"İslahatçı Gənclər" İctimai Birliyinin sədri, Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlı Qaynar.info-ya müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Fərid bəy, son günlər sosial şəbəkələrdəki aktivliyindən hiss olunur ki, seçkilərlə bağlı ciddi narahatçılığın var? Seçki ilə bağlı vəziyyət necədir və əslində necə olmalıdır?
- Seçki ilə bağlı proseslər məntiqi olaraq necə getməlidirsə, elə də cərəyan edir. Proseslərin gedişində hansısa surpriz hadisəyə ümid etmək yersizdir. Gerçəklik ondan ibarətdir ki, seçki mübarizəsinin bir tərəfində güclü, monolit komanda rəhbərlik edən, xalqın bütün təbəqələrindən olan insanların dəstəyini qazanan İlham Əliyev, digər tərəfində isə dağınıq, heç bir seçki platforması olmayan, seçkilərə sayılı günlər qalarkən hələ də vahid namizəd davası aparan, ümidini xalqa deyil, ayrı-ayrı xarici dairələrə bağlayan və ən əsası bir-birinə patoloji nifrəti olan insanların birləşdiyi Milli Şura adlı qurum dayanır. Mənzərə kifayət qədər aydın olduğu üçün, hesab edirəm ki, hər hansı narahatçılıqdan söhbət gedə bilməz. Sosial şəbəkələrdəki aktivliyimə gəldikdə isə deyim ki, bu mövsümi bir aktivlik deyil, həmişəki halımdır. Bunu görmək üçün bir az diqqətli olmanız yetərdi.
- Amma siz də diqqətli olsaydınız, görərdiniz ki, Milli Şura vahid namizədini elan etdi və artıq aktiv fəaliyyətə başlayıb...
- Hansı aktiv fəaliyyətdən söhbət gedə bilər. Özlərinə rəqib kimi göstərdikləri İlham Əliyev 3 gün çəkmədi ki, namizədlik üçün gərək 40 mindən artıq imzanı toplayıb MSK-ya təqdim etdi, artıq namizədliyi də rəsmən təsdiq olunub. Bu adamların isə işi bu qədər hay-küydən sonra nəhayət ki, seçdikləri vahid namizəd məsələsi ətrafında qırğın-dava aparmaqdan o yana keçmir. Zatən, iqtidar təmsilçilərinin hansısa açıqlamalarına ehtiyac qalmayıb, elə müxalifətçilərin özləri Cəmil Həsənlinin vahid namizəd kimi uğursuz seçim olduğunu, onu heç cürə siyasətçi qiyafəsində görə bilmədiklərini sosial şəbəkələrdə gen-bol dartışırlar. Partiya funksionerlərinin "Milli Şuranı bizim partiya xilas etdi", "Biz partiya olmasaydı Cəmil Həsənli vahid namizəd ola bilməzdi" janrında açıqlamarı növbəyə düzülüb. Daha bunun harası vahid namizəd oldu?! Hesab edirəm ki, Cəmil Həsənlinin namizədliyi sadəcə formal xarakter daşıyan bir addım idi.
- Milli Şuradan başqa daha bir neçə siyasi partiya rəhbəri namizədliyini irəli sürüb. Amma onlara qarşı bu qədər aqressiv deylsiniz...
- Çünki onlar konkret seçki fəaliyyəti ilə məşğul olurlar, daha hakimiyyətə müxalifətçiliklə dövlətə müxalifətçiliyi səhv salmırlar. Tək səbəb budur.
- Siz hakimiyyət təmsilçisisiniz? Axı bu gün hakimiyyətdə təmsil olunan, mandat alan, daha böyük maddi imkana sahib şəxslər var. Onlar belə proseslərə sizin kimi reaksiya vermirlər. O zaman sizə nə düşüb?
- Mən hakimiyyətdə təmsil olunmuram. Amma gerçəklikləri dilə gətirmək, təmsilçisi olduğun xalqın üzərində oynanılmağa çalışılan təhlükəli ekspermentlərdən narahatçılığını dilə gətirmək vəzifə, mandat, maşın deyil, vicdan məsələsidir. Mən vicdanımın diqtəsi ilə hərəkət edirəm. Kimin nəyi var, sağlıqlarına qismət. Heç kimin heç nəyində gözüm yoxdur. Hesab edirəm ki, kim nə əldə edibsə, onun haqqıdır. Digər tərəfdən bu hakimiyyətin xalqdan savayı, konkret olaraq hansısa fərdlərin, təşkilatların dəstəyinə, müdafiəsinə ehtiyacı yoxdur. Bu hakimiyyətin müdafiəçisi elə onun özü, reallaşdırdığı əməli işlərdir. Amma bir şeyi də unutmaq olmaz: Ehtiyac yarananda eyni cəbhədə mübarizə apardığın, sənə etimad göstərən, hesabına həyatını təmin etdiyin qüvvəni müdafiə etmək, ən əsası isə sadə gerçəklikləri dilə gətirmək siyasi etikadan, prinsiplərə sadiqlikdən əvvəl, bir kişilik gərəyidir!
- Belə çxır ki, özünüzü hamından vicdanlı hesab edirsiniz...
- Xeyr, qətiyyən bu düşüncədə deyiləm. Tanıdığım və vicdanına əmin olduğum yüzlərlə insan var. Mən sadəcə daha çox insanın vicdanlı olmasını arzu edirəm.
- Bəs bir media işçisi olaraq insanların pozulmuş hüquqları, üzləşdikləri problemlərdən niyə danışmırsınız? Yoxsa sizdə də məmurlaşma gedir... Bu gün elə məmurlar var ki, sadə vətəndaşların hüquqlarını pozurlar, onlara müxtəlif yollarla bürokratik əngəllər yaradırlar.
- Biz insan hüquqlarından da, mövcud olan müəyyən problemlərdən də yaxşı xəbərdarıq və zaman-zaman bu mövzulara toxunuruq. Sadəcə başqaları kimi mətbu demoqoqgiya ilə məşğul olmadığımızdan yəqin diqqət çəkmirik. Təbii ki, belə hallar yolverilməzdir və pislənilməlidir.
- Bu gün ölkələrdə belə bir ənənə formalaşıb ki, bir çoxları "lider xəstəliyi"nə tutulub. Hərə sanki öz liderini başqasından qorumağa çalışır, kimisi yarınmaq istəyir, kimisi maraq güdür. Bunu müxalifətdə olanlara da aid emək olar, iqtidarada olanlara da. Maraq demişkən, siz güdmürsünüz?
- Mənim marağım Azərbaycanın bütün istiqamətlər üzrə inkişafından, dünya dövlətləri arasında nüfuz sahibi olmasından, insanların özlərini realizə edə bilməsi gərək şəraitin yaradılmasından ibarətdir. Bu, əslində, təkcə mənim deyil, ölkəsini, millətini sevən hər kəsin marağıdır və ya olmalıdır. Heç şübhəsiz ki, mövcud iqtidar xalqımızın bu maraqlarını ən yüksək səviyyədə təmin edir.
- Fikirlərinizdən belə anlaşılır ki, ölkədə müxalifət olmamalıdır...
- Müxalifət bütün demokratik cəmiyyətlərin əsas simvoludur. Müxalifətin mövcudluğu ölkənin inkişafını şərtləndirən mühüm amillərdəndir. Amma bu o demək deyil ki, müxalifət öz funksional vəzifələrinin öhdəsindən gələ bilmirsə, uğursuz gedişləri ilə öz etimad limitini tükədibsə, bunda hakimiyyət günahkardır? Bəlkə, iqtidar kimlərəsə xoş gəlsin deyə, bütün iş-gücünü atıb, müxalifəti gücləndirməklə məşğul olsun!?
- Seçkinin nəticələrini necə dəyərləndirirsiniz?
- Proseslərin gedişi seçkiləri nəticələri ilə bağlı real mənzərini ortaya qoyub. Əslində seçkilərin nəticələrini bəlirləyəcək şərtlər Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 10 il ərzində formalaşıb. Onun hakimiyyətdə olduğu illər ərzində ən müxtəlif istiqamətlər üzrə konkret nəticələrə hesablanan islahatlar reallaşdırılıb, elə bir sahə yoxdur ki, diqqətdən kənarda qalsın. Bu mənada düşünürəm ki, Cənab Prezidentin seçki öncəsi xüsusi təbliğat kampaniyasına ehtiyacı yoxdur. Azərbaycanda azad və demokratik seçkilər keçiriləcək və bu seçkilərin qalibi Prezident İlham Əliyev olacaq.
- Amma hələ seçkiyə bir aydan da çox vaxt qalır...
- Belə bir ifadə var ki, ümid həmişə sonda ölür. Amma bəzən, ümid elə ölü doğulur. İndi seçkilərə 1 ay qalmış kimlərsə hansısa sürprizlərə ümid edirlərsə yanılırlar. Dediyim kimi, qələbəni şərtləndirən amillər illər ərzində formalaşır. Hansısa mövsümi seçki kampaniyaları ilə bu etimadı formalaşdırmaq mümkün deyil. Azərbaycanın növbəti Prezidentinin yenə İlham Əliyev olacağını bilmək üçün xüsusi istedad tələb olunmur. Bu bir sadə gerçəklikdir. İndi prezidentliyə iddia edənlər illərdir xalqın etimadıdan sui-istifadə etməklə məşğul olanda, İlham Əliyev ən çətin şərtlər altında bu ölkənin inkişafı üçün əmək sərf edirdi.
- Uğurlar, Fərid bəy.
- Maraqlı müsahibə üçün təşəkkürlər!