Jalə Həsənli,
Teleaparıcı
Nə deyir Atatürk?
"Ben sporcunun zeki, çevik ve ahlaklısını severim”.
25 illik Fenerbahçe azarkeşiyəm. Qalibiyyətində də, məğlubiyyətində də komandanı sevməkdən imtina etməmişəm. Utanmamışam Fener sevgimdən, amma ilk dəfə ötən gün baş tutan yoldaşlıq oyunundan utandım.
Yoldaşlıq oyunu olması futbolun qaydalarını "yoldaşlıq” səviyyəsinə endirmir. Hakim qırmızı vərəqə göstəribsə, həmin qərar komandalardan birinin narazılığı ilə müzakirə obyektinə çevrilməməli, futbolçuların etirazı ilə də faktiki olaraq dəyişdirilməməlidir.
Daha da narahatedici məqam odur ki, hakim qərarını verdikdən sonra futbolçuların və texniki heyətin etirazı oyunu 7–10 dəqiqə dayandırır və sonda qırmızı vərəqə alan futbolçunun yerinə başqa oyunçu daxil olaraq matç yenidən 11-ə 11 davam edir.
Burada söhbət təkcə bir qırmızı vərəqədən getmir. Söhbət hakimin meydandakı nüfuzundan və qərarının toxunulmazlığından, eyni zamanda futbol əxlaqından gedir. Hakimə etiraz etmək olar, qərarla razılaşmamaq olar, amma qərarı meydanda kollektiv təzyiqlə dəyişdirmək futbolun ruhuna uyğun deyil, peşəkarlıq heç deyil.
Hakimi təqlid etmək isə tərbiyəsizcə bir davranış idi. Mən Fenerbahçeliyəm. Ona görə də bu görüntünü kənardan izləyən biri kimi yox, 25 illik azarkeş kimi deyirəm: Qələbə qədər məğlubiyyətin, ulduz olmaq qədər davranışın da məsuliyyətini daşımaq lazımdır.
Üstəlik, bu hadisə Turan Tovuzla qarşılaşmada baş verir. Adında Turan olan bir klubun qarşısında Fenerin daha fərqli oyun nümayiş etdirməsini gözləyərdim. Təəssüf.
Azarkeş olmaq hər şeyi müdafiə etmək demək deyil. Əksinə, sevdiyin formanı tənqid etməyi də bacarmaqdır!











































