Fərid Şahbazlı: 'Artıq uzun müddətdir ki, bu adamlar 3 milyonluq Azərbaycan gəncliyi adından bəyanatlar verərək...'

Fərid Şahbazlı:
Bütün Xəbərlər
00:09 17.03.2012
1606

“Sabah Azərbaycanda müxalifət adına iddia edən bir qrup radikal partiyaların yedəyindəki gənclər təşkilatlarının keçirəcəyi mitinqi də bundan əvvəlki aksiyaların acı və uğursuz taleyi gözləyir”.

Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı sabah bir qrup gəncin mitinq keçirməsinə münasibət bildirərkən deyib. F.Şahbazlı qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin gənclərin aksiyasına razılıq verməsi ölkədə demokratik prinsiplərin hakim mövqedə olduğuna işarə olmaqla yanaşı, müxalifətin iqtidarın sərbəst toplaşma azadlığını məhdudlaşdırmağa çalışdığı haqqında uydurmalarını da alt-üst etdi: “Amma bütün hallarda bu aksiyadan ciddi nəticələr gözləmirəm. Çünki, istənilən aksiyanın uğurlu alınması onun ideoloji-siyasi əsaslarının nə qədər möhkəm və reallıqla uzlaşması faktoruna bağlıdır. Bu mənada, aksiya təşkilatçılarının tələblərinin ölkədəki gerçək reallıqla yaxından-uzaqdan heç bir uyğunluğu yoxdur. Azərbaycan demokratik və hüquqi əsaslarla idarə olunan və inkişaf edən respublikadır. Bu baxımdan əlbəttə ki, reallıq və məntiq hissini saxlayan heç kəs müxalifətçiliyə iddia edən qüvvələrin bu sayaq fəaliyyətinə özünün mövcudluğunu hiss etdirmək və xırda maddi maraqlarını təmin etməkdən başqa ad qoya bilməz”

Fərid Şahbazlının sözlərinə görə, sabahkı aksiya eyni zamanda uzun müddətdir ölkə gəncliyi adından çıxışlar edib, iddialar səsləndirən radikal qrupların real gücünü ortaya qoyacaq: “Artıq uzun müddətdir ki, bu adamlar 3 milyonluq Azərbaycan gəncliyi adından bəyanatlar verərək, gənclərin iqtidardan narazı olması haqqında iddalar səsləndirirlər. Sabah bu iddiaların nə qədər həqiqət olması faktı da üzə çıxacaq. Hamı kimi, mən də gözləyirəm ki, sabahkı aksiyaya 3 milyonluq gəncliyimizin neçə faizi qatılacaq?”.

“İslahatçı Gənclər” İB-nin sədri sonda Azərbaycan gəncliyi arasında qarşıdurma və radikalizm meylləri yaratmağa çalışan qüvvələrə xəbərdarlıq etdi: “Azərbaycan gəncliyi tarixin bütün mərhələlərində ölkəsini, millətini şəxsi ehtiyaclarına qurban verənlərin deyil, dövlətinin və dövlətçiliyinə sahib çıxanların yanında olub. Və heç kəs unutmasın ki, gəncliyimiz yenə də dövlətçiliyimizə təhlükə törədən hər kəsi heç nəyə baxmadan tarixin arxivinə göndərmək haqqını və gücünü hələ də özündə saxlayır…”

OXŞAR XƏBƏRLƏR