Fərhad Məmmədov: 'Ermənistan 20 il ərzində heç bir böyük layihəni həyata keçirə, Dağlıq Qarabağ əhalisini normal həyat şəraiti ilə təmin edə bilmədi'

Fərhad Məmmədov:
Bütün Xəbərlər
14:00 08.10.2012
1203
2013-cü ildə keçiriləcək növbəti prezident seçkilərinə qədər qalan müddət ərzində Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan cəmiyyətini xarici düşmənlə mübarizə aparmağa səsləyərək, daima populist bəyanatlara əl atmaqla məşğul olacaq. Gün.Az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bəyan edib. Onun sözlərinə görə, Ermənistanda 2013-cü ildə keçiriləcək prezident seçkilərinə hazırlıq mahiyyət etibarilə, artıq 2012-ci ilin may ayında hakim koalisiyanın növbəti siyasi partiyadan məhrum olduğu parlament seçkilərindən sonra başlayıb. “Tək-tənha qalan Respublika partiyası və Serj Sarkisyan vəziyyətlərinin nə qədər bərbad olduğunu başa düşürlər. Və mən belə düşünürəm ki, bu ölkədə prezident seçkilərinə qədər Serj Sarkisyan tərəfindən düşmənə qarşı mübarizəyə səsləyən, daha populist, ölkənin daxili auditoriyasına hesablanan çağırışlar daha da artacaq, çünki Ermənistandakı hal-hazırkı iqtisadi vəziyyət və eləcə də Ermənistan hakimiyyətini heç olmasa müəyyən qədər pozitiv cəhətdən xarakterizə edə biləcək digər göstəricilər heç də yaxşı səviyyədə deyil. Buna görə də, xarici amil və xarici düşmən mövzuları Ermənistan siyasi müzakirələrində daha üstün rola malik olacaq”- deyə, o bildirib. F.Məmmədov Ermənistan siyasi məkanında gündəliyə çıxan məsələlərin həddindən artıq kasad olduğunu da qeyd edib. “Ermənistan bir ölkə kimi 20 il ərzində özünün ən vacib və başlıca öhdəliyini yerinə yetirə bilməyib, daha doğrusu, müstəqil ölkə ola və öz vətəndaşları üçün layiqli həyat şəraiti yarada bilməyib. Yaranmış belə bir bədbin vəziyyətin əsasında Ermənistanın işğalçılıq siyasəti dayanır, çünki məhz bu siyasətin nəticəsində Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan sərhədləri bağlanıb ki, bu da özlüyündə Ermənistan iqtisadiyyatının acınacaqlı vəziyyətə düşməsini labüd hala çevirib” – deyə, o vurğulayıb. SAM direktorunun sözlərinə görə, hər il Ermənistanı 30 mindən artıq adam tərk edib gedir. “Bu gün Ermənistanda dövlət büdcəsinin kəsiri 400 milyon dollardan artıqdır. S.Sarkisyanın saxlancında Ermənistanın inkişafına təkan verə biləcək heç bir ideya və fikir belə qalmayıb ki, bu da bölgə üçün cansıxıcı haldır. Azərbaycan və Türkiyə regional layihələrin əksəriyyətini həyata keçirməyə nail olsalar da, Ermənistan hələ də keçmişlə yaşayaraq, quyruqda sürünməyə davam edir. Ermənistan rəhbərliyinin gələcəyə dair baxışları mövcud deyil” – deyə, F.Məmmədov bildirib. Bundan əlavə, Ermənistan hakimiyyətinin heç xarici siyasət prioritetləri də yoxdur. “Ermənistan daha bundan sonra Avropaya inteqrasiya ilə Rusiya arasında tarazlığı qoruyub-saxlaya bilməyəcək. Bu seçkilərdə sözügedən məsələyə son qoyulacaq- ya Ermənistan Avrasiya İttifaqına daxil olacaq, ya da bu ideyadan əl çəkəcək və bunu rəsmi şəkildə bəyan etməli olacaq”- o vurğulayıb. Ermənistanda yaranan ictimai-siyasi vəziyyətə gəldikdə isə, F.Məmmədovun sözlərinə görə, son parlament seçkiləri onu göstərdi ki, Ermənistanda yaranan çətin iqtisadi vəziyyət seçiciləri pul müqabilində öz səslərini satmağa sövq edir. “Məhz bu səbəbdən hakimiyyət parlament seçkilərində kifayət qədər səs topladı. Yaranmış vəziyyətin kökündə erməni müxalifətinin parçalanmış olması dayanır. Müxalifət düşərgəsində ölkədəki vəziyyəti dəyişə biləcək aşkar favorit yoxdur. Ermənistandakı vəziyyətə istənilən hərəkatı boğmağa həmişə hazır olan Qarabağ generalları nəzarət edir ki, 2008-ci il martın 1-dəki aksiyanın 10 nəfərin ölümü ilə müşayiət olunmuş yatırılması bundan xəbər verir” – deyə, SAM-ın rəhbəri qeyd edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan F.Məmmədov münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində dinc nizamlanmasının Dağlıq Qarabağın inkişafına gətirəcəyini bildirib. “Azərbaycanın Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ regionuna gəldikdə isə, son 2 ildə orada ümumiyyətlə pasportlar verilmir, çünki Dağlıq Qarabağın sakinləri Ermənistan vətəndaşının pasportunu götürərək, Ermənistanın digər ölkələrlə sərhədini keçə bilərlər. Sovet illərində Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində muxtar statusa malik idi. Orada yaşayan ermənilərin böyük hüquqları var idi. Dağlıq Qarabağdakı iqtisadi vəziyyət Naxçıvan Muxtar Respublikasından yaxşı idi. Ermənistanın Azərbaycan torpaqlarının işğalına başladığı tarixdən keçən dövr ərzində region öz tələbatını ödəyə bilmədi. Ermənistan 20 il ərzində heç bir böyük layihəni həyata keçirə, Dağlıq Qarabağ əhalisini normal həyat şəraiti ilə təmin edə bilmədi. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunun büdcəsi təxminən 120-130 milyon dollar təşkil edir və bu vəsaitin böyük bir hissəsi Ermənistandan daxil olur” – deyə, F.Məmmədov bildirib. Onun sözlərinə görə, İrəvan rəhbərliyinin işğalçı siyasətdən imtinası, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad olunması təkcə Azərbaycanın Dağlıq Qarabağ regionunun inkişafına deyil, həm də Ermənistanın özünün iqtisadiyyatının artımına gətirə bilər. “Öz ərazisində münaqişə yaşayan Azərbaycan bütün regional layihələri həyata keçirib. Yəni, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycana təzyiq rıçaqı olduğunu demək qeyri-mümkündür. Bizim neft kəmərimiz, qaz kəmərimiz var, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən dəmir yolu çəkilir. Biz digər ölkələrdə böyük layihələr həyata keçiririk. Azərbaycanın valyuta ehtiyatları 40 milyard dollardan çoxdur və yaxın 15-20 ildə 150-170 milyard dollar vəsaitin daxil olacağını gözləyirik” – deyə, o qeyd edib. F.Məmmədov vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində daha çox üstünlüklər və yüksək muxtariyyət statusu əldə edə bilər. “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas elementləri Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni əhalisinin fiziki təhlükəsizliyi və siyasi hüquqlarının, iqtisadi inkişaf və mədəni hüquqların təmin olunmasıdır” – deyə, o bildirib. Onun sözlərinə görə, münaqişənin nizamlanması Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan sərhədinin açılmasına səbəb olacaq ki, bu da öz növbəsində 3-5 il ərzində Ermənistan iqtisadiyyatının 20 faizlik artımına gətirəcək. “Ermənistan dənizə çıxış əldə edəcək, malların qiyməti azalacaq.
OXŞAR XƏBƏRLƏR