Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən fevral ayında dövlət sərhədini pozan 39 nəfər saxlanılıb.
Bu barədə AZXEBER.COM-a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.
Saxlanılanlardan 11 nəfəri Suriya, 7 nəfəri Azərbaycan, 7 nəfəri Nigeriya, 6 nəfəri Özbəkistan, 4 nəfəri İran, 2 nəfəri Moldova, 1 nəfəri Gürcüstan və 1 nəfəri Türkiyə vətəndaşı olub. Sərhəd rejim qaydalarını pozarkən Xəzər dənizində 14 halda 17 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 183 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 halda 37 kiloqram 299 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Fevral ayının 13-də “Şirvanovka” sərhəd nəzarəti məntəqəsində Azərbaycandan Rusiyaya keçən Rusiya vətəndaşı, 1967-ci il təvəllüdlü Qasımova Zuxra Kamalovnanın üzərinə baxış keçirilərkən sinəsində gizlətdiyi 218 qram tiryək və 3 qram metanfetamin adlı dərman preparatı, "Biləsuvar" sərhəd nəzarəti məntəqəsində İrandan Azərbaycana keçərkən Şəmkir rayon sakini, 1986-cı il təvəllüdlü Hüseynova Xəyalə Hüseyn qızının bədənində gizlətdiyi 180 qram heroin aşkar olunaraq götürülüb.
Fevralın 14-də Biləsuvar rayonunun Biləsuvar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər İran vətəndaşı - 1987-ci il təvəllüdlü Şəmsəddin Cavanşir İltifat və 1981-ci il təvəllüdlü Şahimüqəddəm Həsən 7 kiloqram tiryək, 350 qram heroin, 3270 qram marixuana ilə saxlanılıblar.
Fevralın 15-də İrandan Azərbaycana keçərkən “Astara” sərhəd nəzarəti məntəqəsində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Quliyev Sərxan Əvəz oğlunun üzərinə baxış keçirilərkən ayaqqabısının içərisindən 215 qram həşiş, 30 qram tiryək, 5 qram heroin və 6 qram metanfetamin adlı dərman preparatı aşkar olunaraq götürülüb.
Fevralın 21-də Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Bərdə rayon sakini, 1983-cü il təvəllüdlü Abdullayev Eyvaz Mahir oğlu 20,7 kiloqram həşiş qətranı və 50 qram kristal formada olan narkotik tərkibli maddə ilə saxlanılıb. Fevral ayının 22-də Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində “Opel-Astra” markalı avtomaşına baxış zamanı Bərdə rayon sakinləri, 1981-ci il təvəllüdlü Məmmədov Ruslan Şahmar oğlu və 1976-cı il təvəllüdlü Məmmədov Qaçay Vaqif oğlunun hərəkət etdikləri avtomobildə 3,2 kiloqram marixuana, 840 qram tiryək, 1 kiloqram həşiş qətranı, "Biləsuvar" sərhəd nəzarəti məntəqəsində İrandan Azərbaycana keçərkən Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü İsmayılova Esmira Xəlil qızının bədənində gizlətdiyi 163 qram heroin aşkar olunaraq götürülüb.
DSX tərəfindən ötən ay həmçinin 59 halda ümumi dəyəri təqribən 599 min manatdan çox olan qaçaqmal, o cümlədən 3 ədəd pnevmatik tapança və pnevmatik tapança üçün 475 ədəd patron, 1 ədəd qaz tapançası və qaz tapançası üçün 2 ədəd qaz balonu, 1 ədəd gecəgörmə cihazı, 140 ədəd mobil telefon, 2593 qutu siqaret, 5478 ədəd pirotexniki vasitə, müxtəlif növ dərman preparatları, spirtli içki, sənaye və ərzaq malları saxlanılıb.