevirmək olmaz. Sabah həmin söyüş yenə özünüzə qayıda bilər, belə addım olmaz. O baxımdan mən məsələyə reaksiya verdim. İndi kimsə sakitcə, laqeydcəsinə münasibət bəsləyirsə, kimsə nəyisə öz üzərinə götürürsə, bunun mənə dəxli? Mənim buna aidiyyətim yoxdur. Mən özümə aid olan hissədə hər hansı bir təhqirin yolverilməz olduğunu qəbul etdiyimə görə, buna sərt reaksiya verirəm.- “Yeni Müsavat” qəzetində sizin “Cırıq üçlük” yazınız gedəndən sonra sizinlə dartışmaya çıxan yazarlar sözügedən qəzetin baş redaktoru Rauf Arifoğlunu tənqid etdilər ki, niyə o yazını verib, sizin cavab haqqınızı tanıyıb... - Əslində onlar Rauf Arifoğluna minnətdar olmalıdırlar. Minnətdar olmalıdırlar ki, Rauf Arifoğlu qeyri-bərabər bir vəziyyət yaratdı və onlar sanki mətbuatda daha çox təbliğ olunan, dəstəklənən vəziyyətə düşdülər. Halbuki onlar bu qədər dəstəklənməməlidir. Mən özümə yönəlik ittihamları cavablandırmışam, hətta, bunlar - bu cavablar bir qədər kobud da ola bilər, amma onlar mənim atamı təhqir ediblər, onlar mənə aid olmayan məsələləri böhtan olaraq üzərimə gətiriblər. Bundan söhbət gedir və mən də bunun cavabını vermişəm. Cavabı da elə formada vermişəm ki, onların istədiyindən artıq dərəcədə. Çünki bunun başqa cavabı yoxdur. Rauf Arifoğlu isə bu məsələdə əslində öz yazarına birinci dəstək verdi. Mənə cavab haqqı tanınmışdısa və ikinci dəfə öz yazarına yazı imkanı verirsə, mənə də verməliydi. Ancaq “Azadlıq” qəzetində gedən yazını öz səhifəsinə qoymaqla, əslində onlara tam üstünlük verib.
OXŞAR XƏBƏRLƏR